Skip to main content

Aİ-nin dəstəyilə IFRC Meta Korporasiya ilə birlikdə “Kommunikasiya və Fandreyzinq” təlimini həyata keçirib

05/12/2024

25 noyabr 2024-cü il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün “Kommunikasiya və Fandreyzinq” təlimini təşkil edib. Sessiya Meta Korporasiyası ilə birgə həyata keçirilmişdir.

Təlim üç əsas komponentdən ibarət olub. Bunlar kommunikasiya, fandreyzinq və Meta platformalarından istifadə. Təlim Milli Cəmiyyətin İnkişafı üzrə Nümayəndəsi, IFRC-nin Azərbaycandakı Proqramı və Əməliyyatlar Meneceri vəzifəsini icra edən Aleksandr Mordovinin çıxışı ilə başlayıb.

Fandreyzinq və kommunikasiyalar üzrə interaktiv sessiyalar bölmələrin inkişafı üzrə Baş Mütəxəssis Teymur Kuseba və Kommunikasiyalar üzrə mütəxəssis Vüsal Səfərli tərəfindən həyata keçirilib. Bu sessiyalarda iştirakçılar böhran zamanı effektiv fandreyzinq kampaniyalarının hazırlanması və icmalarla ünsiyyətin yaxşılaşdırılması üzrə strategiyalarla yaxından tanış olublar.

Meta-nın ölkə üzrə partnyorları Burak Karagöl, Sezen Yeşil və Naz Değirmenci tərəfindən təqdim olunan yekun komponent VCT-lərə sosial mediadan istifadə etməklə öz auditoriyasını cəlb etmək, əsas məsələlər haqqında məlumatlılığı artırmaq və vəsait toplama fəaliyyəti həyata keçirmək kimi mövzulardan ibarət olub. İştirakçılar həmçinin platformaları vasitəsilə effektiv reklam kampaniyaları yaratmağı və onların təsirini ölçməyi öyrəniblər.

Bu sessiya ilə iştirakçılar fəaliyyətlərində yeni vasitələrdən istifadə edərək auditoriyalarında effektiv təsir yaradacaqlarına əminlik qazanıblar.