BMTƏF və Aİ-nin dəstəyi ilə həyata keçirilən “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi çərçivəsində metodistlərin təlimləndirilməsi keçirilib
BMT-nin Əhali Fondu (UNFPA) və Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) həyata keçirdiyi “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi çərçivəsində fəaliyyətlər davam edir.
Layihə çərçivəsində məktəblərdə genderə həssas öyrənmə mühiti yaratmaq məqsədilə ARTİ tərəfindən hazırlanan Məktəbin İnkişaf Planına (MİP) gender yönümlü məsələlər inteqrasiya olunub. Belə ki, məktəbin inzibati və pedaqoji heyətinin gündəlik fəaliyyətlərdə genderə həssas yanaşmanın nəzərə alınması və tətbiqi üçün gender aspektləri bir çox inkişaf istiqamətlərinə daxil edilib.
MİP-də öz əksini tapan genderlə bağlı məsələlərin düzgün və effektiv tətbiqində məktəb heyətinə lazımi metodik dəstək göstərmələri üçün bir qrup metodist təlimatlandırılıb. Bununla bağlı, ilk öncə ARTİ-nin sahə üzrə mütəxəssisləri tərəfindən təlim proqramı hazırlanıb. Sözügedən təlim proqramında əsasən MİP-in hədəfləri və gender məsələlərinin inteqrasiyasının vacibliyi, MİP-ə uyğun olaraq gender yönümlü məsələlərin tətbiqində inzibati heyətə metodiki dəstək göstərməyin yolları, həmçinin valideyn və şagirdlərlə həyata keçiriləcək tədbirlərdə pedaqoji heyətə göstəriləcək metodik dəstəyin vasitələri və digər mövzular əks olunub. Buna əsaslanaraq, cari ilin avqust ayında təşkil edilən təlim zamanı MİP-də genderlə bağlı məsələlərə necə baxılmalı, genderə həssas yanaşma dərsdə və dərsdən kənar fəaliyyətlərə necə inteqrasiya edilməli, müəlimlər və şagirdlər, o cümlədən müəllimlər və valideynlər arasında düzgün əlaqəni necə qurmalı kimi məsələlər metodistlərə müxtəlif pedaqoji strategiyalar vasitəsilə izah edilib. Metodistlər nəzəri biliklərlə yanaşı, bir sıra praktik tapşırıqlar yerinə yetirərək sahə üzrə öz səriştələrini təkmilləşdiriblər.
Qeyd etmək lazımdır ki, “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi BMT-nin Əhali Fondunun maliyyə vəsaiti ilə icra edilir. Layihənin bir qismi həmçinin Avropa İttifaqının dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı tərəfindən maliyyələşdirilir.