Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsinin açılış tədbiri keçirilmişdir

12/10/2022

11 oktyabr 2022-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi“ layihəsinin açılış tədbiri keçirilmişdir. Layihə “IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı Komissiyası arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir.

Açılış tədbirində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri xanım Dr. Ülkər Səttarova təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı haqqında məlumat verdi.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Layihə meneceri cənab Rza Zülfüqarzadə öz nitqində Avropa İttifaqının Azərbaycanda təhsil sahəsinə göstərdiyi dəstək haqqında ətraflı məlumat təqdim etdi.

Layihənin komanda rəhbəri İlkin Nəzərov layihənin məqsəd və fəaliyyətləri haqqında məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Layihənin baş ekspertləri Achim Hopbach, Graeme Pollock və Patrick Werquin akkreditasiya, keyfiyyət təminatı və əvvəlki öyrənmənin tanınması üzrə beynəlxalq təcrübədə institusional potensialın gücləndirilməsi haqqında ətraflı məlumat təqdimat etdilər.

Qeyd edilib ki, layihə dövründə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və TKTA-nın potensialının gücləndirilməsi, TKTA-nın ENQA-nın (Avropa Keyfiyyət Təminatı Assosiasiyası) tam üzvlüyünə müraciət etməsi üçün dəstəklənməsi, onun kommunikasiya funksiyasının təkmilləşdirilməsi, tədqiqat və analitik potensialının gücləndirilməsinin həyata keçirilməsi gözlənilir.