
Aİ, Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlararası təhlükəsizlik və bağlantılar sahəsində əməkdaşlığı gücləndirir

16 noyabr tarixində Aİ-nin Ali Nümayəndəsi Kaya Kallas, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos və beynəlxalq tərəfdaşlıqlar üzrə komissar Yozef Sikela Brüsseldə keçirilən Regionlararası Təhlükəsizlik və Əlaqəlilik üzrə İkinci Nazirlər Görüşündə Aİ, Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu nümayəndələrini qəbul ediblər.
Görüşdə Aİ-yə üzv dövlətlərin, Azərbaycan, Ermənistan, Moldova Respublikası, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna və Özbəkistanın xarici işlər nazirləri və yüksək səviyyəli nümayəndələri nəqliyyat, rəqəmsal texnologiyalar və energetika kimi ortaq maraq kəsb edən sahələrdə əməkdaşlığı dərinləşdirmək öhdəliklərini bir daha təsdiqləyiblər. Onlar ortaq təhlükəsizlik çağırışlarının birgə həllinin və regionlararası bağlantıların gücləndirilməsinin sülhün, sabitliyin, dayanıqlılığın və davamlı iqtisadi artımın əsas hərəkətverici qüvvələri olduğunu vurğulayıblar.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 2026-cı il “İttifaqın vəziyyəti” haqqında müraciətində elan etdiyi və Aİ-nin flaqman təşəbbüsü olan Orta Dəhliz marşrutları şaxələndirmək, ticarət axınlarını üç dəfə artırmaq və 2030-cu ilədək yükdaşımaların tranzit müddətini kəskin azaltmaq məqsədilə Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqazla, Türkiyə və Qara dəniz üzərindən isə birbaşa Avropa bazarı ilə biləşdirəcək.
Regionlararası Təhlükəsizlik və Əlaqəlilik üzrə Birinci Nazirlər Görüşünün və Aİ-nin Qara Dəniz Strategiyasının icrasına dair hesabatının dərc olunmasının ardınca Aİ və onun Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiyadan olan tərəfdaşları əldə edilən irəliləyişləri dəyərləndirmək, eləcə də bağlantılar, təhlükəsizlik, sülh və sabitlik üzrə regional əməkdaşlığı gecləndirmək üçün yenidən bir araya gəliblər.
Müzakirələr Qara dənizdə təhlükəsizlik vəziyyətinin pisləşməsi, xüsusilə son zamanlar mülki gəmilərə edilən dron hücumları və quruda baş verən dron müdaxilələri fonunda keçirilib. Bu məqsədlə iştirakçılar risklərin erkən aşkarlanmasına, infrastrukturun mühafizəsinə, hibrid təhdidlərə qarşı mübarizəyə və minatəmizləmə işlərinə diqqət yetirməklə dənizdə təhlükəsizlik üzrə imkanların gücləndirilməsi sahəsindəki əsas təşəbbüsləri müzakirə ediblər. Bolqarıstan və Rumıniyanın birgə ev sahibliyi etdiyi Qara Dəniz Təhlükəsizliyi Mərkəzi daha təhlükəsiz və proqnozlaşdırıla bilən dəniz mühitinin yaradılmasına töhfə verəcək.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bolqarıstan və Rumıniyaya son səfəri Avropanın Qara dənizdə gəmiçilik azadlığını bərpa etmək və qoruyub saxlamaq əzmini bir daha nümayiş etdirib. Bu çərçivədə mərkəzin yaradılması üçün 50 milyon avro məqsədli maliyyə vəsaitinin ayrıldığı elan olunub, eləcə də dənizdə axtarış-xilasetmə əməliyyatlarını dəstəkləmək məqsədilə hər iki ölkəyə əlavə olaraq iki 10 milyon avroluq maliyyə tranşı təqdim edilib.
İştirakçılar həmçinin Rusiyanın Qara dənizdəki “kölgə donanmasına” və hibrid fəaliyyətlərinə qarşı davamlı birgə səylərin göstərilməsi, alternativ ixrac marşrutları vasitəsilə Ukraynanın dayanıqlılığının artırılması və ərzaq tədarükünün qlobal bazarlara çatdırılmasına imkan yaratmaq üçün Qara dənizdə ölümcül hücumlara son qoyulması zərurətini müzakirə ediblər.
2025-ci ilin oktyabrında Lüksemburqda keçirilmiş Birinci Nazirlər Görüşündən bəri Qara Dəniz Strategiyasının əlaqəlilik istiqaməti siyasi niyyətdən konkret icra mərhələsinə keçib. Məqsəd Avropa İttifaqı, Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, rəqəmsal və enerji əlaqələrini gücləndirməkdir.
23 iyun 2026-cı il tarixində fəaliyyətə başlayan Regionlararası Bağlantı Platforması bu işlərin əlaqələndirilməsi üçün çərçivə təmin edir. Əsas prioritetlərdən biri sərhəd prosedurlarına, gömrük əməkdaşlığına, ticarətin asanlaşdırılmasına və kommersiya baxımından səmərəli xidmətlərə daha çox diqqət yetirməklə Orta Dəhlizi / Trans-Xəzər Nəqliyyat Dəhlizini dayanıqlı, səmərəli, iqlim dəyişikliklərinə davamlı və rəqabətqabiliyyətli multimodal marşruta çevirməkdir. Aİ tərəfdaş ölkələrlə birlikdə əlavə dövlət və özəl kapitalı səfərbər etmək üçün qarışıq maliyyələşdirmə və zəmanətlərdən istifadə edərək nəqliyyat, energetika və rəqəmsal infrastruktura strateji investisiyalar yönəldir. Nəqliyyat sahəsində dəstək əsas dəmir yolu, avtomobil yolu, sərhəd infrastrukturu və limanların modernləşdirilməsinə yönəldilib. Rəqəmsal sahədə prioritet layihələrə təhlükəsiz sərhədlərarası fiber-optik rabitə xətləri, peyk bağlantısı, məlumat mərkəzləri və süni intellektlə bağlı investisiyalar daxildir. Energetika sahəsində isə diqqət regional enerji əlaqələrinin gücləndirilməsinə, enerji bazarlarının və şəbəkələrinin modernləşdirilməsinə, eləcə də bərpaolunan enerji və enerji saxlama sistemlərinin dəstəklənməsinə yönəlib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 2026-cı il “İttifaqın vəziyyəti” haqqında müraciətində elan etdiyi kimi Aİ gələn il Bolqarıstanın Sofiya şəhərində keçiriləcək Regional Bağlantılar Sammitində Aİ-yə üzv dövlətlərin və tərəfdaş ölkələrin liderləri ilə bir araya gələcək. Sammit ən yüksək siyasi səviyyədə regionların bağlantılar üzrə prioritetlərinin irəli aparılması üçün strateji istiqamət verəcək.
Daha çox öyrənin
The post Aİ, Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlararası təhlükəsizlik və bağlantılar sahəsində əməkdaşlığı gücləndirir appeared first on EU NEIGHBOURS east.