Skip to main content

Öyrənmək heç zaman gec deyil!

04/09/2020

53 yaşlı Kəmalə Umaxanova Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Balakən rayonunda yaşayır və həmin rayonda tarix fənnini tədris edir. Toxuculuq, rəssamlıq sahələrinə həvəsi olan Kəmalənin xalçaçılıq sənətini öyrənib bu sahədə öz biznesini qurmaq hər zaman arzusu olub. Lakin onun maddi imkanının yetməzliyi bu sənətə dərindən yiyələnməyə, öz arzusunu həyata keçirməyə mane olub.

İki övladı olan Kəmalə, ailəsinin maddi şəraitini daha da yaxşılaşdırmaq məqsədilə əlavə məşğuliyyət üçün regional “ABAD” mərkəzinə müraciət edir. O, bir müddətdən sonra Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi layihə çərçivəsində “ABAD” mərkəzində keçirilən tədbirə dəvət alır və layihənin həyata keçirəcəyi fəaliyyətlər barədə məlumat əldə edir.

İlk öncə öz biznesini qura biləcəyinə inanmayan Kəmalə xalçaçılıq qrupuna yazılaraq layihə çərçivəsində təşkil edilən iki mərhələli təlimlərə qatılır. Birinci mərhələdə sahibkarlıq, maliyyə savadlılığı, qanunvericilik, vergi və digər mövzularda Balakəndə keçirilən 13 günlük, daha sonra isə xalçaçılıqla bağlı texniki biliklərə dair 10 günlük intensiv təlimlərdə iştirak edir.

“Xalça muzeyinin mütəxəssisləri təlimlər keçərək bizə xalça toxuma sənətinin incəliklərini öyrətdilər. Əvvəllər xalça toxumaqla bağlı heç bir anlayışım yox idi, lakin bu təlimlərdən sonra sərbəst şəkildə xalça toxumağı öyrəndim”.

Layihə tərəfindən zəruri avadanlıqlarla təmin edilən Kəmalənin toxuduğu bir neçə xalça Balakən regional “ABAD” mərkəzində təşkil edilən sərgilərdə də nümayiş etdirilib. Bu sərgilərdə onun hazırladığı dekorativ əşyalar da nümayiş olunaraq satılıb və bununla da o, təxminən ayda 300 manat əlavə gəlir əldə edə bilib. Xüsusi karantin rejiminin tətbiqindən əvvəl Kəmalənin əl işləri Bakı və Şəkidə fəaliyyət göstərən “ABAD” etno-mağazalarında da satılırdı. Karantin rejimi qurtardıqdan sonra onun satışdan əldə edəcəyi gəlirin 400-500 manata qədər artacağı gözlənilir.  

Kəmalə çalışdığı məktəbin sənətkarlıq mərkəzində də bu sahəyə marağı olan şagirdlərə toxuculuğun sirlərini öyrədir və beləliklə, xalçaçılıq sənətininin regionda inkişafına dəstək olur.  Ev şəraitində imkanlar məhdud olduğu üçün hazırda onun iki tələbəsi var.

Kəmalənin digər bir arzusu isə tezliklə Balakəndə xalçaçılıq mərkəzinin fəaliyyətə başlamasıdır. O, digər həmkarları ilə birgə bu mərkəzdə xalça toxumanın incəliklərinə daha dərindən yiyələnmək istəyən bir çox insan üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edir.

LAYİHƏ HAQQINDA MƏLUMAT

Layihənin adı Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək
Prioritet sektor Regionların və kənd yerlərinin inkişafı
İcra edən tərəf Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı
Benefisiar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs
İcra müddəti 36 ay (01.12.2017 – 01.12.2020)
Avropa İttifaqının büdcəsi 820 000 Avro
Layihənin əsas məqsədi Layihənin əsas məqsədi, bərabər imkanları və inklüzivliyi təşviq edən Avropa standartları və təcrübəsinə uyğun olaraq, müasir və dayanıqlı ailə bizneslərinin qurulmasına şərait yaratmaqla Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına töhfə verməkdir. Layihə yüksək kefiyyətli, rəqabətədavamlı əlavə dəyərli məhsullar istehsalı üçün icma əsaslı ailə bizneslərinə dəstək verir.
Layihənin icra edildiyi regionlar Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki)