Avropa İttifaqı pandemiya dövründə Azərbaycana necə kömək edib?
- Kəsişən sahələr
- Vətəndaş cəmiyyəti
- Gender məsələləri
- İqtisadi inkişaf və bazar imkanları
- Məşğulluq və sahibkarlıq
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- İdarəçilik, qanunun aliliyi və insan hüquqları
- Təhlükəsizlik, sərhədlərarası əməkdaşlıq və sərhədlərin mühafizəsi
- Mobillik və insanlararası əlaqə
- Səhiyyə
Pandemiyanın başlandığı dövrdən etibarən Aİ və onun Team Europe proqramı (buraya Aİ, ona üzv dövlətlər və beynəlxalq maliyyə qurumlarının mənbələri daxildir) bütün altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsinə hərtərəfli dəstək təmin ediblər.
Bu günə qədər təcili diqqət tələb edən ehtiyacları ödəmək, yerli səhiyyə sistemlərinə dəstək vermək və Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın sosial-iqtisadi bərpasına yardım məqsədilə 3 milyard avrodan artıq vəsait ayrılıb.
Qeyd edək ki, bütün Avropada ölkələr, regionlar, şəhərlər və icmalar qonşularına kömək əli uzadır və ən çox köməyə ehtiyacı olanlara yardım edirlər. Bu Avropa həmrəyliyinin təcəssümüdür. Avropa İttifaqı (Aİ) inanır ki, bütün insanlar peyvənd olunmadıqca, xəstəlikdən qorunmaq mümkün deyil.
Bu dəstəkdən kimlər və necə yararlanır?
➔ SƏHİYYƏ SEKTORU
Aİ və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində altı ŞT ölkəsinin səhiyyə sektorlarına dəstək verir. İndiyə qədər bu layihə çərçivəsində 11 milyondan artıq fərdi qoruyucu vasitə, 12000 laboratoriya dəsti, 1500-dən artıq süni tənəffüs aparatı, oksigen konsentratorları və oksimetrləri, o cümlədən 20000-dən artıq PCR test dəsti sözügedən ölkələrə çatdırılıb.
➔ CƏMİYYƏTİN ƏN HƏSSAS QRUPLARI
Şərq Tərəfdaşlığı Həmrəylik Proqramı vasitəsilə vətəndaş cəmiyyəti təşkilatlarına 60000 avrodan artıq büdcəyə malik qrantlar ayrılıb. Belə layihələr arasında distant təhsillə bağlı yerli məktəblərin dəstəklənməsi, müstəqil jurnalistika və nəzarət təşəbbüsləri də var.
➔ KİÇİK SAHİBKARLIQ MÜƏSSİSƏLƏRİ
Aİ kiçik sahibkarlıq müəssisələrinə və özünüməşğul şəxslərə də dəstək verib. Bunun üçün Aİ-yə üzv ölkələrdə və dünyada faəliyyət göstərən maliyyə qurumları ilə sıx əməkdaşlıq edir. EU4Business təşəbbüsü vasitəsilə dəstəyini istiqamətləndirən ittifaq kiçik sahibkarlıq müəssisələrinə və özünüməşğul şəxslərə yerli valyutada kreditlərə asan çıxış imkanı yaradıb. Bu da böhran dövründə və böhrandan sonra bizneslərini böyütmək üçün qrant almaq imkanı verir. Bütün bunlar Aİ-nin, ona üzv ölkələrin və maliyyə qurumlarının, xüsusən də Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının mənbələrini bir araya gətirən “Team Europe” təşəbbüsünün əlaqələndirilmiş fəaliyyətinin bir hissəsidir.
➔ QADINLAR
COVID-19 pandemiyası nəticəsində xüsusilə ev işləri görən və uşaqlarına baxan, xəstələrə və ya yaşlılara qulluq edən qadınlarla bağlı gender bərabərsizliyi problemi özünü daha çox biruzə verməyə başlayıb. Aİ ŞT ölkələrində yaşayan qadınların stereoptipləri aradan qaldırmağına və yaşadıqları icmaların çətin vəziyyətin öhdəsindən gəlməsinə kömək etmək üçün qadınlara yardım göstərir və onlara imkanlar yaradır. Yardımlara iş qadınlarına qrantlar və kreditlərin ayrılması, keyfiyyətli təhsil imkanları və daha ədalətli cəmiyyətin təşviqi daxildir.
➔ PEYVƏND OLUNMAQ İSTƏYƏN ŞƏXSLƏR
● Aİ COVID-19 virusuna qarşı peyvəndlərin hazırlanmasını, istehsalını və ədalətli bölüşdürülməsini sürətləndirmək üçün qlobal əməkdaşlıq proqramı olan COVAX-ın ən böyük dəstəkçilərindən biridir. Aİ-nin “Team Europe” proqramı Aİ büdcəsindən ayrılan 1 milyard avro daxil olmaqla, 2,47 milyard avrodan artıq maliyyə vəsaiti ilə COVAX proqramını dəstəkləyir. COVAX proqramı vasitəsilə ilk peyvəndlər UNICEF-in köməyilə Ermənistan, Azərbaycan, Gürcüstan və Moldova və Ukraynaya çatdırılıb.
● Aİ və ÜST-ün Avropa üzrə Regional Nümayəndəliyi 2021-ci ilin fevral ayından etibarən altı Şərqi tərəfdaşlıq ölkəsinə COVID-19 virusuna qarşı peyvəndlərin çatdırılması və peyvəndləmənin həyata keçirilməsinə dəstək məqsədilə səylərini birləşdirib. Bu, üç il ərzində ümumi büdcəsi 40 milyon avro təşkil etməklə Aİ və ÜST tərəfindən Avropa regionunda həyata keçirilən ən iri miqyaslı birgə fəaliyyətdir və ölkələrin peyvəndləmə işinə hazırlığını gücləndirməyi nəzərdə tutur. Bu proqram, COVAX proqramı, o cümlədən Aİ-yə üzv dövlətlər ilə peyvənd mübadiləsi mexanizmləri vasitəsilə çatdırılan peyvəndlərin səmərəli şəkildə qəbulunu və tətbiqini həyata keçirmək üçün sözügedən ölkələrə təlim, məsləhət və logistika dəstəyi də təmin edir.
● Aİ-də COVID-19 virusundan qoruyan və ya müalicə edən bütün peyvəndlər və dərman preparatları (tətbiqinə icazə verilən) Avropa Dərman Preparatları Agentliyi (EMA) tərəfindən elmi cəhətdən qiymətləndirilib. Tətbiqinə icazə verilən peyvəndlərin yüksək təhlükəsizlik standartlarına cavab verməsi üçün ÜST həm Aİ, həm də digər ölkələrlə sıx əməkdaşlıq edir. EMA-nın internet səhifəsində COVID-19 virusuna qarşı hazırda sınaqdan keçirilən, qiymətləndirilən və tətbiqinə icazə verilən peyvəndlərə baxa və ya ÜST tərəfindən COVID-19 virusuna qarşı peyvəndlərin təhlükəsizliyinə dair ən son məlumatları oxuya bilərsiniz.
➔ YALAN MƏLUMATLARA İNANMAYAN ŞƏXSLƏR
COVID-19 virusu səbəbindən səhiyyə sistemində müşahidə olunan böhran yalan məlumatların və dezinformasiyanın yayılmasına şərait yaradır. Bu da peyvəndlərin yan təsirləri və ölüm halları ilə bağlı səhv məlumatlar yayaraq mövcud tərəddüdləri artırır. ŞT ölkələrində əsas dezinformasiya hekayələrindən biri Avropada hazırlanan peyvəndlərin təhlükəli olmasına dair iddia ətrafında qurulub. Aİ-nin dezinformasiyaya qarşı aparıcı təşəbbüsü olan EUvsDisinfo kampaniyası ŞT ölkələrində peyvəndlərlə bağlı dezinformasiyasın yayılmasını və təsirini davamlı olaraq izləyir və təhlil edir. Hər həftə yenilənən və COVID-19 ilə bağlı dezinformasiya hallarının toplandığı məlumat bazasına baxa və ya analitik məqaləni buradan oxuya bilərsiniz. Qeyd edək ki, EUvsDisinfo təşəbbüsü, peyvəndlərə inamsız yanaşan şəxslərə kömək etmək üçün altı bənddən ibarət bələdçi də hazırlayıb.