Skip to main content

“PLANETİMİZ NAMİNƏ” Foto Müsabiqəsinin Qalibləri açıqlandı

17/03/2025

14 mart 2025-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi “Gənclik Mall”da Aİ-nin “Planetimiz naminə” kampaniyasını yekunlaşdırmaq, eləcə də fotomüsabiqənin qaliblərini elan etmək məqsədilə xüsusi tədbir keçirib.

2024-cü ilin noyabrında kampaniya çərçivəsində başlayan müsabiqə həvəskar fotoqrafları kampaniyanın dörd əsas mövzusu olan Hava, Su, Yer və Yaşıl enerji üzrə smartfonlarla çəkilmiş fotoşəkilləri təqdim etməyə həvəsləndirib.

Açılış nitqi ilə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri cənab Peter Michalko bildirib: “Bu gün mən ötən il başladığımız “Planetimiz naminə” kampaniyasının bağlanışını elan edirəm. Kampaniya, COP29-a qədərki dövr, konfrans müddətində və ondan sonrakı müddətdə ətraf mühitin idarə edilməsi və iqlim fəaliyyəti üçün qabaqcıl təcrübələri təşviq etmək məqsədi daşıyırdı”.

Müsabiqəyə 120-dən çox şəkil təqdim olunub və ümumilikdə 12 qalib foto seçilib (hər kateqoriya üzrə 3 şəkil). Sərgi üçün münsiflər heyəti tərəfindən əlavə olaraq 22 foto, o cümlədən bir xüsusi mükafat seçilib. Sərgiyə bu gün “Gənclik Mall”da start verilib. Bu kampaniya boyunca Aİ Nümayəndəliyi ardıcıl olaraq hər bir insanın planeti qorumaq üçün üzərinə düşəni edə biləcəyi faktını vurğulayıb. Ümid edirik ki, bu sərgi fərdlərə və icmalara təbii sərvətlərə fərqli şəkildə baxmağa imkan verəcək və onları planetin qorunmasına töhfə verməyə ruhlandıracaq. “Planetimiz naminə” kampaniyası çərçivəsində sosial media və açıq hava kampaniyası vasitəsilə 2 milyondan çox insan məlumatlandırılmışdır.

Fotomüsabiqənin qalibləri dünya şöhrətli fotoqraf Reza Deqatinin 1 günlük seminarı daxil olmaqla ödənişsiz fotoqrafiya kursunda iştirak edəcəklər. Tədbirdə cənab Peter Michalko həmçinin ADA Universitetinə, tələbələrə və Gənc Avropa Səfirlərinə kampaniyaya verdikləri töhfəyə görə təşəkkür edib.

Hər kateqoriya üzrə qaliblərin adları aşağıda qeyd olunub:

HAVA: Kənan Arifli, Aydan Rzayeva, Aysun Əhmədova;

SU: Günel Sultanova, Tural Abdulla, Türkan Kərimova;

YER: Xədicə Mirəliyeva, Türkan Kərimova, Məryəm Nəzərli;

ENERJİ: Sitarə Ağayeva, Kənan Arifli, Nigar Səmədli.

Fotosərgi iki həftə ərzində “Gənclik Mall”da ictimaiyyət üçün açıq olacaq.