Skip to main content

“Maneələri aşmaq və dəyişikliyə yol açmaq”

10/03/2025

7 mart 2025-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Belçika Krallığının Azərbaycandakı Səfirliyi və Gənc Avropa Səfirləri Beynəlxalq Qadınlar Gününü qeyd etmək məqsədilə “GÜCLÜ QADIN, GÜCLÜ CƏMİYYƏT” şüarı altında yeni kampaniya çərçivəsində “Maneələri aşmaq və dəyişikliyə yol açmaq” adlı tədbir təşkil etdilər. Kampaniyanın məqsədi gender bərabərliyi və gender pariteti istiqamətində beynəlxalq səviyyədə əldə olunmuş irəliləyiş barədə məlumatlılığı artırmaqdır.

Əlilliyi olan şəxslərin çalışdığı sosial baxımdan inklüziv məkan olan “Kaşalata” kafesində keçirilən bu dinamik tədbirdə diplomatiya, STEM və incəsənət sahələrində qadınların dayanıqlılığı, liderliyi və cəmiyyətə təsiri vurğulandı. Tədbir diplomatik ictimaiyyətlə Azərbaycan gəncləri arasında mənalı dialoq üçün ruhlandırıcı və gücləndirici atmosfer yaratmışdır. Məzmunlu panel müzakirəsi vasitəsilə diplomatlar, sənaye ekspertləri və rəssamlar də daxil olmaqla, görkəmli qadın liderlər çətinliklərin öhdəsindən gəlmək, stereotipləri qırmaq və daha inklüziv gələcək formalaşdırmaqla bağlı təcrübələrini bölüşdülər.

Salamlama nitqi ilə çıxış edən Aİ-nin Azərbaycandakı Səfiri cənab Peter Michalko bildirib: “Avropa İttifaqı uzun müddətdir ki, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması səylərini yüksək səviyyədə dəstəkləyir. Biz inanırıq ki, qadınlar imkanlara, təhsilə və liderlik rollarına bərabər çıxış əldə etdikdə cəmiyyətlər daha güclü, firavan, innovativ və dayanıqlı olur”.

Müxtəlif sahələri təmsil edən gənclərin iştirak etdiyi bu tədbir sektorlar arasında mübadilə imkanları yaratdı, gələcək nəsli ruhlandırdı, habelə təmsilçilik və inklüzivliyin əhəmiyyətini gücləndirdi.

Tədbirdə aşağıdakı əsas mövzular müzakirə olundu:

Diplomatiyada Qadınlar – Liderlik, təmsilçilik və beynəlxalq münasibətlərdə dəyişikliklərə təsir etmək

STEM sahəsində qadınlar – texnologiya və elmdə innovasiya, inklüzivlik və maneələrin qırılması

İncəsənətdə Qadınlar – Mədəniyyət sektorunda qadınların yaradıcı fikirləri, üzləşdikləri çətinliklər və cəmiyyətdə təsiri

Tədbirdə təşkilatçılar qadınların cəmiyyətdəki təsirini qeyd etdilər, mənalı müzakirələri təşviq etdilər, daha inklüziv və müsbət gələcəyin yaradılmasında qadınların oynadıqları rolu nümayiş etdirdilər.