Avropa Ittifaqı Azərbaycanda əmlakın bərpası sistemində islahatları dəstəkləyir
Azərbaycanda əmlakın bərpası və idarə edilməsi sistemində islahatların dəstəklənməsi məqsədilə Avropa İttifaqının maliyyə dəstəyi ilə yeni Tvinninq layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Litva Respublikasının bir sıra hüquq-mühafizə orqanlarını təmsil edən ekspertlər komandası tərəfindən qabaqcıl Avropa və beynəlxalq təcübəyə uyğun olaraq müvafiq qanunvericilik və institusional çərçivənin işlənib hazırlanması və nəticədə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası üzrə ixtisaslaşmış və tam funksional qurumun yaradılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə icra olunan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin rəsmi təqdimat tədbiri 18 may 2022-ci il tarixində təşkil olunub. Tədbirdə Azərbaycan və Litva Baş Prokurorluğunun və hər iki ölkənin hüquq-mühafizə orqanlarının nümayəndələri, Avropa İtifaqının Bakı Nümayəndəliyinin rəhbərliyi, Litva Respublikasının Azərbaycandakı səfirliyi, eləcə də Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq layihələrin və təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tədbirdə açılış nitqi zamanı bildirmişdir ki, Azərbaycan Prokurorluğu mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi üçün sınanmış Avropa quruculuq aləti olan Tvinninq və TAİEX və digər səmərəli proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığa böyük önəm verir. “Bu layihə Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələrin bariz nümunəsidir. Bu mühüm layihənin başlanması nəticəsində Avropa İttifaqı ilə əməkdaşlığımız keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaqdır. “
Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko öz növbəsində bildirmişdir ki, bu günə qədər Avropa İttifaqı müxtəlif ikitərəfli və çoxtərəfli layihələr vasitəsilə Azərbaycanda korrupsiyaya və qeyri-qanuni maliyyə axınlarına qarşı mübarizəyə mühüm töhfə verib. “Bu gün rəsmi olaraq açılışını etdiyimiz layihə ilə biz bir-biri ilə əlaqəli üç elementi hədəf alaraq multidissiplinar yanaşma nümayiş etdirəcəyik: aktivlərin bərpası sahəsində Avropa norma və standartlarının tətbiqi, standartlara əməl olunmasının monitorinqi və Baş Prokurorluğun məsul əməkdaşlarının potensialının gücləndirilməsi,” deyə Avropa İttifaqının Azərbaycandakı səfiri bildirib.
Benefisiar ölkə üzrə layihə rəhbəri, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev Tvinninq layihəsinin dörd əsas istiqaməti barədə məlumat verərək bildirmişdir ki, layihə çərçivəsində strateji planlaşdırma və hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə milli Aktivlərin bərpası sisteminin yaradılması və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin tamhüquqlu milli Aktivlərin Bərpası Ofisi kimi institusional quruluşunun və fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulub.
Layihənin ümumi məqsədi Azərbaycanda əmlakın bərpası və idarəetməsi sisteminin qabaqcıl Avropa və dünya təcrübəsinə uyğun olaraq müasirləşdirilməsi və səmərəliliyinin artırılmasıdır.
Layihə çərçivəsində əmlakın bərpası üzrə prioritetləri və məqsədləri müəyyən edəcək müvafiq strategiyanın və Fəaliyyət Planının, eləcə də qabaqcıl Avropa və dünya təcrübəsinə uyğun olaraq əmlakın bərpası üzrə xüsusi bir qanun layihəsinin işlənib hazırlanması nəzərdə tutulub.
Avropa İttifaqının Azərbaycanda təsisatların və yaxşı idarəçiliyin gücləndirilməsi sahəsinə yardımı tərəfdaşlığın əsas prioritetlərini müəyyən edən 2018-2020-ci illər üzrə İllik Fəaliyyət Proqramları çərçivəsində həyata keçirilir.