Skip to main content

Arzunun şirin həyatı

03/09/2020

Arzu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qənnadçı-şirniyyatçı ixtisası üzrə təhsil alıb. Bu gün o, artıq çox sevdiyi işi ilə məşğul olur – Bakıdakı məşhur şirniyyat evlərindən biri “AZZA”da şirniyyatçı vəzifəsində çalışır.

Arzu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədris olunan bu ixtisas barədə məlumatı Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində təşkil edilən “Açıq Qapı” günündə alır. O, təəssuratlarını bizimlə bölüşür. 

“Əvvəllər bir neçə dəfə təcrübə keçmək üçün otel və restoranlara müraciət eləsəm də müsbət cavab ala bilmirdim. Bu layihə barədə eşidəndə anladım ki, müəssisələrdə praktiki təlimlərdə iştirak etmək gələcəkdə uğurlu karyera qurmağım üçün önəmli rol oynayacaq. Sənədlərimi toplayıb dərhal müraciət elədim. Bununla da xəyalımı gerçəkləşdirmək imkanı qazandım”. 

ED-VET layihəsi çərçivəsində aparıcı müəssisələrdə təcrübə təlimlərində iştirak etmək imkanlarının təmin edilməsi tələbələr üçün olduqca əhəmiyyətlidir. Arzu öz təcrübə təlimini Qafqaz Tufandağ Hotelində keçib. O düşünür ki, öz sahəsində peşəkar olan ustalar ilə birgə çalışmaq gələcək karyerasının təməlinin qurulmasında və inkişafında əhəmiyyətlidir. 

Mahir kulinarların yanında çalışmaq çox önəmlidir. Nəzəri biliklər kifayət etmir! Nəzəri bilikləri real iş şəraitində praktik şəkildə tətbiq etməlisən” – deyə Arzu qeyd edir. “Artıq Bakının  məşhur şirniyyat evlərindən biri “AZZA”da işləyirəm. İxtisasım və təlimdə aldığım faydalı biliklər  olmasaydı buna nail ola bilməyəcəkdim. Layihənin köməyi olmasaydı uğur qazanmaq çətin olacaqdı”.

LAYİHƏ HAQQINDA MƏLUMAT

Layihənin adı Qəbələ, İsmayıllı və Qax rayonlarında turizm və kənd təsərrüfatı sahələrində duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi
Prioritet sektor PTT: Turizm və Kənd Təsərrüfatı
İcra edən tərəf Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH
Benefisiar Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi
İcra müddəti 33 ay (09.2017 – 06.2020)
Avropa İttifaqının büdcəsi 2 200 000 Avro
Layihənin əsas məqsədi Layihənin əsas məqsədi kənd təsərrüfatı və turizm sahələrində Peşə Təhsili və Təlimin (PTT) cəlbediciliyini və əmək bazarına uyğunluğunu artırmaqdır.

Bu tədbirin spesifik məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarındakı 3 PTT mərkəzində kənd təsərrüfatı və turizm sahəsində ikitərəfli PTT pilotlarının yaradılmasıdır.

Layihənin icra edildiyi regionlar Qəbələ, Qax, İsmayıllı