Avropa İttifaqı jurnalistlər üçün müsabiqənin qaliblərini elan etdi
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-Azərbaycan əməkdaşlığı mövzusunda Azərbaycanın çap, TV/radio və onlayn mediası üçün keçirilən müsabiqənin qaliblərini elan edib.
Azərbaycanın media mütəxəssislərindən ibarət münsiflər heyətinin qərarına əsasən 3 kateqoriya üzrə 5 qalib seçilmişdir.
- Çap və ya onlayn mediada ən yaxşı yazı:
Elena Kosolapova və Kelli Çaib De Mares (Azeri Observer Magazine)
Fərman Nəbiyev (mi-news.az)
Aydın Səlimli (qaynarinfo.az)
- Radioda ən yaxşı reportaj:
Türbət Bağırova (“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC)
- Ən yaxşı onlayn və ya çap bloqu, çap və ya onlayn mediada ən yaxşı rəy və ya köşə yazısı:
İsmayıl Fətəliyev (mediaman.az)
Hər bir kateqoriya üzrə qalib şəxslər 500 AZN dəyərində hədiyyə kartı mükafat alacaq.
Müsabiqəyə təqdim edilmiş işlər bir neçə meyar əsasında qiymətləndirilmişdir: uyğunluq, işıqlandırmanın dərinliyi, diqqət mərkəzi, ədalətlilik və balans, yaradıcılıq, üslub və təsir.
Müsabiqənin əsas məqsədi Aİ-nin həyata keçirdiyi fəaliyyət və onların Azərbaycan əhalisinin gündəlik həyatına təsiri barədə ictimai məlumatlandırmanı artırmaq idi.
Qeyd edək ki, müsabiqə 18 fevral 2021-ci ildə elan olunmuşdur. İşlərin hər biri Azərbaycan, ingilis və ya rus dillərində yazılmalı və dərc edilməli/yayımlanmalı/yüklənməli idi. Müsabiqədə Azərbaycan vətəndaşları və ya Azərbaycanda akkreditə olunmuş beynəlxalq media nümayəndələri iştirak edə bilərdilər.