Aİ-ÜST layihəsi çərçivəsində tibbi avadanlıqların idarəedilməsi üzrə qiymətləndirmə və təlim təşkil edilib
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində ÜST-nin biotibbi mühəndislik üzrə konsultantı Ulian Rotari 3-7 oktyabr tarixlərində tibbi avadanlıqların idarəedilməsi üzrə qiymətləndirmə və təlim seminarları həyata keçirib.
TƏBİB ilə əməkdaşlıq çərçivəsində gerçəkləşən missiyanın üzvləri Azərbaycanın 5 dövlət xəstəxanasında – Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstənası və Sabunçu Tibb Mərkəzi, habelə Sabirabad Rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanalarında tibbi avadanlıqların idarəedilməsi, o cümlədən oksigen təchizatı və təhlükəsizliyi, yanğın təhlükəsizliyi və təxliyyə planlarına baxış keçirib. Tibb müəssisələrinə səfər zamanı sözügedən xəstəxanaların rəhbərləri ilə görüşən missiya üzvləri tibbi avadanlıqların idarəedilməsinin daha səmərəli təşkil edilməsi və standartlaşdırılması ilə bağlı tövsiyələr verib, işçi heyətinin potensialının artırılması üçün təlimlərin əhəmiyyətini qeyd edib.
ÜST-nin biotibbi mühəndislik üzrə konsultantı Ulian Rotari və ÜST-nin mütəxəssisi Dr Tural Qulu TƏBİB əməkdaşları ilə görüşüb və tibb müəssisələrində aparılmış qiymətləndirmələrlə bağlı onları məlumatlandırıb. Görüşdə tibbi avadanlıqların idarəedilməsinin daha səmərəli təşkil edilməsi və standartlaşdırılması ilə bağlı tövsiyələr verilib, qısa- və uzunmüddətli perspektivdə görüləcək işlər müzakirə olunub.
Missiya çərçivəsində xəstəxanaların biotibbi mütəxəssisləri üçün “Tibbi avadanlıqların idarəedilməsi” mövzusunda təlim təşkil edilib. 6-7 oktyabr tarixində Yeni Klinikada təşkil olunan təlimdə 12 tibb müəssisəsindən 25 biotibbi mütəxəssis iştirak edib. ÜST-nin biotibbi mühəndislik üzrə konsultantı Ulian Rotari tərəfindən verilən təlimdə tibbi avadanlıqların idarə edilməsi, tibbi cihazın etibarlılıq dövrü və saxlanması, oksigen təchizatı və təhlükəsizliyi, yanğın təhlükəsizliyi və təxliyyə planları mövzuları əhatə olunub. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.
Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən 2020-ci ilin aprel ayından etibarən həyata keçirilən COVID-19 pandemiyası ilə mübarizəyə dəstək layihəsidir. Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsi olan Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.