
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi 4-cü dəfə “Avropa təamları” kulinariya festivalını keçirib

Oktyabrın 3-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə birgə ənənəvi olaraq 4-cü dəfə “Avropa təamları” kulinariya festivalını keçirib.
Festival Azərbaycan ictimaiyyətinə milli təamlar, kulinariya ustad dərsləri, viktorinalar, musiqi nömrələri və digər əyləncələr vasitəsilə Avropa mətbəxini, mədəniyyətini və adət-ənənələrini kəşf etmək, eləcə də onlardan zövq almaq imkanı yaradıb.
Aİ Nümayəndəliyinin stendində tanınmış qida blogerləri Elmira Qədirova və Nəzakət Cəfərova (Nazlinin_metbexi) tərəfindən ustad dərsləri keçirilib. Aİ tərəfindən maliyyələşdirilən layihələrdən faydalanan yerli fermerlər də öz orqanik qida məhsullarını nümayiş etdiriblər.
Avstriya, Belçika, Xorvatiya, Fransa, Almaniya, Polşa, Portuqaliya, Slovakiya və İspaniyanın səfirlikləri ziyarətçilərə öz ölkələrinin təamlarını təqdim ediblər.
Tədbir çərçivəsində təşkil olunan viktorinaların qaliblərinə müxtəlif hədiyyələr, o cümlədən Aİ Nümayəndəliyi tərəfindən nəşr olunmuş “Avropa təamları” kitabı təqdim edilib. Kitabda Aİ-yə üzv olan 27 ölkənin Azərbaycan dilinə tərcümə olunmuş ənənəvi reseptləri yer alıb. Həmin kitab həmçinin Aİ Nümayəndəliyinin rəsmi internet saytında elektron formatda mövcuddur.
Daha çox öyrənin
The post Aİ-nin Azərbaycandakı Nümayəndəliyi 4-cü dəfə “Avropa təamları” kulinariya festivalını keçirib appeared first on EU NEIGHBOURS east.