Skip to main content

“Avropa İttifaqı Ətraf Mühit naminə” proqramı dairəvi iqtisadiyyat, müvafiq inkişaf və iş yerlərinin yaradılması imkanlarının təşviq edilməsində Azərbaycanı dəstəkləyir

23/08/2021

Dairəvi iqtisadiyyatın sənayenin inkişafı və yeni iş yerlərinin açılması üzrə verdiyi imkanları müzakirə etmək üçün EU4Environment proqramı çərçivəsində 100-dən çox nümayəndənin iştirak etdiyi onlayn tədbir keçirildi. Tədbirdə hökumət orqanlarının (İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi daxil olmaqla), beynəlxalq təşkilatların, yerli hakimiyyət orqanlarının nümayəndələri, özəl sektor və QHT-lərin təmsilçiləri iştirak etdilər. Tədbir zamanı iştirakçılar Azərbaycan və Avropa İttifaqı müəssisələrinin daha “yaşıl” olmalarının faydalarını və EU4Environment proqramının yeni inkişaf və məşğulluq imkanlarını necə dəstəkləyə biləcəyini müzakirə etdilər. Tədbir 13 avqust 2021-ci il tarixdə proqramın “Dairəvi İqtisadiyyat və Yeni İnkişaf İmkanları” komponenti çərçivəsində baş tutdu. EU4Environment Şərq Tərəfdaşlığı ölkələrində “yaşıl iqtisadiyyat”a keçidi təmin etmək üçün Avropa İttifaqının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilir.

“EU4Environment proqramı və UNIDO-nun köməyi ilə Dairəvi İqtisadiyyat istiqamətində əhəmiyyətli addımlar atılır. Belə ki, bu sahədə, eləcə də sahilyanı ərazilərdə yaşıllaşdırma işləri, resursların səmərəliliyi və ətraf mühitin çirklənməsinin qarşısının alınması ilə bağlı vacib sənədlər hazırlanmaqdadır. Bu tədbirin və ümumiyyətlə layihənin əsas məqsədi KOB-lar arasında resursların səmərəli və effektiv şəkildə istifadə olunmasını təşviq etməkdir. İqtisadi artım və iqtisadi inkişaf ekoloji problemlərin həlli ilə paralel getməlidir.” -Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Resurslarından İstifadənin Tənzimlənməsi sektorunun müdiri cənab Faiq Mütəllimov qeyd etdi.

“Avropa İttifaqı iqlim və ətraf mühit üzrə fəaliyyətləri daha da gücləndirməkdədir. Avropa Yaşıl Sövdələşməsi ilə insanların rifahını və sağlamlığını yaxşılaşdırmağı və Aİ-ni daha resurs səmərəli və rəqabətli iqtisadiyyata keçirməyi hədəfləyirik. Oxşar inkişaf strategiyası Azərbaycana da fayda verə bilər. EU4Environment, Azərbaycanın milli prioritetlərini iqlim və ətraf mühit üzrə ortaq hədəflərimizlə əlaqələndirmək üçün dəstək vasitəsidir. Bu prosesdə KOB-lar vacib iştirakçılardır və Aİ-nin dəstəyi sayəsində ətraf mühit və iqtisadi göstəricilərini artıra bilərlər.” – Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri cənab Viktor Boykov qeyd etdi.

İstehsal sektorunda dairəvi iqtisadiyyatın təcrübə və prinsiplərinin tətbiqi istiqamətində ilk addım olaraq Sənaye Tullantılarının Xəritələşdirilməsi nəticəsində pilot bölgələrin əldə edə biləcəyi üstünlüklər barədə məlumat almaq iştirakçılar üçün xüsusilə faydalı oldu. Eyni zamanda, tədbirdə iştirak edən müəssisə nümayəndələrinə resurs səmərəli və daha təmiz istehsal konsepsiyası üzrə yeni perspektivlər izah edildi və onlarla əməkdaşlıq və məlumat mübadiləsi üçün imkanların nəzərdən keçirilməsi təşviq edildi.

“Sənayenin İnklüziv və Davamlı İnkişafına fokuslanan UNIDO-nun mandatı sənayeni yalnız iqtisadi baxımdan gəlirli deyil, həm də ətraf mühit üçün daha az zərərli etməkdir. Xüsusilə, Dairəvi İqtisadiyyatı istehsal müəssisələrində məhsul, texnoloji proses və xidmətlər üzrə boşluqları doldurmaq üçün vasitə kimi təbliğ edirik. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panelin (IPCC) son hesabatına əsasən, bir çox ölkələrin iqtisadiyyatının əsasını təşkil edən kiçik və orta biznes müəssisələri (KOB-lar) ilə işləməyin daha yaxşı ətraf mühitə nail olmaq və kəskin iqlim dəyişikliyinin qarşısını almaq üçün vasitə olduğunu nəzərə almalıyıq” – UNIDO-nun Ətraf mühit və Enerji Müdirliyinin Beynəlxalq Koordinatoru xanım Tatyana Çernyavskaya bildirdi.

Görüşün sonunda Azərbaycan müəssisələrinin RSDTİ metodologiyasını daha yaxşı mənimsəmələri və faydalanmalarına dəstək olacaq EU4Environment proqramı ilə nəzərdə tutulan tədbirlər və növbəti addımlar iştirakçıların diqqətinə çatdırıldı.

Onlayn tədbir Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin səhifəsində canlı yayımlandı və istənilən vaxt təkrarən izlənilə bilər.