Skip to main content

Torpağa bağlılıqdan uğura: Sahib Qurbanovun hekayəsi

26/11/2026

“Torpaq zəhməti sevir. Vaxtında qulluq edəndə o da zəhmətin qarşılığını verir”, – deyə Lerik rayonunun Yuxarı Amburdərə kəndində yaşayan fermer Sahib Qurbanov bildirir.

1998-ci ildən kartofçuluqla məşğul olan Sahib Qurbanov üçün torpaqla işləmək sadəcə gəlir mənbəyi deyil, həm də ailəsindən gələn bir ənənədir. “Biz ailəlikcə torpaqla məşğul olmuşuq. Mən də bu işi davam etdirməyi özümə borc bildim”,  deyə o xatırlayır.

Doğulub boya-başa çatdığı kənddə ailə təsərrüfatını idarə edən Sahib bəy illər ərzində qazandığı təcrübə sayəsində əkin işlərini daha planlı şəkildə qurmağa, hər mövsümə əvvəlcədən hazırlaşmağa və mümkün riskləri azaltmağa çalışır. Lakin onun üçün ən böyük çətinliklərdən biri su çatışmazlığı olub. Son illərdə artan quraqlıq məhsuldarlığa mənfi təsir göstərib. Bu problemin öhdəsindən gəlmək üçün o, öz vəsaiti hesabına kiçik subartezian quyuları qazdıraraq əkin sahələrinin su təminatını yaxşılaşdırıb.

Sahib bəy bitki xəstəliklərinə qarşı vaxtında mübarizə aparmağa, keyfiyyətli gübrələrdən istifadə etməyə və əkin qaydalarına düzgün əməl etməyə xüsusi diqqət yetirir. Bu yanaşma onun təsərrüfatında daha yaxşı nəticələr əldə etməsinə imkan yaradıb.

Təsərrüfatını daha da inkişaf etdirmək və yeni becərmə üsullarını sınaqdan keçirmək istəyən Sahib Qurbanov Avropa İttifaqının maliyyələşdirdiyi “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara İqtisadi Rayonuna Dəstəyi” (EU4Lankaran) layihəsindən dəstək alıb.

Layihə çərçivəsində ona dördü yerli, dördü xarici olmaqla, ümumilikdə səkkiz müxtəlif sort kartof toxumu təqdim edilib. Əkinə başlamazdan əvvəl torpaq analizi aparılıb, mütəxəssislər uyğun sortların seçilməsi ilə bağlı məsləhətlər veriblər. Əkin və məhsulun yetişmə dövrü boyunca isə fermerə davamlı texniki dəstək göstərilib.

Sahib bəy üçün bu dəstəyin ən mühüm nəticələrindən biri müxtəlif kartof sortlarını müqayisəli şəkildə yetişdirmək və onların yerli iqlim və torpaq şəraitinə uyğunluğunu müəyyənləşdirmək imkanı olub. Bu təcrübə ona gələcək əkinlərini daha düzgün planlaşdırmaq üçün faydalı biliklər qazandırıb.

Lakin layihənin yaratdığı imkanlar yalnız əkinçiliklə məhdudlaşmayıb. Sahib Qurbanov layihə çərçivəsində müxtəlif təlimlərə, Türkiyəyə təşkil olunan təcrübə səfərinə və investorlarla görüşlərə qatılıb. Bu fəaliyyətlər ona yeni yanaşmalarla tanış olmaq və təsərrüfatının inkişafı üçün əlavə bilik və bacarıqlar qazanmaq imkanı yaradıb.

Layihənin dəstəyi ilə onun məhsulları üçün “Zuvand dağ kartofu” brendi hazırlanıb, məhsul etiketləri və vizit kartlar dizayn edilərək çap olunub. Bu addımlar məhsulun bazarda tanıdılmasına və satış imkanlarının genişlənməsinə kömək edib.

Sahib bəyin qazandığı yeniliklərdən biri də rəqəmsal imkanlardan istifadə etməkdir. Layihədə iştirakı sayəsində o, məhsullarını sosial şəbəkələrdə tanıtmağı, onlayn resurslardan yararlanmağı və lazımi məlumatları daha sürətlə əldə etməyi öyrənib. Bu gün müştərilərlə əsasən onlayn platformalar vasitəsilə əlaqə saxlayır və sifarişlərini əvvəlcədən planlaşdırır.

Bütün bu yeniliklərə baxmayaraq, Sahib Qurbanov üçün kənd təsərrüfatının ən böyük dəyəri doğma torpağında işləmək və bölgənin təmiz havasından, əlverişli iqlimindən yararlanaraq keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsul yetişdirməkdir.

Gələcəkdə o, təsərrüfatını daha da genişləndirməyi, əlavə işçilər cəlb etməyi və rəqabətqabiliyyətli, dayanıqlı ailə təsərrüfatı qurmağı planlaşdırır.

Sahib bəy inanır ki, illərin təcrübəsini yeni bilik və müasir yanaşmalarla birləşdirməklə kənd təsərrüfatında daha böyük uğurlar qazanmaq mümkündür. Onun hekayəsi göstərir ki, torpağa sevgi, zəhmət və yeni imkanlardan yararlanmaq kənd yerlərində uğurlu inkişaf üçün yeni yollar aça bilər.