Aİ və BMTİP Azərbaycanda peşə bacarıqlarının inkişafı üzrə yarışların keçirilməsinə dəstək olur
Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının birgə əməkdaşlığı ilə ölkədə ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib.
Yarış Avropa İttifaqının maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin dəstəyi ilə baş tutub. Tədbir müxtəlif peşə istiqamətləri üzrə ölkədə milli yarışların təşkili və müvafiq olaraq, Azərbaycanı beynəlxalq yarışlara hazırlamaq fəaliyyətləri çərçivəsində keçirilib. Məqsəd, ölkənin iqtisadi inkişafında bacarıqların əhəmiyyətini vurğulamaq və bu istiqamətdə atılan addımları dəstəkləməkdir. Yarış turizm sektorunda, xüsusilə restoran xidmətləri sahəsində cari vəziyyət və inkişafı labüd məsələlərin müzakirəsi üçün imkan yaradıb. Yay müddətində bu sahədə fəaliyyətin intensivləşməsi məsələnin aktuallığını artırıb.
Yarışda sahə üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib. Yerli və xarici mütəxəssislərdən ibarət olan münsiflər heyəti iştirakçıların qiymətləndirməsini “WorldSkills International” təşkilatının qoyduğu peşə standartlarına əsasən aparıb. Tədbirin sonunda seçilən qaliblər İqrar Kərimli, Sənan Nəzərov və Əlvan Abdullayev mükafatlandırılıblar.
Qeyd edilməlidir ki, “WorldSkills Azerbaijan” dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” platformasının Azərbaycandakı qurumudur. Bu hərəkat əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirməyi, həmin standartları təhsil sisteminə inteqrasiya etməyi hədəfləyir.
BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi isə sözügedən platformaya dəstək olaraq bir sıra peşə ixtisasları üzrə yerli yarışların təşkilini və dünya standartlarına uyğun olaraq əlaqədar tərəflərin potensialının gücləndirilməsi tədbirlərini nəzərdə tutur.