İlhamə Musayevanın ilham və sevgi dolu hekayəsi
Bir mövsümdə 1200 banka xiyar, 1800 banka acika, sutkada bir saat yuxu, bir saatda 40 pirojki. Səhər saat 4-dən axşam saat 6-ya kimi bir dəqiqəsi boş olmayan iş rejimi… Bir fındıq ləpəsinin 6 seçimi… Kəndin yolları, aqroturizmin imkanları və Günelin gələcəyi…
Zaqatala rayonu Kebeloba kənd sakini, Avropa İttifaqının “Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsinin benefisiarı İlhamə Musayeva rastına çıxan yaxşı insanlardan, bacarıqlarını gəlişdirməsindən, aqroturizmə bəslədiyi ümidlərdən və gələn yay üçün planlarını necə gerəçəkləşdirəcəyindən danışır.
İlhaməyə zəng etmək istyəyəndə axşam saat ona qalırdı. Özlüyümdə gec deyil ki, deyə fikirləşdim. Biz-birimizə şirin yuxu arzulayanda isə saat 12-ə işləyirdi. 4 saatdan sonra İlhamə yuxudan durmalı, ocağın qırağına keçməli idi.
Allah özü işimizi düz gətirmişdi. Sən demə, İlhamənin sutkalıq iş qrafikinin ən boş vaxtında zəng etmişəm – axşam saat 10 ilə 12 arası. Saat ona qədər o, 200 pirojkinin xəmirini yoğurub, kartofunu bişirib soyumağa qoyumuşdu.
Sevgiylə yoğrulan xəmir..
Səhər saat 4-dən 8-ə kimi pirojkiləri bişərəcəyəm. Sonra Günellə birlikdə şəhərə gedəcəyik. Pirojkiləri satışa verəcəyəm, yolüstü Güneli məktəbə qoyacağam. Saat 9-da fındıq sexində işdə olmalıyam. Axşam saat 6-da idən çıxanda Güneli gətirib evə gələcəyəm. Sonra yenə də xəmir yoğurub, kartof bişirəcəyəm. Pirojki bişirməyə bu payız başladım. Əvvəllər pirojkilərim bərk çıxırdı. Bu dəfə işə başlanda bu işlə məşğul olan bir tanışımla danışdım. Onun mənə məsləhəti bilirsənmi nə oldu? Dedi ki, İlhamə, sən xəmiri yoğuranda ürəyində bir qırıq belə şübhə olmasın ki, birdən xəmirin bərk bərk çıxar. Sevgi ilə yoğur, işini sevə-sevə gör. Mən də belə edirəm. İnanmazsınız, pirojkilər pambıq kimi çıxır, kartofunu da bol edirəm. Pirojkilərin müştərisi artır. Mən də işin yolunu tapmışam. Əvvəl kartofu bazardan 1 man. 20 qəpiyə alırdım. İndi bir kənddən, eyni adamdan alıram, kilosu 45 qəpiyə. Onunla danışmışam ki, mənim üçün kartofu o əksin, məhsulun hamısını özüm alacağaçam. Çünki iki işdən birini seçmək istəyirəm. Pirojki bisnesi yaxşı getsə, fındıq sexindən ayırlacağam. Həm çox yoruluram, həm də gücü bir yerə qoysam, yaxşı olar. Fındıq sexində iş asan deyil. Günün sonuna fındıqları seçməkdən gözlərim qaralır. Fındıqları 6 yerə ayırırıq: xırda, çürük, buta şəkilli, yarımçıq, vurğun, qırıq… Sexdə günəmuzd işləyirəm, gününə 11 manat. Pirojkinin birindən isə qazancım 7 qəpikdir. Günlük toplam qazancım 25 manat olur. Bu, az pul deyil, Allah min bərəkət versin. Günlük sifarişimi 200-ə çatdırsam, onda bu yay üçün planlarımı gerçəkləşdirəcəyəm.
Əvvəl saat 6-da yuxudan dururdum. Görəndə ki, sifarış artır, 4-də durmağa başladım. O gün iş çox idi, gördüm ki, bir saat 40 pirojki qızarda bilmirəm. Güneli yuxudan durquzdum ki, mənə kömək etsin. Ac qalan çox yatmağın hesabına acdır. Mən heç vaxt işdən qorxmamışam.
Kebelobalı gəlin
Məktəbdə yaxşı oxusam da, imkansızlıq üzündən təhsilimi davan etdirə bilmədim. Amma hər zaman diribaş olmuşam. Görünür, bu mənə genlə keçib. Anam rayon sovetinin deputatı olub, ferma müdiri işləyib. Babalarım qoçaq, işli-güclü insanlar olublar. Atamı tez itirdiyim üçün hər zaman, anama kömək etmişəm. Mən Kebelobaya 28 yaşında gəlin gəlmişəm. Əvvəllər həyat yoldaşımın biznesi vardı, yaxşı pul qazanırdı. Mənə işləməyə icazə vermirdi, onun analarını erkən itirmiş övladlarına öz balam kimi baxırdım. Amma günlərin birində qazancımız kəsildi, Çingiz bundan çox fikir edirdi. Onda mən ailəmə kömək etmək üçün toxumağa başladım. O vaxt hələ Günel də anadan olmamışdı. O zaman toxumağa başladım ki, evə pul gətirə bilim. Sonra Günel anadan oldu. Uzun-uzadı müalicələr də bizdə pul qoymamışdı. Çətinliklə dolanırdıq. Günlərin birində, 4 yaşında Günel xəstələndi. Əlimdə 60 manatlıq resept aptekin qarşısında durub nə edəcəyimi bilmirdim. Aptekçiyə dedim ki, yoldaşım onsuz da əlindən gələni edir, mən ona resepti göstərmək istəmirəm, bu pulu özüm qazanmaq istəyirəm. Onda o, mənim turşu tutub-tutmadığımı soruşdu. Dedi ki, əgər bacarıramsa, onun qızının toyu üçün turşuları bağlayım. 5 banka xiyar turşusu bağladım, o isə mənə çatmayan 25 manatı verib dedi ki, bunu sənə uğur üçün verirəm. Doğrudan da, toy heç qurtarmamışdı ki, sifarişlər gəlməyə başladı. Yoldaşım yenə də mənim pul qazanmağı istəmirdi. Bu, onun çox pisinə gəlirdi. Ona dedim ki, bizim yaşımızın üstünə yaş gəlir, kim qabağa düşüb bu dünyadan köçəcək, bilmirəm. Amma biz Güneli dünyada bir boş yeri doldurmaq üçün gətirməmişik. Ona normal təhsil verməliyik. İstəyirəm ki, sən də bir rahatlıq tapasan. Mənim sənə hakimiyyət elan edəsi halım yoxdur. Müştərilərin ancaq xanımları ilə danışacağam… Cingiz mənim niyyətimi anladı, razılaşdı.
Biz bir-birimiz çox sevirdik. O, çox gözəl insan idi. O rəhmətə gedənə kimi belə dolandıq.
Dağa qaldıran oho…
Çingiz rəhmətə gedəndən sonra heç nə etmirdim. Məni həyata bağlayan bağlar qırılmışdı. Özümü tənha, kimsəsiz hiss edirdim. Mənə kömək edəcək bir kimsə yox id. Tamam çökmüşdüm, əlim şişmiş, keyləşmişdi, evdən çıxa bilmirdim. Günlərin birində tanış bir qadın məni gördü. “İlhamə, sən özünü niyə belə buraxmısan”,- dedi. “Sən özündə güc toplamısan, ayağa qalxmalısan. Bundan betəri ola bilərdi. Qızını böyütməlisən. Demə ki, gücüm yoxdur. Ayağa dur, de ki, gücüm var, Allahdan güc istə, iş istə. De ki, mən tək özümə yox, insanlara da kömək edəcəyəm”. Onun sözləri elə bil məni oyatdı. Düz bir həftənin içində ayağa qalxdım, özüm-özümə hər gün səhər güzgünün qarşısında deyirdim ki, İlhamə, sən güclüsən, sən bacaraqsan, sən bu uşağı özün böyütməlisən, onu kiməsə qoyub gedə bilməzsən. İnanmazsınız, ayağa qalxa bildim, şiş də çəkildi, keylik də. Əvvəlki halımdan heç bir əsər-əlamət qalmamışdı. Həmin il 1200 banka xiyar, 1800 banka acika bağladım. Sutkada 1 saat yatırdım. Bundan sonra müştərilərim sayı daha da artdı. Altı aya 16 min manat qazandım. Yoldaşımla başladığım yarımçıq qalmış evimin içini 6 aya təmir edib qurtardım. Balarım ailə qurdular.
Allah 6 ayda rastıma o qədər yaxşı insan çıxartdı ki. Elə o vaxt Səadət Dibirova ilə tanış oldum, Avropa İttifaqının layihəsinə də onda qoşuldum. Səaədətlə biz bir-birimizi tamamlayırıq. O, mənə təkan verir, mən də irəli gedirəm. Deyir ki, oho var dağa qaldırar, oho var dağdan endirər. Mən bunu öz həyatım da gördüm. İnsanın düşüncələri, niyyəti əsasdır. Nə düşünürsə, o da rastına çıxır.
İş qadını
Bu il biznesimin istiqamətini bir az dəyişdim. Avropa İttifaqının layihəsinə qoşulub, aqroturizmlə məşğul olmağa başladım. Üç təlimə qatıldım, sertifikat aldım. Layihə mənim evimi tam bəzədi. 10 min manatlıq bazarlıq etdik – televizor, kondisioner, divan, kreslo, 4 taxta çarpayı, şifoner, balaca soyuducu aldıq…
Bu yay evimdə iki dəfə turist qaldı. Birində 7 nəfərlik ailə idi, o birində Rusiyadan gələn ər-arvad.
İndi gecə-gündüz işləyirəm ki, həyətdə su üçün hovuz, yay eyvanı, bir də mətbəx tikim. Uşaqlar üçün maraqlı olsun deyə toyuq-cücə, dovşan saxlamaq istəyirəm.
Ən böyük arzum isə kəndimə kömək etməkdir. Bu kəndin çox-çox illər öncə Minə Nəzirova adında qəhrəman bir qızı olub. Səməd Vurğun ona şer yazıb, Zeynəb Xanlarova şəninə mahnı bəstələyib. Mən də onun yolunu davam etditmək istəyirəm, Kebelobaya yol çəkdirmədik istəyirəm. Üst-üstə 700 metr yol asfaltlanmalıdır. Yol bərbad olduğu üçün yağış yağanda buraları su basır. Aqroturizmi inkişaf etdirmək üçün abad yol çox vacibdir. Mən özüm hər gün rayona gedirəm, Güneli məktəbə aparıb gətirirəm. Ən böyük arzum Güneli gözəl təhsil verməkdir. Onu indidən zəhmətə alıaşdlrıb, özümlə bütün tədbirlərə aparıram ki, gözüaçıq olsun. Həyatda öz yerini tapa bilsin. Mən həyatımdan razıyam. İnanıram ki, niyyətin hara, mənzilin oradır…