Skip to main content
İdmanda nailiyyətlər əldə edən qadınların siyasətdə nailiyyətlərinə doğru: Aİ tərəfindən maliyyələşdirilən layihə Azərbaycan qadınlarına arzularını həyata keçirməyə kömək edir

İdmanda nailiyyətlər əldə edən qadınların siyasətdə nailiyyətlərinə doğru: Aİ tərəfindən maliyyələşdirilən layihə Azərbaycan qadınlarına arzularını həyata keçirməyə kömək edir

24/03/2020

  • Kəsişən sahələr
  • Gender məsələləri
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları
  • Mobillik və insanlararası əlaqə
  • Gənclər

Dilarə Əliyeva ilk dəfə 12 yaşı olanda idman yarışında qalib gəlib. Amma onun həmişə futbola böyük həvəsi olub və arzusu milli futbol komandasının rəhbəri olmaq olub.

1970-ci illərdə Azərbaycanın şimalında yerləşən ucqar Qax rayonunda böyüyən Dilarənin kişilərin üstünlük təşkil etdiyi idman növündə uğur qazanacağını heç kəs gözləmirdi.

Dilarənin idman sahəsi üzrə universitetə ilk müraciəti rədd edilib, buna görə də o, ali təhsil müəssisəsinə daxil olub. Buna baxmayaraq, o öz iddialarından əl çəkməyib.

“Mən heç vaxt qadının futbolda uğur qazanmasının asan olacağını düşünməmişəm. Əslində həqiqətən asan deyildi! İşlərim ümid etdiyim kimi getmirdi. Ancaq mənim futbola bağlı olduğum qədər nəyəsə bağlı olan bir insan sevdiyi işdən əl çəkməz. Ona görə də mən hər gün işdən sonra məşq etməyə davam edirdim …”, – deyə Dilarə bildirir.

İllər sonra qadınların idmanda fəallığının artırılması istiqamətində müsbət işlər görülməyə başladı və 2005-ci ildə Prezident İlham Əliyev ilk dəfə olaraq Azərbaycanın regionlarında qadınlar üçün idman klublarının yaradılması ilə bağlı sərəncam imzaladı.

Tezliklə Dilarə ölkədə qadın futbol klubunu yaradan ilk qadın oldu və fədakarlığı Prezidentin mükafatı ilə rəsmi olaraq tanındı.

Qadın futbolu üzrə məşhur Alman məşqçisinin Azərbaycana işləməyə gəlməsi Dilarə üçün daha bir böyük təkan oldu. O, düşünmədən qeydiyyatdan keçmək imkanından yararlanaraq ölkədə futbol üzrə diplom alan ilk iki qadından biri oldu.

Məzun olduqdan sonra Dilarə məşqçi kimi işləməyə başladı və hazırda Qax rayonunda bacarıqlarını və futbola sevgisini altmış gənc qadına ötürür.

Dilarənin təlim keçdiyi qadınlar Azərbaycan yığması daxilində 2012-ci il Dünya Çempionatında iştirak ediblər.

Onun idman sahəsindəki rəhbər və məşqçi kimi uğurlu fəaliyyəti onu həyatın bir çox sahəsində, xüsusən də idmanda qadınların iştirakına və irəliləyişlərinə mane olan stereotiplərin mövcud olduğu bir cəmiyyətdə gənc qadınlara öz arzularını gerçəkləşdirməkdə kömək edən başqa yollar düşünməyə vadar edib.

“Həqiqətən daha böyük miqyasda nəyisə dəyişdirə biləcəyimə inanmağım üçün bir qədər zaman tələb olunurdu və mən heç vaxt yerli hökumət orqanında çalışacağımı düşünmürdüm. Amma sonra qərar qəbul etmə ilə bağlı bir neçə kursda iştirak etdim və qadınların qadınlar üçün nələri əldə edə biləcəyimə dair fikirlərim dəyişdi”, – deyə o, əlavə edib.

Dilarə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmasına dəstək verməyə yönəlmiş və qadınların siyasi, iqtisadi və ictimai həyatın bütün sahələrində qərarların qəbul edilməsində tam və səmərəli iştirakının və liderlik imkanlarının təmin edilməsinə dair təlim sessiyalarında iştirak edib.

Təlimlər 2019-cu ildə Aİ, BMTİP və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunmağa başlayan Gender Əsaslı Bələdiyyə Akademiyası çərçivəsində baş tutmuşdur.

Akademiyanın yaradılmasında məqsəd qadın liderlərin qərarqəbuletmə prosesində iştirakını dəstəkləmək, onların yerli idarəetmə, liderlik və seçkilərdə müşahidəni öyrənmək üzrə bilik və bacarıqlarının artırılmasıdır.

Akademiyanın əsas məqsədlərindən biri, bacarıqların artırılması və təhsil imkanlarının təmin edilməsi yolu ilə 2019-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində qadın namizədlərin sayının artırılmasına kömək etmək olmuşdur.

Qadınları yerli idarəetmədə iştirak etməyə həvəsləndirmək üçün Akademiyada parlament və digər dövlət orqanlarında çalışan qadınlar təlimçi kimi iştirak ediblər.

Dilarənin kurslarda nümunəvi qadınlarla ünsiyyət qurmaq imkanı olub. Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci fazasında qeyd olunan məqsədlər onun bələdiyyə seçkilərinə namizədliyini irəli sürməyində mühüm rol oynayıb.

“Təlimçilər nəyə qadir olduğumu bir daha düşünməyə vadar etdilər”, – deyə Dilarə bildirir.

2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində hazırda 55 yaşı olan Dilarə Əliyeva növbəti qələbəsini qazanır və  54000 əhalisi olan doğma Qax rayonunda bələdiyyə üzv seçilir.

Dilarə hazırda yerli hökumətin gənclər komitəsinə rəhbərlik edir və bələdiyyə səviyyəsində idmanın inkişafını artırmaq və qadınların idmanda iştirakını dəstəkləmək onun üçün prioritet məsələlərdən biridir.

Akademiyanın təlim sessiyalarına qatılan 117 qadının hamısı seçkilərə qatılıb və onlardan 80%-i seçilib. Bu, Azərbaycanda bələdiyyə üzvü seçilən qadınların sayının təxminən 20% artmasına səbəb olub.

Müəllif: Sandra İsmanovski

Article published in English by medium.com