Skip to main content

Əhmədovların əl işləri

05/05/2021

Şəkinin sənətkarlar şəhəri adlanması təsadüfi deyil. Burada yüzillərdir kəlağayı, ipək xalçaçılıq, təkəldüz, şəbəkə, rəssamlıq, taxta oymaçılıq, misgərlik, duluşçuluq sənətləri geniş vüsət almışdır. Şəkidən Əhmədovlar ailəsinin bu layihəyə qatılması da elə bu sənətkarlıq ənənələri ilə bağlıdır. Onlar öz əl işlərini daha geniş kütləyə çıxarmaq və çoxsaylı satış imkanları əldə etmək istəyirdilər.

Bu məramla, qardaşlar Avropa İttifaqının maliyyə dəstəyilə, BMT-nin İnkişaf Proqramı tərəfindən ABAD-la birgə həyata keçirilən layihəyə qoşulmaq üçün müraciət edir. Kiçik ailə biznesinə rəhbərlik edən Pərviz Əhmədov qardaşı Sahib və dostu Vüqar ilə birlikdə çalışır. Taxta suvenirlər ustası olan Pərvizin əl işlərini rəssam və musiqiçi qardaşı Sahib tamamlayır, Vüqar isə onları xammalla təmin edir. Layihənin dəstəyi ilə, Pərviz bank hesabı və vergi ödəyicisi kimi qeydiyyatdan keçərək xırda biznesini leqallaşdırılmış və ABAD-la müqavilə imzalamışdır. Əhmədovlar ailəsi layihə çərçivəsində ən tez satış edən ailələrdəndir. Layihə və ABAD-ın birgə idarə etdiyi məlumat qruplarının fəal üzvlərindən olan Pərviz öz dizayn ideyalarını başqa sənətkarlarla da paylaşır. “Sənət rəqabətlə deyil, paylaşmaqla inkişaf edir” deyən Əhmədovların COVID-19 dövründə də sifarişləri olub. Layihə tərəfindən müxtəlif alətlərlə və xammalla təmin edilmiş bu kiçik ailə biznesi başqaları üçün də gözəl örnək ola bilər.