Aİ Nümayəndəliyi Avropa Gənclər İlini gündəmdə saxlayacaq kampaniyaya başlayır
Bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa Gənclər İlini (2022) qeyd etmək məqsədilə regionun bütün qonşu ölkələrinə qoşularaq bir ay davam edəcək kampaniyanın başlanmasını bəyan etmişdir. Gənc Avropa səfirləri ilə tərəfdaşlıq çərçivəsində KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş açılış tədbirində qeyd edilmişdir ki, bu kampaniya gənc nəslin səsini eşitmək, həmçinin görüləcək işlərin bir hissəsi olaraq, Aİ-nin maliyyə dəstəyi ilə baş tutacaq tədbirlər baxımından əhəmiyyətlidir.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Səfiri Peter Mixalko bildirmişdir ki, Avropa İttifaqı COVİD-19 koronavirus pandemiyası dövründə gənclərin payına düşmüş sıxıntı və itkilərin etiraf rəmzi olaraq 2022-ci ili Gənclər İli bəyan etmişdir. O demişdir: “Azərbaycanla möhkəm tərəfdaşlıq çərçivəsində Avropa İttifaqı gənclər üçün olduqca müşkül iki ildən sonra təhsil və məşğulluq sahələrində bərabər imkanların dəstəklənməsinə nail olmaq niyyətindədir. Aİ-nin məqsədi siyasət və proqramlar vasitəsilə gənclərin cəmiyyətin bütün sahələrində iştirakına, onların təhsil və əmək bazarında daha çox imkanlar qazanmasına şərait yaratmaqdır”.
Konfransda Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrindən olan gəncləri bir araya gətirən, “Gənc Avropa Səfirləri” təşəbbüsünün nümayəndələri könüllü əsaslarla, canlı ünsiyyət şəbəkəsi vasitəsilə gördükləri işlərdən danışmışlar. Şərq Tərəfdaşlığının altı ölkəsində toplam 492 Gənc Avropa səfiri vardır. 123 gənc səfirlə təmsil olunan Azərbaycan bu siyahıda birincidir. Avropa Gənclər İli boyunca Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Avropa Şəhərciyi, Avropa Yay məktəbi, Aİ Gənclər Yarışması, Avropada Təhsil Sərgisi olmaqla bir sıra tədbirləri dəstəkləmişdir. Konfransda gənclərə yönəlmiş bir neçə layihəyə xüsusi diqqət yetirilmişdir. Avropa İttifaqı ölkələri biznesə başlamaq, yeni bacarıqlar əldə etmək, təlim keçmək, “Erazmus+” proqramı vasitəsilə Avropada təhsil səviyyəsini artırmaq məqsədilə gəncləri dəstəkləməkdə davam edir. COVİD-19 koronavirus pandemiyası dövründə tibb sahəsində gənc peşəkarların səhiyyədə yaşanan böhranla mübarizə aparmaq və Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən peyvəndvurma proqramının dəstəklənməsinə qatılmaq kimi səylərinin əhəmiyyəti də vurğulanmışdır. AI layihələri barədə ətraflı məlumat üçün: www.eu4azerbaijan.eu