Skip to main content

Uğura aparan yol: “EU4Youth” Məzunlar Şəbəkəsinin beşillik yubileyi və sonuncu məzun buraxılışı qeyd olunur

10/07/2025

Gənclərə öz ideyalarını əməli fəaliyyətə çevirmək üçün platforma və dəstək verildikdə nə baş verir? 2019-cu ildən etibarən “EU4Youth” Məzunlar Şəbəkəsi fəal gənclərə ideyalarını layihələrə çevirməyə kömək edir. Bu layihələr Şərq Tərəfdaşlığı regionunda yaşayan insanların rifahına, eləcə də hüquq və imkanlarının artırılmasına xidmət edir.

Məzunlar Şəbəkəsi Aİ tərəfindən maliyyələşən proqramlardan məzun olmuş gəncləri təşəbbüslərini həyata keçirmək üçün maliyyə, bacarıqlar və mentorluq dəstəyi ilə təmin edir. Fəaliyyətə başladığı vaxtdan bəri 340-dan çox məzun 190-dan çox layihəyə rəhbərlik edib. Ümumilikdə bu layihələrdə 3770-dən çox gənc iştirak edib və onların əksəriyyəti aztəminatlı ailələrin üzvləri olub. Hər bir rəqəmin arxasında yerli icmalarda real dəyişiklik yaratmaq həvəsi və fədakarlıq hekayəsi dayanır.

“EU4Youth” Məzunlar Şəbəkəsinin yaradılmasından beş il ötür. Şəbəkənin beşillik yubileyi onun məzunlarının əldə etdiyi nailiyyətləri xatrlamaq üçün gözəl bir məqamdır. Onların rəhbərliyi ilə altı-səkkiz ay davam edən bu təşəbbüslər necə icra olunmağa başladı? Məzunların gördüyü işlər onların dəstəkləməyə sadiq olduqları maddi imkanları məhdud gənclərdən ibarət yerli icmalardan başlayıb.

Problemlərin müəyyən edilməsi və həll yolunun tapılması

Hər bir məzuna aid təşəbbüsün əsasını şəxsi təcrübə təşkil edir. Bütün layihələr məzunların maraq və ideyaları ilə yanaşı, gənclərin, xüsusilə də aztəminatlı ailələrdən olanların öz icmalarında üzləşdiyi çətinlikləri əks etdirir. Bütün məzunlar dəstəkləmək istədikləri gənclərlə sıx təmasda olurlar, onlarla anlayışa yönəlmiş müsahibələr həyata keçirirlər, qeyri-formal təhsil alətləri və müşahidələr kimi birgə layihələndirmə metodlarından istifadə edirlər. Onlar bu təşəbbüsləri hədəf auditoriyaları üçün və onlarla birlikdə hazırlayırlar.

Bu prosesin əsas elementi hər il keçirilən “IdeaLab” tədbiridir. Regionun hər yerindən məzunlar burada ideyalarını bölüşmək, mentorlardan və həmyaşıdlarından öyrənmək, o cümlədən layihələrini birlikdə işləyib hazırlamaq üçün bir araya gəlirlər. Şəbəkənin Moldovalı mentoru İqor Çura bildirir ki, mentorlar hazır layihə modelləri təklif etməməyə çalışırlar. Bunun əvəzinə onlar “iştirakçıları yaşadıqları icmanın imkanlarını, ehtiyaclarını və maraqlarını qiymətləndirməyə və bunun əsasında öz layihələrini hazırlamağa təşviq edirlər”.Şəbəkə məhz bu yolla bu cür müxtəlif təşəbbüslər hazırlaya bilmişdir.

İdeyalardan nəticələrə doğru

Məzunlar tərəfindən icra olunmağa başlanan layihələr həm format, həm də istiqamət baxımından müxtəlifdir. Təşəbbüslərin əksəriyyəti maarifləndirici xarakter daşısa da, onlar arasında filmlərin seyr edilməsi, oyunlar, ekskursiyalar və açıq havada keçirilən tədbirlər kimi yaradıcı və icma quruculuğuna yönəlmiş fəaliyyətlər də var. Məzunlar övladlarını təkbaşına böyüdən anaların, həbsxanadakı gənclərin və ya uşaq evlərindəki uşaqların cəlb olunduğu fəaliyyətlər kimi daha çətin tapşırıqları yerinə yetirməyə qərar verdikdə hədəf auditoriya ilə qarşılıqlı əlaqə vasitələri müvafiq olaraq uyğunlaşdırılır.

“EU4Youth” Məzunlar Şəbəkəsinin əksər təşəbbüsləri dörd əsas kateqoriyaya bölünür. Onların hər biri gənclərin öz icmalarındakı müxtəlif maraqlarını və ehtiyaclarını əks etdirir. Bu təşəbbüslər arasında liderlik və kommunikasiya bacarıqları, eləcə də rəqəmsal texnologiyalar sahəsində savadlılıq kimi gələcəyin bacarıqlarını inkişafına yönəlmiş Gürcüstanda həyata keçirilən “Qızların gücü” yenilənmiş təşəbbüsü və ya Azərbaycanda həyata keçirilən “Özünü reallaşdır” layihəsi var. Digər təşəbbüslərdə könüllülük, mədəni tədbirlər və vətəndaş dialoqu vasitəsilə daha güclü cəmiyyətlərin qurulması nəzərdə tutulub. Ermənistanda isə məzunlar yezidi və erməni gəncləri arasında qarşılıqlı anlaşmanı və sosial əlaqələri yaxşılaşdırmağa kömək ediblər.

Gənclərin vətəndaş cəmiyyətində iştirakının artırılması mövzusu bir çox təşəbbüsdə öz əksini tapır. Məzunlar gənclərin səslərinin ucaldılması və onların qərar qəbuletmə proseslərinə şüurlu surətdə cəlb edilməsinə çalışırlar. Ukraynanın “Gənclər Klubu” layihəsi çərçivəsində gənclərin vətəndaş cəmiyyəti prosesləri haqqında məlumat almaq və icmalarının formalaşmasında fəal rol oynaya biləcəyi platforma yaradılıb. Nəhayət, demokratiya, inklüzivlik, həmrəylik və sülh quruculuğu kimi Aİ dəyərlərinin təşviqinə yönəlmiş bir neçə təşəbbüs həyata keçirilib.

Fəal və sadiq məzunlar

Bir çox məzun öz fəaliyyətini genişləndirmək, liderlik bacarıqlarını dərinləşdirmək və ya icmalarına dəstəyi davam etdirmək üçün daha bir il üçün Şəbəkəyə geri dönürlər. Məzunlar şəbəkəsi onlara yeni təşəbbüslərini həyata keçirməyə, yaxud mövcud layihələrini yeni səviyyəyə çatdırmağa kömək edir. Geri qayıdan məzunların nisbəti regiondan asılı olaraq dəyişir. Məsələn, Ermənistan və Azərbaycanda hər yeni məzun qrupunun yarıdan çoxu şəbəkəyə yenidən üz tutan iştirakçılardır.

Bəzi məzunlar hətta mentor, regional tədbirlərin təşkilatçısı və ya belə tədbirlərin rəhbəri kimi yeni rollarda şəbəkəyə yenidən üz tuturlar. Gürcüstandan iştirakçı kimi təşəbbüsə qoşulan və daha sonra mentor olan Arçil Tsulaya xatırlayır: “Mənim üçün bu Məzun Şəbəkəsi inkişaf etməyimə kömək edən insanlarla, ideyalarla və təcrübələrlə əlaqədə qalmaq yoludur. Bu, başladığımız yeri çatdığımız yerlə birləşdirən bir körpü kimidir”.

Dinamik sistem və fərdi yanaşma

Şəbəkənin təsis edildiyi ilk vaxtlarda çox çətin şəraitdə fəaliyyət göstərməli olub. Belə ki, şəbəkə üzvləri COVID-19 pandemiyası, siyasi və sosial gərginliklər, region ölkələri arasında silahlı münaqişələr, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi və digər regional və qlobal problemlərlə üzləşiblər.

Bununla belə, proqram çətinliklərin öhdəsindən gəlməyi və vəziyyətə uyğunlaşmağı bacarıb. Məzunlar və mentorlar tələb olunduqda cəld uyğunlaşaraq yanaşmaları dəyişiblər. Onlar fəaliyyətləri onlayn formata keçirərək yeni alətlər sınaqdan keçiriblər, cəmiyyətin dəyişən ehtiyaclarını cəld müəyyənləşdirərək hətta lazım gəldikdə təşəbbüslərə sıfırdan başlayıblar. Bunun bariz nümunəsi Ukraynada həyata keçirilən “Sağ qalmaq üçün tik” təşəbbüsüdür. Burada iki məzun müharibə başlayandan sonra layihələrini yenidən formalaşdıraraq gənclərə praktiki bacarıqlar qazanmaqla yanaşı, icmalarına dəstək olmaq imkanı yaradıblar.

Məzun Şəbəkəsinin əlaqələndiricisi Maks Pijevski izah edir: “Şəbəkənin dayanıqlığı onun strukturundan irəli gəlir: mentorlar hər bir təşəbbüsün konkret ehtiyaclarına uyğun olaraq hər bir məzuna fərdi yanaşırlar. Məzunlar da öz növbələrində icmaları ilə birbaşa əlaqədə olurlar”. Bu, gələcək və davamlı fəaliyyətlər üçün möhkəm və etibarlı bir zəmin yaradır.

Proqram sadəcə bağlanğıcdır

Şəbəkənin məzunlarının əksəriyyəti üçün yaşadıqları cəmiyyətdə fəal iştirakları bu proqramla bitmir. Bu onlar üçün çox vaxt bir başlanğıc nöqtəsidir. Keçmiş iştirakçılar yerli ictimai təşkilatlara, beynəlxalq şəbəkələrə və Aİ tərəfindən maliyyələşdirilən yerdəyişmə proqramlarına qoşulurlar. Onlar həmçinin təhsil, təqaüd proqramları, yaxud siyasət sahəsində və gənclər təşkilatlarında rəhbər, təşkilatçı, mentor və ya gənclərlə iş üzrə mütəxəssis kimi fəaliyyət göstərirlər.

Məsələn, Moldovadan olan keçmiş məzun Kristian Vizir hazırda Moldova Milli Gənclər Şurasının rəhbəridir. Digər keçmiş məzun Qriqore Rinja da həmin şurada müxtəlif vəzifələrdə fəaliyyət göstərir. Rezida Rzayeva Azərbaycandan 100-lərlə qız təşəbbüsünü təsis edib. Bu təşəbbüs milli səviyyədə tanınaraq, UNESCO-nun SDG4YOUTH Şəbəkəsinin 2022-ci ildə keçirilən Təhsili Dəyişən Sammit daxil olmaqla beynəlxalq tədbirlərə dəvətlər alıb və bununla da, fəaliyyətini daha da genişləndirib.

Şəbəkənin güclü fəaliyyəti fərdi inkişafla yanaşı, regional əməkdaşlığa və davamlı tərəfdaşlıqlara da yol açır. Ermənistanda yerli əlaqələri gücləndirən Şəbəkə, Razmik Mnatsakanyanın rəhbərlik etdiyi “Uniting Bridge” (Birləşdirən Körpü) adlı ictimai təşkilatın fəaliyyətini təşviq edib. Anahit Babkenyan və Kristin Hovhannisyan kimi məzunlar Razmiklə birlikdə yerli gənclər üçün təşəbbüslər həyata keçirmək üçün bir neçə digər həmyaşıdları ilə birgə bu təşkilata qoşulublar. “Gənclər təşkilatının üzvü və ictimai təşkilatın lideri kimi “EU4Youth” Məzunlar şəbəkəsi mənim üçün əhəmiyyətli rol oynayıb. Mentorumla görüşdüm, sonradan həmkar olduğum dostlar qazandım və inkişafıma kömək edən tərəfdaşlıqlar qurdum,”-  Razmik deyib. 

Başa çatan proqramın gələcək nəsillər üçün töhfəsi

“EU4Youth” proqramı çərçivəsində sonuncu, yəni beşinci məzun qəbulu dövrü 2024-cü ilin oktyabrında başlayıb. 60 yüksək motivasiyalı iştirakçıdan ibarət məzun qrupu 2025-ci il ərzində gənclərin maarifləndirilməsi üzrə təşəbbüslərini həyata keçirməyə başlayıblar.

“EU4Youth” Məzunlar Şəbəkəsinin yekun tədbiri 12-14 iyul tarixlərində baş tutacaq. Şərq Tərəfdaşlığı regionundan olan məzunları və mentorları bir araya gətirəcək tədbirdə şəbəkənin beşinci dəfə məzun buraxılışı ilə yanaşı, beş məzun buraxılışının hər biri, məzunların nailiyyətləri və əldə etdikləri bilikləri təntənəli şəkildə qeyd olunacaq.

Məzun Şəbəkəsi proqramı sona çatsa da, onun təsiri və töhfəsi davam edəcək. Əldə etdikləri bacarıqlar və qurduqları əlaqələr sayəsində, Şəbəkənin məzunları regionda daha güclü, daha inklüziv cəmiyyətlər qurmağa davam edəcəklər.