
Aİ-nin yeni Qlobal səhiyyə sisteminin dayanıqlığı təşəbbüsü qlobal səviyyədə səhiyyə sisteminin dayanıqlığını gücləndirir

Avropa Komissiyası mayın 13-də Qlobal səhiyyə sisteminin dayanıqlığı təşəbbüsünü qəbul edib.
Bu təşəbbüs güclü çoxtərəfli sistemə və tərəfdaşlarla əməkdaşlığa əsaslanaraq, bir-biri ilə qarşılıqlı əlaqəli bir dünyada Avropada səhiyyə sahəsində təhdidlərə və böhranlara daha cəld cavab tədbirləri görmək üçün Aİ-nin gələcək fəaliyyətinin strateji çərçivəsini müəyyən edir.
Qlobal səhiyyə sisteminin dayanıqlığı təşəbbüsü qlobal səviyyədə səhiyyə sahəsində sabitliyə və kollektiv fəaliyyətə Aİ-nin töhfəsini maksimuma səviyyəyə çatdıran beş əsas prioritet sahədən ibarətdir:
- Daha səmərəli və az fraqmentləşmiş qlobal səhiyyə sisteminin təşviqi. Aİ maliyyələşdirmə boşluqları daxil olmaqla mövcud çətinlikləri həll etmək niyyətindədir. Qlobal səhiyyə məsələlərində Aİ daxilində koordinasiyanın gücləndirilməsi diqqət mərkəzində olacaq. Aİ artıq “Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq – Qlobal Avropa Aləti ” çərçivəsində səhiyyə investisiyaları üçün 6 milyard avrodan çox vəsait səfərbər edib və səhiyyəni Aİ-nin xarici investisiya mexanizmi olan “Global Gateway” təşəbbüsünün əsas komponentinə çevirib.
- Dayanıqlı və ölkə rəhbərliyi tərəfindən idarə olunan səhiyyə sistemlərinin dəstəklənməsi. Aİ ilkin səhiyyə xidmətini diqqət mərkəzində saxlamaqla, konkret investisiyalar və təcrübə mübadiləsi vasitəsilə tərəfdaş ölkələrin səhiyyə sahəsində müstəqilliyə keçidini dəstəkləyəcək.
- Səhiyyə sahəsində beynəlxalq səviyyədə təhdidlərə və böhranlara qarşı profilaktika, hazırlıq və cavab tədbrlərinin gücləndirilməsi. Aİ epidemiya təhdidlərinin aşkarlanması, hazırlıq və reaksiya üçün qlobal şəbəkələri gücləndirməyi nəzərdə tutur. İttifaq müalicə üsulları, vaksinlər və diaqnostika vasitələri daxil olmaqla, tibbi tədbirlərin əlçatanlığını təmin etməklə böhranları idarəetmə potensialını artıracaq. Aİ tərəfindən həmçinin qlobal səhiyyə xərclərinin müəyyənləşdirilməsi üçün qlobal səhiyyə və dayanıqlıq üzrə layihələr dəstəklənəcək.
- Qlobal təchizat zəncirlərinin və əsas səhiyyə məhsullarının istehsalının şaxələndirilməsi. Aİ qlobal təchizat zəncirlərinin şaxələndirilməsini, əsas səhiyyə məhsullarının hazırlanmasını, tibbi əks-tədbirlər və istehsal gücünün artırılması ilə bağlı bilik mübadiləsi üzrə beynəlxalq əməkdaşlığı dəstəkləyəcək. Eyni zamanda, Aİ investisiya alətlərinin tətbiqini sürətləndirməyi və tərəfdaş ölkələrdəki investisiyaları dəstəkləmək üçün özəl sektorla əməkdaşlıq imkanlarını araşdırmağı planlaşdırır.
- Elmə inamı artırmaq, dezinformasiya və yanlış məlumatlarla mübarizə aparmaqla cəmiyyətin davamlılığının gücləndirilməsi. Bu, qlobal səhiyyə siyasətinin elmi sübutlara və əməkdaşlığa əsaslanmasını təmin etmək məqsədi daşıyır. Konkret olaraq, təşəbbüs etibarlı elmi məlumatlardan istifadə imkanını yaxşılaşdırmağa, ictimai səhiyyə kommunikasiyası sahəsində tərəfdaş ölkələrlə əməkdaşlığı gücləndirməyə və yanlış səhiyyə məlumatlarına qarşı mübarizə səylərini dəstəkləməyə kömək edəcək.
“Son zamanlar bir çox millətin vətəndaşlarına təsir edən hantavirus epidemiyası bizə beynəlxalq əməkdaşlığın getdikcə niyə çox vacib olduğunu xatırladır,” – Aİ-nin Ali Nümayəndəsi Kaya Kallas bildirib. “Bəziləri qlobal sağlamlığı qoruyan çoxtərəfli təşkilatlardan geri çəkildiyi halda, Aİ dəstəyini daha da artırır. Təhlükəli dezinformasiyaya qarşı mübarizə səylərindən tutmuş vaksinlərin və texnologiyaların inkişafına qədər, Aİ bu gün qlobal səhiyyə sisteminə və onu qorumaq üçün beynəlxalq səylərə sadiqliyini bir daha təsdiqləyir”.
Bu prioritetləri fəaliyyətə çevirmək üçün Qlobal səhiyyə sisteminin dayanıqlığı təşəbbüsü milli, regional və qlobal səviyyələrdə doqquz flaqman tədbiri ehtiva edir. Məqsəd isə bütün dünyada hazırlığı artırmaq, koordinasiyanı təkmilləşdirmək və davamlı sistemlər qurmaqdır. Onların icrasına 2026−2027-ci illər arasında başlanılacaq.
Daha çox öyrənin
The post Aİ-nin yeni Qlobal səhiyyə sisteminin dayanıqlığı təşəbbüsü qlobal səviyyədə səhiyyə sisteminin dayanıqlığını gücləndirir appeared first on EU NEIGHBOURS east.