Skip to main content

Avropa İttifaqı və BMTİP peşə təhsilinin təşviqi məqsədilə cənub bölgəsinə media tur təşkil edir

27/05/2022

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Cəlilabada birgə media tur təşkil edib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində, səfər ölkədə şagirdlərin ixtisas seçimi ərəfəsində həyata keçirilib. Məqsəd peşə təhsil müəssisələri barədə məlumatlılığı artırmaq, həmçinin peşə təhsili və təlimini müxtəlif qabiliyyətlərə malik gənclər, eləcə də yetkinlər üçün müvafiq təhsil seçimlərindən biri kimi uğurlu təqdimatına dəstək olmaqdır.

Gün ərzində baş tutan tədbir region üzrə icra hakimiyyəti nümayəndələrini, təşkilatçı qurumların yüksək səviyyəli rəsmiləri, paytaxtdan və regiondan bir sıra media nümayəndələrini, o cümlədən müəllim və tələbələri və özəl sektor müəssisələrinin rəhbər şəxslərini 400 nəfəri bir araya gətirib.

Tədbir çərçivəsində iştirakçılar mebel sənayesi üzrə ixtisaslaşan “Woodpecker” şirkətinə səfər edib və orada çalışan tələbələrlə tanış olublar. Sözügedən tələbələr hazırda layihə tərəfindən tətbiq edilən dual təhsil proqramı çərçivəsində müxtəlif müəssisələrdə praktiki məşğələlərdə iştirak edir və real iş mühitində öyrənmə imkanı əldə edirlər.

Rəsmilər səfər zamanı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə baş çəkib, müəllim və tələbə heyəti ilə görüşlər keçirib, həmçinin ustad dərslərinə (master klass) qoşulublar. İştirakçılar regionlarda peşə təhsili məzunu qadın və kişilər üçün məşğulluq imkanlarını müzakirə edib, habelə layihənin dəstəyi ilə tezliklə bu peşə təhsil müəssisəsində yaradılacaq Karyera Mərkəzinin rolu və tələbələrə gələcək karyera addımlarında dəstək olması məqamlarını vurğulayıblar.

Tədbirin tərkib hissəsi olaraq, dövlət-özəl sektor tərəfdaşlığına həsr edilmiş dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə təşkil edilən dəyirmi masa tədbirində kənd təsərrüfatı, quşçuluq, mebel sənayesi, tekstil və qonaqpərvərlik istiqamətləri üzrə fəaliyyət göstərən 15-ə yaxın özəl sektor müəssisəsi iştirak edib. Şirkətlər peşə təhsil müəssisələrində tədris alan tələbələrin qiymətləndirilməsi, kurikulumların yenilənməsi və yeni maliyyələşdirmə mexanizmləri mövzuları üzrə müzakirələr aparıblar. Müəssisələr həmçinin, layihə tərəfindən tezliklə təşkil ediləcək Məşvərət Şurasının dəstəyi ilə təhsilverənlərlə özəl sektor arasında digər əməkdaşlıq imkanları barədə danışıblar.

Bu fəaliyyətlərin məqsədi ölkədə peşə təhsil müəssisələrinin cəlbediciliyinin artırılması və əmək bazarının tələbləri ilə uzlaşdırılmasına dəstək olmaqdır. Layihə çərçivəsində həyata keçirilən müvəkkillik fəaliyyətləri peşə təhsili haqda, onun sosial və iqtisadi önəminin, eləcə də gələcək perspektivləri barədə məlumat səviyyəsinin artırılmasına hədəflənir.

Media səfər ikili görüşlərin keçirilməsi ilə başa çatıb.

***

Media tur tədbiri, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.