Skip to main content

Avropa İttifaqı su idarəçiliyi üzrə çətinliklərin aradan qaldırılmasında Azərbaycanın sahələrarası əməkdaşlıq yanaşmasını dəstəkləyir

06/04/2023

5-6 aprel 2023-cü il tarixlərində Azərbaycanda Su üzrə Milli Siyasi Dialoqun (MSD) 10-cu iclası keçiriləcəkdir. Bu dialoq su idarəçiliyi sahəsində prioritetləri müzakirə etmək və su siyasətində islahatlara təkan vermək üçün milli və yerli səlahiyyətli qurumlardan, elmi ictimaiyyətdən, vətəndaş cəmiyyətindən və QHT-lərdən geniş çərçivədə iştirakçıları bir araya gətirəcəkdir. Azərbaycan su çatışmazlığından və iqlim dəyişikliyinə və çirklənməyə qarşı ciddi dərəcədə həssas olan su ehtiyatlarının qeyri-bərabər paylanmasından əziyyət çəkir. Azərbaycanın su təchizatının mühüm hissəsi milli sərhədlərdən kənarda formalaşan mənbələrdən gəlir.    Buna görə də, su üzrə beynəlxalq əməkdaşlıq vacib əhəmiyyət kəsb edir. BMT-nin 2023-cü il üzrə Su Konfransının əsas məhsulu olan yeni hərtərəfli Su sahəsində Fəaliyyət Gündəliyi qlobal su böhranını həll etmək məqsədini daşıyır. Həm Azərbaycan, həm də Avropa İttifaqı bu sahədə irəliləyişi sürətləndirmək üçün könüllü öhdəliklər götürüb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sədrlik etdiyi və Avropa İttifaqının dəstəyi ilə təşkil olunan Milli Siyasi Dialoqun toplantısının məqsədi su idarəçiliyi və ətraf mühit üzrə prioritetləri ümumiləşdirmək, su sektorunda son siyasi islahatlarda əldə olunan irəliləyişi qiymətləndirmək və idarəetmə komitəsinin üzvlərini Azərbaycanda ətraf mühitlə əlaqədar davam edən milli və beynəlxalq layihələrin son durumu barədə məlumatlandırmaqdır. 

Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini bildirmişdir: “Su Azərbaycanda əsas təbii ehtiyatlardan olaraq, getdikcə daha artıq dərəcədə iqlim dəyişikliyi və əhali artımının təzyiqinə məruz qalır. Biz qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq, sudan dayanıqlı istifadəni və onun idarə olunmasını təmin etmək prinsipinə sadiqik. Milli Siyasi Dialoq bütün su istifadəçiləri ilə koordinasiyanı və su sektorunun təşəbbüslərinin nəticələrə əsaslanan yekunlarını təmin etmək üçün vacib sahələrarası platformadır. Bizim ümumi məqsədimiz təbii ehtiyatların dayanıqlı idarə olunmasını və onlardan iqlim dəyişikliyi kontekstində səmərəli istifadəni təşviq etməkdir. Biz su ehtiyatlarımız və ətraf mühitə dair məlumatlar üzrə islahatlarda əldə etdiyimiz irəliləyişlərə Avropa İttifaqı tərəfindən verilən dəstəyə görə minnətdarıq.”

Avropa İttifaqının Azərbaycandakı Səfiri Peter Mixalko qeyd etmişdir: “Su hər bir insan və istənilən milli iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır və insanların rifahı üçün əsas töfhə mənbəyidir. Avropa İttifaqı və onun Üzv Dövlətləri Avropa Komandası olaraq su üzrə əməkdaşlığa ciddi şəkildə cəlb olunub və Su sahəsində Fəaliyyət Gündəliyi üzrə öhdəlik götürür. Avropa Ətraf mühit üçün (EU4Environment) regional proqramı vasitəsilə  Avropa İttifaqı Azərbaycanı su sektorunda dayanıqlı islahatlara  müvəffəq olmaqda dəstəkləyir. Bizim İqtisadi və İnvestisiya Planımız həmçinin Azərbaycana və digər Şərq Tərəfdaşlığı ölkələrinə öz iqtisadiyyatlarını transformasiya etməkdə və onları daha dayanıqlı etməkdə kömək edərək, mühüm rol oynayır. Aydın su strategiyası, müasir su idarəçiliyi alətləri və maraqlı tərəflərin cəlb edilməsi olmadan bunlara nail olmaq mümkün deyil.”

Proqramın icraçı tərəfdaşları adından danışan Avstriya Ətraf mühit Agentliyinin nümayəndəsi Aleksandr Zinke Azərbaycan hökumətinin mövcud su idarəçiliyi və ətraf mühit problemlərini həll etmək öhdəliyinə sadiqliyini yüksək qiymətləndirmişdir: “Azərbaycan suyun çirklənməsi və daha yaxşı mühafizə olunmağa ehtiyacı olan su ehtiyatlarının istismarı sahəsində meydana çıxan problemlərlə   üzləşir. Avropa İttifaqının bu proqramı ölkənin potensialının gücləndirilməsini və çay hövzəsinin idarəçiliyinin planlaşdırılması, monitorinq və sudan dayanıqlı istifadədə, eləcə də torpaqdan istifadə, tullantılar və havanın çirklənməsi üzrə geniş məlumatların paylaşılmasına ən qabaqcıl təcrübələrin tətbiq edilməsində köməyini davam etdirir. Biz prosesin inkişafına şərait yaratmaqda və əldə olunan irəliləyişi sürətləndirməkdə bundan sonra da Azərbaycanlı tərəfdaşlarımızla işləmək niyyətindəyik.

Ümumi məlumat

“Avropa İttifaqı Ətraf Mühit üçün” (EU4Environment) – Su və Məlumat proqramının iki əsas məqsədi vardır: 1) su ehtiyatlarından daha dayanıqlı istifadəni dəstəkləmək və 2) ətraf mühitə dair əsaslı və etibarlı məlumatlardan istifadəni və onların qərar qəbul edənlər və vətəndaşlar üçün əlçatanlığını təkmilləşdirmək. Proqram beş tərəfdaş Təşkilat tərəfindən həyata keçirilir: Avstriyanın Ətraf mühit Agentliyi (UBA), Avstriya İnkişaf Agentliyi (ADA), Su üzrə Beynəlxalq Ofis (SBO) (Fransa), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT – OECD), Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası (UNECE). Fəaliyyətlər əsasən Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və 12,75 milyon Avro büdcə əsasında Avstriya İnkişaf Agentliyi və Fransanın Artois-Pikardi Su Agentliyi də birgə maliyyələşmə təmin edir (12 milyon Avro məbləğində vəsait Avropa İttifaqının töfhəsidir). Layihənin icra müddəti 2021-2024-cü illərdir.