Skip to main content

Hobbidən biznesə

06/05/2021

Ölkənin COVİD-19 pandemiyası ilə üz-üzə qalmasından bir neçə ay əvvəl Azərbaycanın şimal-qərbində yerləşən Zaqatala rayonunda Təhmina İsayeva mətbəxində kiçik bir meyvə qurutma işinə başlayıb. Pandemiya onun işinin gəlirinə meydan oxusa da, Təhminə bundan istehsalını yeni səviyyəyə qaldırmaq üçün bir fürsət kimi istifadə edib.

Təhminə kənd məktəbində müəllim işləyir, qalan vaxtı ev və həyət işləri ilə məşğuldur. 2019-cu ildə biznesin idarəedilməsi və mühasibat uçotu, kompüter və ingilis dili sessiyaları da daxil olmaqla, iş qurulması və inkişafına dair bir sıra təlimlərdə iştirak edib. Kiçik biznes qrantı almaq üçün seçilən 15 qadından biri olub.

 “Əvvəlcə meyvələri qurudaraq saxlamaq mənim üçün məşğuliyyət idi. Meyvələri hava alması üçün aralarında boşluqlar saxlamaqla iri bir siniyə düzərdik və sonra o sinini bir neçə gün günəşin altında saxlayardıq. Bu, ənənəvi üsuldur, amma çox vaxt aparır”- deyə Zaqatala rayonunun Muxax kəndində ilk quru meyvə istehsalçısı olan Təhminə xatırlayır.

Bir gün meyvələri satmaq üçün qurutmağa qərar verir. 2019-cu ildə Zaqatalada Qadınların Resurs Mərkəzi işinə başlamaq üçün ona meyvə qurutma maşını verdi. “Çox yaxşı başladıq və ətrafımdakı insanlar məhsullarımın ilk alıcıları oldular. Bir il ərzində, təxminən, 300 kiloqram meyvə qurusu istehsal etdim. Hər işi özüm etdiyimdən – bağçamızdan alma, gavalı, zoğal, əncir və digər meyvələri yığır və ya qışda bazardan banan, kivi və portağal kimi ekzotik meyvələr alırdım – heç də asan deyildi” – deyir.

Quru meyvə satışı əvvəllər Zaqatalada o qədər də geniş yayılmamışdı. Ümumiyyətlə, Azərbaycanda insanlar baharın başlanğıcının xüsusi qeyd olunduğu Novruz Bayramı üçün quru meyvələr alırdılar. Yalnız bir neçə il əvvəl insanların sağlam qidaya marağı artıb, vitamin və minerallarla zəngin olan bu dadlı çərəzləri almağa başlayıblar.

“COVID-19 pandemiyasından sonra insanların ödəmə qabiliyyəti zəiflədiyindən satışlarım azaldı. Ancaq mən məyus olmadım. Bunun əvəzinə, işimi yaxşılaşdırmaq üçün internet imkanları axtardım. İndi həyətimdə istehsal prosesini qururam və başqa qadınları bir komanda şəklində işə cəlb edəcəyəm ” – deyən Təhminə daha geniş bazara çıxarmaq və işi genişləndirmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə milli qida təhlükəsizliyi sertifikatı əldə etmək üçün müraciət planlarını əlavə edir.

Biznesini inkişaf etdirmək üçün Təhminə Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi “Azərbaycanın Şimal-Qərb bölgəsində davamlı və inklüziv yerli qida sistemlərinin inkişafı” layihəsinə də müraciət edib.

Layihə seçilmiş aqro-ərzaq məhsulları üzrə yerli inkluziv və səmərəli kənd təsərrüfatı modelləri və qida sistemləri yaradılmasına, istehsalçılar və alıcılar arasında əlaqələrin gücləndirilməsi yolu ilə bazara çıxışın asanlaşdırılmasına, bölgədə aqriturizm potensialının genişləndirilməsinə yönəlib. Eyni zamanda, kiçik fermerlərə və emalçılara gəlirli və davamlı kənd təsərrüfatı müəssisələri yaratmaq üçün lazım olan bacarıq və bilikləri əldə etməyə imkanı verir.

“Bu cür layihələr çox faydalıdır və bizə müsbət təsirlər göstərir. Ümumiyyətlə, kəndlərdə, xüsusilə əkinçilikdə qadınlar görünməz bir işçi qüvvəsi kimi qəbul edilir və onların kənd icmalarındakı rolları çətinliklə tanınır. Layihə kənd qadınları üçün yalnız gəlir gətirən imkanlar yaratmır, həm də onları güclü və özlərinə inamlı hiss etdirir; ictimailəşməni artırır, ailədəki və cəmiyyətdəki vəziyyətlərini yaxşılaşdırır ” –  Təhminə fikrini yekunlaşdırır.