Aİ və BMTİP Azərbaycanda peşə təhsili festivalının keçirilməsinə dəstək verir
2 iyul 2022-ci il tarixində Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə İçərişəhər Qoşa Qala meydanında “Bir Peşənin Sirri” adlı festival təşkil olunacaq.
Tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin peşə təhsili haqda məlumatlılığın artırılması və bu prosesə cəlb edilməsini təmin etməkdir.
Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir. Bununla yanaşı tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyunlar, viktorinaların keçirilməsi də nəzərdə tutulub.
“Bir Peşənin Sirri” festivalına Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir. Festivalın tərəfdaşı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, media tərəfdaşı isə İctimai Televiziya və Radio Yayımları şirkətidir.
***
Peşə təhsilinin görünürlülüyünün artırılması üzrə fəaliyyətlər “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.