Aİ-ÜST layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün yekun nəticələri təqdim edilib
Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün yekun nəticələri təqdim edilib. 2020-ci ilin aprel ayından etibarən iki ildən artıq bir müddətdə həyata keçirilmiş bu COVID-19 pandemiyası ilə mübarizəyə dəstək layihəsi Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir. Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.
Layihənin bağlanış mərasimində Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Dr. Nadir Zeynalov, ÜST-nin Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Dr. Firəngiz Əliyeva, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Çertomir Fisinger, habelə beynəlxalq və yerli tərəfdaşlar, layihə benefisiarları və tibb işçiləri iştirak edib.
Layihə rəhbəri Dr. Tural Qulu Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün həyata keçirildiyi dövr ərzində əldə edilmiş nailiyyətlərdən bəhs edən təqdimatla çıxış edib. Qeyd edilib ki, layihənin həyata keçirildiyi müddətdə 521 tibb avadanlığı, o cümlədən 6 ventilyator və 1 BiPAP cihazı, 81 pasiyent monitoru, 141 oksigen konsentratoru və 229 nəbz oksimetri layihə çərçivəsində milli tərəfdaşlara təhvil verilib. Eyni zamanda, COVID-19 ilə ön cəbhədə mübarizə aparanların sağlamlığını qorumaq üçün 1 milyondan artıq fərdi mühafizə vasitəsi və 17600 əl gigiyenası ləvazimatı ölkənin tibb müəssisələrinə təqdim edilib.
COVID-19 ilə mübarizə potensialının gücləndirilməsi məqsədilə 7800 tibb işçisi, tibb tələbəsi, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis və media nümayəndəsi müvafiq təlimlərə cəlb edilib. Bununla yanaşı, ÜST-nin “OpenWHO” onlayn təlim platformasının Azərbaycan səhifəsi istifadəyə verilib. Qısa müddət ərzində təlim platformasında azərbaycanlı tibb işçiləri tərəfindən qeydiyyatdan keçilən kursların sayı 10 dəfə artaraq 18000-ə çatıb.
Layihə çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə və cavab tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlərdə milli səhiyyə tərəfdaşlarına texniki dəstək göstərilib. COVID-19 hallarının idarə edilməsi üzrə təlimatın yenilənməsi və infeksiyanın profilaktikası və nəzarət (İPN) üzrə İşçi Qrupunun yaradılması və fəaliyyəti dəstəklənib. Layihə tərəfindən 23 tibb müəssisəsi İPN üzrə, 5 tibb müəssisəsi COVID-19 hallarının idarəolunması, 7 tibb müəssisəsi oksigen təchizatı və istifadəsi üzrə qiymətləndirilib və müvafiq tövsiyələr verilib. Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü ilə ölkənin iki ən böyük psixi sağlamlıq müəssisəsinə 9 ay ərzində psixoloqlar və sosial işçilər tərəfindən psixoloji yardım və psixo-sosial dəstək verilib.
Tədbirdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər milli tərəfdaşlara dəstək olaraq ölkədə COVID-19 pandemiyasına hazırlıq və cavab tədbirləri istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Aİ-ÜST layihələri bundan sonra da Azərbaycanın səhiyyə sisteminə dəstək olaraq ölkə əhalisinin sağlam gələcəyinin təmin edilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.