Skip to main content

Məsud Əlisoy – yerli ekosistemi dəyişdirmək missiyası olan innovasiya yönümlü gənc çempion

26/11/2026

Məsudun tarixə, faktlara və rəqəmlərə olan güclü marağı, eləcə də ümumi bilikləri onu “Economist” İntellektual Oyunlar Klubunun İdarə Heyətinin əvvəlcə fəal üzvü və daha sonra isə sədri olmağa gətirib çıxartdı. O, Avropa İttifaqının Gənclər üçün Müsabiqəsi barədə məlumat əldə etdikdə, 2021-ci ildə dostları ilə birlikdə bu yarışmaya qoşulmağa qərar verdi. Onlar müsabiqədə qalib gəlməsələr də, üçüncü yeri tutdular. Lakin tədbiri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birlikdə təşkil edən Gənc Avropa Səfirləri Məsud üçün böyük ilham mənbəyi oldu. Bunun ardınca o, proqrama müraciət etdi, seçim mərhələsini uğurla keçərək qəbul olundu və nəticədə özü də Gənc Avropa Səfiri oldu. Növbəti il Avropa İttifaqının Gənclər üçün Müsabiqəsi yenidən keçiriləndə isə Məsud və komandası bir daha müraciət etdilər və bu dəfə qalibiyyət qazandılar.

YEA proqramının məzunu kimi Məsud bu şəbəkənin gücü və müxtəlifliyindən, həmçinin onun həm peşəkar, həm də şəxsi həyatının vacib bir hissəsinə necə çevrildiyindən bəhs edir.

Oxşar düşüncəyə və dəyərlərə sahib insanlarla eyni şəbəkədə bir araya gəlmək hər zaman asan olmur. Bu proqram isə həm beynəlxalq təcrübə qazanmaq, həm də maraqlarını bölüşdüyün həmyaşıdlarla ünsiyyət qurmaq üçün unikal imkan yaradır. YEA şəbəkəsi müxtəlif sahələrdə fərqlənən, istedadlı və perspektivli gəncləri bir araya gətirməklə yanaşı, sağlam gender balansını da qoruyur. Mən bu şəbəkə vasitəsilə artıq öz sahələrində uğur qazanmış və tanınan bir çox gənclə tanış olmaq imkanı əldə etdim,” deyə Məsud qeyd edir.

“Düşünürəm ki, nə qədər çox beynəlxalq təcrübə əldə edirsənsə, bir o qədər geniş düşüncəli və açıq fikirli bir insana çevrilirsən.”

Məsud üçün Avropa İttifaqı heyrətamiz bir qurumdur, iqtisadiyyatları birləşdirən, eyni zamanda müxtəlifliyi, multikulturalizmi və çoxdilliliyi təşviq edən unikal bir birlik. O, İspaniyanın Barselona şəhərinə ilk səfərini xatırlayaraq qeyd edir ki, küçələrdə eyni anda ispan, fransız, ingilis və katalan dillərinin səsləndiyini eşitmək onda dərin təəssürat yaratmışdı.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə ixtisası üzrə bakalavr təhsili alarkən Məsudun biznes sahəsinə də marağı artmağa başladı və o, ikili diplom proqramında təhsil almağa qərar verdi. Beləliklə, Məsud UNEC və Fransanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Monpelye Universitetinin birgə həyata keçirdiyi Beynəlxalq Menecment və Biznes üzrə ikili diplom proqramını bitirdi və təhsilinin bir ilini Fransada keçirdi.

Bu təcrübə onun həyat yolunu daha da zənginləşdirdi, dünyagörüşünü genişləndirdi və Avropa İttifaqına dair bilik və təcrübəsini daha da artırdı.

“Gənclər mədəni əlaqələrdə mühüm rol oynayır. Qalan proses isə təbii şəkildə inkişaf edir, məsələn, mədəni əlaqələr və qarşılıqlı anlaşma sayəsində biznes və siyasi münasibətlər də formalaşa və inkişaf edə bilər.”

Onun peşəkar karyerası Azərbaycanda aparıcı həyat sığortası şirkətlərindən birində yay intern analitiki kimi başladı. Orada o, zamanla investisiya üzrə mütəxəssis vəzifəsinə keçdi, daha sonra isə bir vençur kapital fondu tərəfindən işə cəlb olundu və hazırda həmin fondun baş investisiya mütəxəssisi kimi fəaliyyət göstərir. Komandaya rəhbərlik edən gənc menecer kimi Məsud deyir ki, bəzən iş yükü çox olur və elə çətinliklərlə qarşılaşırsan ki, onların öhdəsindən yalnız təcrübə ilə gələ bilirsən. Amma sahibkarlığa və innovasiyaya olan həvəsi ona gündəlik çətinliklərdən kənara çıxıb daha böyük mənzərəni görməyə kömək edir.

“Universitetdə və mənim sahəmdə hər şeyi öyrənmək olmur. Bu səbəbdən öz liderlik üslubunu inkişaf etdirmək vacibdir. Təkcə mentorlardan yox, həm də həmkarlarınla düzgün ünsiyyət quraraq, təcrübə mübadiləsi apararaq öyrənmək çox önəmlidir.”

“Mənim sahəmdə investisiyaların insanların həyatına təsirini görmək böyük bir qürur mənbəyidir. Mənim işim startap təsisçiləri ilə görüşmək, investorlara müxtəlif təqdimatlar etmək və lazımi araşdırmalar aparmaqdan ibarətdir. Mən bizneslərin böyüdüyünü və daha çox insanları işə götürdüyünü görmüşəm. Müxtəlif insanlar üçün artan məşğulluq imkanlarının yaranması çox sevindirici haldır.”

Gələcəkdə Məsud investisiya sahəsindəki təcrübəsini daha da genişləndirməyi hədəfləyir və hazırda çalışdığı şirkətdə akselerasiya dövrünü onun üçün xüsusilə maraqlı bir mərhələ kimi görür. İnnovasiya sahəsində inkişaf etməyə can atan bir peşəkar kimi o, həmçinin digər əməkdaşların təlimi və yeni işçilərin seçilib işə qəbul olunması prosesində də fəal iştirak edir. Məsud hətta YEA məzunlarından birini işə qəbul edərək, bu şəbəkənin bir-biri ilə sıx bağlı olan və qarşılıqlı fayda yaradan gənc mütəxəssislər platforması olduğunu bir daha nümayiş etdirib.

“Bizim mədəniyyətdə sabitlik çox vaxt riskdən üstün tutulur. Lakin mən inanıram ki, gənclər zamanla daha sağlam risk etmə cəsarəti formalaşdıraraq mövcud vəziyyətə meydan oxumağa başlayacaqlar. Risk etmək gənclərin inkişafına təkan verir və çox zaman müsbət dəyişikliklərə səbəb olur. Ən azından, bir çox hallarda bu belə olur.”