Skip to main content

Aİ layihəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil edir

15/07/2022

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanır.

“Açıq Təsərrüfat Günləri” yerli turistlər arasında aqrar turizm konsepsiyasını və layihəyə cəlb olunmuş turizm məkanlarını təbliğ etmək, şəhər və kənd icmaları arasında əlaqəni gücləndirmək və iştirakçı təsərrüfatlara yeni və/və ya təkmilləşdirilmiş turizm xidmətlərini sınaqdan keçirmək imkanı təmin edəcəkdir. Ziyarətçilər təsərrüfat turları, təqdimatlar, yerli qidalardan hazırlanan məhsulların dequstasiyası, kənd həyatı ilə tanışlıq, ustad dərsləri (master classes) və təzə məhsul alışı kimi müxtəlif fəaliyyətlərdə iştirak edə biləcəklər.

Səfərlər qeyd olunan tarixlərdə bir gün ərzində həyata keçiriləcəkdir. Səfər üçün nəzərdə tutulmuş avtobuslar müvafiq olaraq 22, 23 və 24 iyul tarixlərində səhər saat 08:00-da Bakı şəhəri, Nizami metro stansiyasının qarşısından yola düşəcək və axşam geri qayıdacaqdır. Bir iştirakçının yalnız bir təsərrüfata ziyarət etmə şansı vardır. Səfərlər Lənkəran rayonu “Citrus Valley”, Lerik rayonu “Səfalı Göl” və Astara rayonunda yerləşən “Yaşıl Göl” təsərrüfatlarına təşkil ediləcəkdir.

Əlavə məlumat üçün Avrasiya Əməkdaşlıq Fondunun və “Yaşıl Obalar” çətir brendinin sosial media hesablarına yaza və ya həftə içi hər gün saat 10:00-dan 18:00-dək 012 492 57 26 nömrəsinə zəng  edə bilərsiniz. Maraqlanan şəxslərə gediş-gəliş qrafiki barədə ətraflı məlumat veriləcəkdir.

Turizm məkanlarına getmək arzusunda olanlardan iyul ayının 20-nə kimi müraciət formasını doldurmaları tələb olunur: https://bit.ly/3aFeWC6