Skip to main content

Türkan Məmmədli: Gənc Avropa Səfirindən mədəniyyət səfirinə doğru səyahət

26/11/2026

Türkan Məmmədlinin sakit və yardımsevər davranışı onun səbrinin və əzmkarlığının sübutudur. Onun uğura doğru səyahəti ilk baxışda göründüyü kimi düz xətt üzrə getməyib və heç də asan olmayıb.

O, hazırda Danimarka Krallığının Ankaradakı səfirliyində, səfirin şəxsi köməkçisi olaraq çalışır. Türkan yardım və məsləhət üçün müraciət edən gənclərə dəstək olan bir mədəniyyət səfiridir. Gəlin bir qədər geriyə qayıdaq və Türkanın bu nöqtəyə necə gəlib çatdığını öyrənək.

Türkan ingilis dili üzrə tərcümə ixtisasında bakalavr təhsilini başa vurduqdan sonra bir neçə il şifahi və yazılı tərcüməçi kimi, eləcə də müxtəlif sahələrdə çalışıb. Lakin o, özünü yeni sahələrdə sınamaq və komfort zonasından çıxmaq istəyirdi.

2017-ci ildə Türkan Avropa İttifaqının maliyyələşdirdiyi Gənc Avropa Səfirləri Proqramına qoşulduqda, bu fürsətin onun həyatına və karyerasına necə böyük təsir göstərəcəyini təsəvvür etmirdi. Azərbaycan da daxil olmaqla 30-dan çox ölkəni təmsil edən 2 500-dən artıq gənci bir araya gətirən bu təşəbbüs Avropa İttifaqı ilə gənclər arasında dialoqu gücləndirməyə yönəlmiş müxtəlif fəaliyyətləri əhatə edir.

Türkan yalnız müxtəlif platformalar vasitəsilə Azərbaycanı təmsil etməklə kifayətlənməyib, o, həm də bir çox təlimlərdə iştirak edib; Brüsseldə səfərlərdə olub; ən önəmlisi isə, eyni imkanları öz icmasındakı digər gənclərlə bölüşüb. 

“Mənim üçün Avropa ədalət, birlik, sülh və rifah deməkdir. Bu, əlaqə, əməkdaşlıq və müxtəlif mədəniyyətlərlə təcrübə mübadiləsi deməkdir. Avropa yalnız bir məkan deyil, daim öyrənmək və inkişaf etmək üçün bir fürsətdir.”

 Bu proqramın əsas üstünlüklərindən biri də gənclərin Avropa İttifaqına üzv ölkələrdə mövcud olan təqaüd və imkanlar haqqında daha çox məlumat əldə edə bilməsidir. Komfort zonasından çıxmaq arzusunda olan Türkan İsveçin Qlobal Peşəkarlar üçün Təqaüd Proqramına (SISGP) müraciət etdi, lakin müraciəti qəbul olunmadı. Özü də bir dəfə deyil, düz iki dəfə.

Təbii ki, bu, Türkanın geri çəkilməsinə səbəb olmadı və o, Aİ tərəfindən maliyyələşdirilən başqa bir fürsətdən yararlandı. 2019-cu ildə o, İtaliyada 10 günlük “Erasmus+” mübadiləsi imkanını qazandı və “Əlilliyi olan insanlar üçün şəhərlərdə əlçatanlıq” proqramında iştirak edərək imkanları məhdud olan gənclərin sosial təcridinə qarşı mübarizə apardı. 

Gənc Avropa Səfiri kimi Türkan “Stereotipləri aradan qaldıraq” adlı layihəni həyata keçirərək əlilliyi olan insanların necə qəbul olunmaq istədikləri barədə maarifləndirmə aparıb. 2020-ci ildə isə Türkan Gənc Avropa Səfirlərların İcma Rəhbəri kimi təcrübə proqramında iştirak edib.

Bunların hamısı domino effekti yaratdı. Beləliklə, bir təcrübə digərinə yol açdı, daha çox öyrənmə və inkişaf imkanları yaratdı və İsveç hökumətinin təqaüdünü qazanmaq şansını artırdı. Türkan üçüncü cəhdində müvəffəqiyyət qazandı və nəhayət təqaüdə layiq görüldü. 

“Bakalavr ilə magistr təhsilim arasında 8 illik fasilə oldu, amma çox sayda əngəlləri aşdıqdan sonra təqaüdlə İsveçdə təhsil almaq mənim üçün uzun və çətin yolun ən gözəl yekunu oldu,” — deyə Türkan bildirir. 

O, 2022-ci ildə İsveçin Malmö Universitetində Mədəniyyətşünaslıq üzrə magistr dərəcəsini qazandı.  Əlbəttə, ənənəvi ailədə böyümüş Türkan bəzi stereotipləri qırmaq və gələcəkdə digər gənc azərbaycanlı qadınlar üçün yol açmaq məqsədilə daha çox çalışmağa məcbur oldu. 

“Ən vacib dərs özümə və gördüyüm işlərə inanmaq idi. Zəif cəhətlərinizi üstünlüyə çevirə bilərsiniz. Anladım ki, inkişaf yalnız zamana bağlı deyil — daim öyrənməli, yeniliklərə açıq olmalı və öz üzərinizdə işləməlisiniz.”

Gənc peşəkar və qadın olaraq bir çox stereotipləri və maneələri  dəf edən Türkan kənarda qalmış qrupların problemlərinə xüsusi həssaslıqla yanaşır və insanları gücləndirməyə, onların öz səslərini tapmasına dəstək olmağa çalışır.

“Gənclər mədəniyyətlər arasında əla vasitəçi rolunu oynaya bilərlər. Mingəçevir və Lənkəran kimi regionlara səfərlərimiz Bakıdan kənarda da çıxış etmək, maarifləndirmək və Azərbaycanın bütün bölgələrindəgəncləri ruhlandırmağın nə qədər vacib olduğunu mənə göstərdi.” 

Bu fəaliyyətlərin nəticəsində , o, təqaüd və oxşar proqramlara müraciət edərkən kömək və məsləhətə ehtiyac duyan  bir çox gəncin mentoru olub.

“Mən insanlara kömək etməkdən həqiqətən zövq alıram. Başqalarına kömək etdiyiniz müddətdə hər şeyi yaxşılaşdıra bilərsiniz. Mən karmaya inanıram. Bu ifadəni xoşlayıram: qarşılaşmaq istədiyiniz insan olun. Buna görə də başqaları üçün həmişə belə biri olmağa çalışıram.”

Beləcə, Türkan Azərbaycanla Avropa arasında uğurlu mədəniyyət səfirinə çevrildi! O, müxtəlif rolları və üzvü olduğu şəbəkələr vasitəsilə gəncləri dəstəkləməyə, eləcə də “Avropada Təhsil” sərgisi və Gənc Avropa Səfirləri podkast seriyası kimi müxtəlif tədbir və təşəbbüslər vasitəsilə Avropadakı təqaüd proqramları haqqında məlumatlılığı artırmağa davam edir.

Türkanın sürətlə dəyişən dünyaya ayaq uydurmaqda çətinlik çəkən gənclərə son məsləhəti isə belədir: Sakit olun və öz tempinizdən zövq alın.  Hazırda olduğunuz mərhələni qiymətləndirin. Fasilə vermək və özünüzü dəyərləndirmək vacibdir.