Ataların ev işlərində iştirakı ailənin xoşbəxtliyi deməkdir

Ataların ev işlərində iştirakı ailənin xoşbəxtliyi deməkdir

12/07/2021

  • Kəsişən sahələr
  • Vətəndaş cəmiyyəti
  • Gender məsələləri
  • Mobillik və insanlararası əlaqə

“Mən uşaq olanda atam həmişə deyərdi ki, evdə kişi odur və necə istəsə elə də olmalıdır”.

Dumitru Dunas Moldovada yaşayan gənc atadır və özü də istəmədən ənənələrə uyğun tərbiyə olunduğundan söz açır. “Atam heç vaxt anama harasa getməyə və işləməyə icazə vermirdi. O, qadının yalnız evdə ev işləri ilə məşğul olmasının, kişilərin isə evdən kənarda işləməyinin tərəfdarı idi.

Dunas övladlarını bu cür böyütmək istəmir. O, hər gün yemək bişirmək, beş uşağının qayğısına qalmaq kimi ev işləri ilə məşğul olur. “Uşaq olanda atamın yoxluğundan çox əziyyət çəkdiyim üçün bir atanın övladlarına yaxın olmağının nə qədər vacib olduğunu anladım.”

Dunas kimi atalara dəstək vermək və digər kişiləri də öz övladlarının gündəlik həyatında daha yaxından iştirak etməyə həvəsləndirmək “EU 4 Gender Equality: Gender stereotipləri və genderə əsaslanan zorakılığa qarşı birgə mübarizə” adlı proqramın əsas məqsədlərindən biridir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu proqram Birləşmiş Millətlər Təşkilatının Qadınlar üzrə Agentliyi (UN Women) və Əhali Fondu (UNFPA) tərəfindən Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada həyata keçirilir. 2020-ci ilin yazından etibarən icra olunmağa başlayan “EU 4 Gender Equality” proqramı ailədə məişət işlərinin bərabər bölüşdürülməsinə dair mesajlar vasitəsilə artıq milyonlarla insanı əhatə etmişdir. Layihə çərçivəsində regionda həmçinin atalar klubu, təlim sessiyaları, eləcə də ata və övladlarının iştirakı ilə müxtəlif fəaliyyətlər təşkil edilib.

Atalıq əyləncəlidir

Avtoritar atalıq normalarının ailə münasibətlərini zəiflədə biləcəyi yerlərdə ilk addım ataların uşaqları ilə vaxt keçirmələri üçün şərait yaratmaqdır. Ukrayna, Gürcüstan və Moldovada atalar klublarında ata və uşaqlar üçün peçenye bişirmə dərsləri, hekayə danışma saatları, rəsm studiyaları və s. təşkil edilir. “EU 4 Gender Equality” layihəsinin tərəfdaşları tərəfindən keçirilən fotoşəkil müsabiqələrində övladları ilə əyləncəli vaxt keçirən ataların fotoları nümayiş edilir. Qız övladları ilə vaxt keçirən atalara həsr olunan bu Facebook qalereyası buna bariz nümunədir.

Genderlə sərt şəkildə müəyyən olunan valideynlik vəzifələrinin bəzi normalarla möhkəmləndiyi və müəyyən ailələrin oğlan övladlarına üstünlük verdiyi Azərbaycanda “Atam məni sevir” adlı maarifləndirmə kampaniyası vasitəsilə atalar və övladları arasında bağların əhəmiyyəti vurğulanıb. Videoların birində bir ata digər insanların inamsız yanaşmasına baxmayaraq, qızının idmanla bağlı çatmaq istədiyi hədəfləri necə müdafiə etdiyindən danışır. Nəticədə onun qızı mükafata layiq görülən gənc güləşçi olmağı bacarmışdır. Beləcə övladlarının həyatında mühüm rol oynayan atalar onların nailiyyətləri ilə qürur duya bilərlər.

Ukraynada 10 şəhərdə musiqi fləşmobları keçirilib və atalar övladları ilə birgə musiqi alətlərində ifa ediblər. Ermənistanda dovşan ailəsi haqqında interkativ kukla teatrı təşkil edilib və gənclərdən ibarət auditoriya ataların ailədəki vəzifələrini və qadının işlərini yenidən nəzərdən keçirmək imkanı qazanıblar.

Atalıq bir işdir

Oyunlar və təntənəli mərasimlərlə yanaşı, uşaqların ev yükünü bölüşən atalara ehtiyacı var. 2020-ci ildə gender stereotipləri ilə bağlı regionda yaşayan minlərlə qadın və kişi arasında keçirilən sorğu göstərir ki, kişi və qadınlardan ibarət respondentlərin əksəriyyəti kişilərin karyerasının qadınların karyerasında daha önəmli olduğunu düşünür. Qadınların ödənişsiz məişət qayğılarının əksəriyyətini görməli olduqları cəmiyyətlərdə, analar vaxtlarını məişət işləri və uşaqlara qulluq üçün qeyri-mütənasib şəkildə sərf edirlər. Cəmiyyətin gözləntilərini qarşılamaq cəhdləri qadınların karyeralarının inkişafı üçün daha az vaxtlarının olmasına gətirib çıxarır. “EU 4 Gender Equality: Gender stereotipləri və genderə əsaslanan zorakılığa qarşı birgə mübarizə” layihəsi ailədə vəzifə və öhdəliklərin qadınlar və kişilər arasında bərabər bölüşdürülməsinin təşviqi vasitəsilə sözügedən stereotiplərlə mübarizə aparır.

Layihə klublar, televiziya verilişləri, sosial media və digər fəaliyyətlər təşkil etməklə ataları yemək hazırlamaq, çirkli qabları yumaq və evi təmizləmək kimi gündəlik ev işlərini görməyə həvəsləndirir. Ermənistanda isə bu proqram çərçivəsində “Ailə güşələri” yaradılıb. Burada valideynlər ev işləri ilə bağlı bacarıqlarını artırır, eyni zamanda uşaqlara qulluq və ev işlərini bərabər şəkildə bölüşməyə borclu olduqlarını və uşaqlara zərərli ola biləcək gender stereotiplərini öyrənirlər. Bu güşələrdə əsəbin idarə edilməsi, məişət zorakılığının qarşısının alınması və gender əsaslı cinsi seçim kimi mövzular diqqət mərkəzində saxlanılır.

Azərbaycanda sosial mediada yayımlanan mesajlar göstərir ki, kişilər məişət işləri ilə məşğul ola bilərlər. 2021-ci ilin iyun ayında Atalar Günü ərəfəsində Ukraynada populyar bir telekanal ataları övladının saçlarını daramaq kimi müəyyən uşaq baxımı tapşırıqlarını icra etdikləri foto və videoları göndərməyə səsləyib. Ukraynada keçirilən #21daysofrealfather challenge müsabiqəsinin iştirakçıları isə kanalın səhər şousunda çıxış ediblər.

İlk gündən ata qayğısı

Bu proqram ataların ilk gündən etibarən uşaqları ilə məşğul olduğu bir dünya təsəvvür edir. EU4GE tərəfindən maliyyələşdirilən “Atalar məktəblərində” kişilərə hamilə yoldaşlarını doğuşdan əvvəl həkimə ziyarətlərdə müşayiət etdikdə nə ilə rastlaşa biləcəkləri izah edilir, həmçinin körpənin başını düzgün saxlamaq kimi körpələrə qulluqla bağlı əsas bacarıqlar aşılanır. Dərslərlə yanaşı, istinad etmək üçün təlimat kitabçası hazırlanıb və yerli dillərə tərcümə olunub. Tibb işçilərinin kişilərin doğuşdan əvvəl hamilə qadına qulluq etmələrini təmin etmək üçün layihə çərçivəsində xüsusən uşaq gözləyən cütlüklərlə söhbət edən tibb işçiləri üçün təlim materialları hazırlanıb.

Mirian Jugeli Gürcüstanda atalıq məzuniyyətinə çıxan ilk şəxslərdən biridir. O, Gürcüstanda EU4GE tərəfindən maliyyələşdirilən atalar məktəbləri açan MenCare Georgia təşkilatının həmtəsisçisidir [Facebook videosuna baxın]. Jugeli deyir ki, bir çox kişi evdə kişi və qadın vəzifələrinin olduğunu və uşağa qulluğun qadınlara aid iş olduğunu düşünür. “Mən insanların “Həyat yoldaşınıza kömək edirsinizmi?” sualına əsəbləşirəm. Valideynlik həyat yoldaşına kömək etmək demək deyil, uşağı böyüdüb tərbiyə etmək üçün bərabər öhdəlik və imkanlar deməkdir. Atalıq məktəbləri atalara köməkçi və iştirakları məcburi olmayan bir ailə üzvü kimi yanaşmaqdansa, onların valideynlik borclarını tam yerinə yetirməsinə kömək edir.

Gürcüstanda keçirilən təlim sessiyalarında atalar uşaqlara qulluq ilə bağlı suallar verirlər. “Bizə “Körpənin boğazında yemək tıxanarsa necə edək? kimi suallar verirlər”, – deyə Jugeli bildirir. Atalar həmçinin uşaq bezi, krem və ilk yardım ləvazimatları kimi vasitələrin “ata çantasına” toplanılması kimi faydalı məsləhətlərlə tanış olublar.

Moldovada atalar klubunun iştirakçıları atalarından onlara qalan irsin həm yaxşı, həm də pis tərəflərini düşünməklə kluba qatılıblar. Onlar “Atamla bağlı, ancaq övladımla təkrarlamaq istəmədiyim bir şey…” mövzusu ətrafında fikir mübadiləsi aparırlar. Klublar valideyn olmaqdan əvvəl gənc kişilərlə də işləyirlər. 17 yaşlı Yonuț Çintea sağlam vərdişləri stereotiplərdən ayırmağı öyrəndiyini və övlad tərbiyəsi haqqında daha çox məlumat aldığını söyləyir. O, deyir ki, ata olanda mümkün qədər yaxşı valideyn olacaq. “Onlarla vaxt keçirəcəyəm, onları sevdiyimi deyəcəyəm, həyatlarının bir hissəsi olacağam”.

Atalıq hüquqlarla başlayır

Bəzən kişilər övladlarının həyatlarında daha çox iştirak etmək istəyirlər, amma işdə təzyiqlə üzləşirlər və karyeralarına üstünlük verməli olurlar. Layihənin tərəfdaşları ilə birgə BMT-nin Qadınlar üzrə Agentliyi və UNFPA ataların uşaqlarına daha çox vaxt ayırmalarına imkan verən valideyn məzuniyyəti, ailələrə dost şirkət siyasəti və qanunvericilik dəyişiklikləri üçün təbliğat aparırlar. 2021-ci ilin may ayında Belarusda keçirilmiş onlayn tədbirdə şirkətlər insan qaynaqları siyasətlərini ailələrə daha yaxşı uyğunlaşdırmağı öyrəniblər.

“İş burasındadır ki, sosial və əqli dəyişikliklər vaxt tələb edir, bəzən onilliklər. Roma bir gündə tikilməyib”, – deyə MenCare təşkilatının həmtəsisçisi Jugeli əlavə edir. “Ancaq işimizin nəticələrini artıq görürük. Biz kişilərin övladları üçün bütün məsuliyyəti öz üzərlərinə götürdükləri və ailələrinin gündəlik həyatında iştirak etdiyi bir cəmiyyətə daha da yaxınlaşmaq əzmindəyik”.

Bu məqalə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin Qadınlar üçün İnkişaf Fondu və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən “EU 4 Gender Equality: Gender stereotipləri və genderə əsaslanan zorakılığa qarşı birgə mübarizə” proqramı çərçivəsində hazırlanıb. Proqram kişilər və qadınların ailə və cəmiyyətdəki rolu haqqında təsəvvürləri dəyişdirərək və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində çalışaraq qadın və kişilər üçün bərabər hüquq və imkanları gücləndirmək məqsədi daşıyır.

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021