
Rəhim Abasov – Azərbaycandan Avropaya, Avropadan dünyaya uzanan uğur yolu
Bir neçə il əvvəl Rəhim Abasov orta məktəbi bitirib universitetdə təhsil almağa hazırlaşarkən COVID-19 pandemiyası səbəbindən karantin başladı. Məhz bu boşluq dövründə sosial mediada qarşısına təsadüfən çıxan, Avropa İttifaqı Parlamentinin qarşısında əllərində Aİ bayraqları tutan gənclərin şəkilləri onun diqqətini çəkdi. Bu insanların kimliyi onda maraq oyatdı və onları araşdırmağa başladı. Bu araşdırma isə onun təhsil və karyera yolunu kökündən dəyişdirəcək bir sıra hadisələrin başlanğıcı oldu. Həmin şəxslərin Gənc Avropa Səfirləri olduğunu öyrənən Rəhim bu təşəbbüs və proqram haqqında daha çox məlumat əldə etməyə başladı. Bu fəaliyyətin onun maraqları və gələcək planları ilə uyğun olduğunu düşünərək, özü də Gənc Avropa Səfiri olmaq üçün müraciət etmək qərarına gəldi. Beləliklə, 2020-ci ildə proqrama müraciət edərək Gənc Avropa Səfirlərinə qoşuldu. “Gənc Avropa Səfirləri proqramı bu şəbəkəyə və onun ətrafındakı gənclərə töhfə vermək üçün bir fürsətdir. O vaxtdan bəri əldə etdiyim hər şeyə bu şəbəkənin verdiyi imkanlar sayəsində nail olmuşam. İndi isə qazandıqlarımı bu gənclərlə bölüşmək və onlara töhfə vermək vaxtıdır. Bu müddət ərzində Azərbaycanın müxtəlif bölgələrindən 2 000 dən çox gəncə təlim keçmişəm. Dəyişiklik bir nəfərdən başlayır və sonra onun ətrafındakılara təsiri ilə genişlənir. Mən gənc üzvlərə mentorluq etməyi sevirəm”, deyə Rəhim bildirib. Rəhimin hüquqşünaslıq üzrə iki ali təhsili var: Bakı Dövlət Universitetindən bakalavr və Almaniyanın Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüdü çərçivəsində Almaniyanın CAU Kiel Universitetindən magistr dərəcəsi. Həmin illərdə Münhendə olarkən “Allianz”ın nəhəng binasının qarşısından keçən Rəhim öz-özünə: “Bir gün mən burada işləyəcəyəm”, deyir. Bu sadəcə bir arzu olaraq qalmır, sonradan gerçəyə çevrilir.
Kiel Universitetində magistratura təhsilinə başladıqdan cəmi altı ay sonra Rəhim “Allianz” şirkətində İT hüququ, hüquqi risklərin idarə edilməsi və uyğunluq sahələri üzrə işə qəbul olunur. Bu gün Rəhim peşəkar fəaliyyətini beynəlxalq hüquqşünas kimi davam etdirir. Əlbəttə ki, Rəhimin alman dilində səlis danışması ona bu işlərdə kömək edir, lakin onu həqiqətən fərqli edən xüsusiyyət Rəhimin başqaları ilə əlaqə qurmaq, vəkillərin darıxdırıcı və ya ciddi olmaları ilə bağlı stereotipləri qırmaq və insanlara hüququn insani tərəflərini göstərmək bacarığıdır.
O, özünü “cool və rahat” vəkil kimi təsvir edir, çox vaxt qalstuk taxmır və xarizmatik, səmimi və qayğıkeş xarakteri ilə insanlara daha yaxın görünür.
“Mənim üçün vəkil olmaq sadəcə məhkəmə işini udmaq demək deyil. Müştərilərimin xoşbəxt və gülərüz olduğunu görməkdən zövq alıram. Vəkillər şəffaf və insanların tərəfində olmalıdırlar.”
Bəs bu qeyri-standart düşüncə tərzini nə təhrik etdi və uğuru sürətləndirən hansı amillər oldu? Rəhim inanır ki, hər bir fürsət inkişafa aparır. Həm Azərbaycandakı, həm də Avropadakı təcrübəsi Rəhimin gələcəyini böyük ölçüdə formalaşdırdı. Gənc Avropa Səfirləri proqramı ilə başlamaqla Rəhim üçün Avropaya bir çox başqa qapılar açılmağa başladı. 2021-ci ildə o, Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan üzrə məsul nümayəndəsi kimi könüllü olaraq fəaliyyət göstərdi. Elə həmin il o, Poznanda Erasmus+ mübadilə proqramında iştirak etdi və daha sonra, 2022-ci ildə Katovitsedə keçirilən SALTO gənclər tədbirinə də qatıldı.
Mənim üçün Avropa hər kəsin səsinin eşidildiyi, fikirlərin müxtəlif olduğu, tənqidi təfəkkürün və güclü institutların mövcud olduğu bir məkandır. Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə Rəhim gənclərin bu günlərdə bir çox çətinliklərlə üzləşdiyini etiraf edir və onlara sosial mediada gördükləri hər şeyə inanmamağı tövsiyə edir. Bu gün sosial mediada çox şey paylaşılır və Rəhim üçün “Unudulmaq hüququ” gələcəkdə bir imtiyaza çevriləcək. O, gənclərin səbrinin az olduğunu, lakin yavaşlamağın və kiçik qələbələri qeyd etməyin vacib olduğunu anlayır. Rəhimə görə, nəticədə uğura aparan məhz bu kiçik addımlardır.
Vəkillərlə bağlı təsəvvürü dəyişdirmək, digər gənc mütəxəssislərə təlim keçmək və onları dəstəkləmək, eləcə də Gənc Avropa Səfirləri proqramının məzunlarının tədbirlərində fəal iştirak etmək, podkastlara qatılmaq və şəxsi bloqunu davam etdirməklə biliklərini genişləndirmək Rəhim üçün davamlı bir prosesdir. “Gənclər cəmiyyətlər arasında körpüdür. Ölkəmi bütün Avropada təmsil etmək şansım oldu və bu, mənim üçün həqiqətən vacib idi. Almaniyada həmkarlarım üçün Novruz şənlikləri təşkil etdim və bu, onlar üçün çox maraqlı oldu,Novruzun bəzi ənənələri ilə Pasxa ənənələri arasında oxşarlıqlar gördülər. Məhz bu oxşarlıqlar insanlar arasında əlaqə yaradır”.
Gələcəkdə Rəhim üfüqlərini daha da genişləndirmək, dünyanın müxtəlif yerlərinə səyahət etmək və biznes strategiyasını dərindən öyrənməklə maraqlanır, çünki o, özünü həm də biznes düşüncəli hüquq mütəxəssisi kimi görür.
“Bugünkü dünyada heç bir məhdudiyyət yoxdur – Sadəcə çamadanınızı götürüb istədiyiniz yerə gedə bilərsiniz. Amma hər dönüş nöqtəsində tələsməyin. Kiçik qələbələri qeyd edin, çünki inkişaf rəqabət deyil, böyümə prosesi qat-qat daha vacibdir.




