
Lerikdə almaçılığın inkişafına yeni töhfə: Məhərrəməli Zeynalovun uğur hekayəsi
Lerik rayonunun Lələhiran kəndində yaşayan Məhərrəməli Zeynalov uzun illərdir həyatını kənd təsərrüfatına, xüsusilə də meyvəçiliyə həsr edib. Bu gün onun təsərrüfatında yeni alma sortları yetişdirilir, müasir becərmə üsulları tətbiq olunur və məhsullar “Lerik dağ alması” brendi altında bazara çıxarılır.
Lakin bu nəticəyə gələn yol heç də asan olmayıb. Fermer Məhərrəməli bəyin sözlərinə görə, əvvəllər bölgədə alma istehsalı əsasən ənənəvi üsullarla aparılırdı və məhsuldarlıq aşağı idi. Onun məqsədi həm məhsuldarlığı artırmaq, həm də bazara yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsullar təqdim etmək idi.
Bu məqsədlə Məhərrəməli Zeynalov Avropa İttifaqının maliyyələşdirdiyi “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara İqtisadi Rayonuna Dəstəyi” (EU4Lankaran) layihəsinə qoşuldu. Layihənin göstərdiyi dəstək və təqdim etdiyi imkanlar sayəsində Lerikdə ilk intensiv alma bağını salaraq bölgədə müasir meyvəçilik təsərrüfatının inkişafına mühüm töhfə verdi.
“Bu layihə bizim təsərrüfatımıza yeni nəfəs gətirdi. Artıq məhsulumuzu planlı şəkildə bazara çıxara və alıcıları keyfiyyətli məhsulla təmin edə bilirik”, deyə Məhərrəməli bəy bildirir.
Layihə çərçivəsində ona dörd müxtəlif sortdan “Starkrimson”, “Golden Delicious”, “Pink Lady” və “Qala” sortlarının hər birindən 160 ədəd olmaqla, ümumilikdə 640 yüksək məhsuldarlıqlı alma tingi təqdim edildi.
Ancaq dəstək yalnız tinglərin verilməsi ilə məhdudlaşmadı. Mütəxəssislər Məhərrəməli bəyə əkin sahəsinin və torpağın düzgün hazırlanması, tinglərin əkilməsi, suvarma, budama, xəstəlik və zərərvericilərlə mübarizə, eləcə də məhsulun saxlanılması üzrə praktiki təlimlər keçdilər. Layihə həmçinin torpaq analizinin aparılmasına və uyğun əkin sahəsinin seçilməsinə kömək etdi.
Fermer Məhərrəməli bəy təsərrüfatını inkişaf etdirmək üçün yeni bilik və təcrübələr qazanmağa da xüsusi önəm verdi. O, layihə çərçivəsində təşkil olunan “Rəqəmsal savadlılıq” və “Fermadan bazara” təlimlərində iştirak etdi, Bərdə rayonundakı fermer təsərrüfatlarına təlim səfərinə qatılaraq digər fermerlərin təcrübəsi ilə tanış oldu.
Təsərrüfatın inkişafı ilə yanaşı, məhsulun bazarda tanıdılması istiqamətində də addımlar atıldı. Layihənin dəstəyi ilə “Lerik dağ alması” brendi altında müxtəlif ölçülü qablaşdırmalar və vizit kartlar hazırlandı. Həmçinin xarici investorların iştirak etdiyi tədbirə qatılaraq onlarla birbaşa fikir və təcrübə mübadiləsi aparmaq imkanı da qazandı.
Bu gün Məhərrəməli bəy yeni və məhsuldar alma sortları yetişdirməklə yanaşı, Lerikin qədim yerli alma sortlarını qoruyub yaşatmağı da qarşısına məqsəd qoyub. Onun üçün müasir meyvəçilik yalnız yeni texnologiyaların tətbiqi deyil, həm də bölgənin kənd təsərrüfatı ənənələrinin davam etdirilməsidir. Gələcəkdə isə bağ sahələrini genişləndirməyi, məhsuldarlığı artırmağı və “Lerik dağ alması” brendini həm Azərbaycanda, həm də xarici bazarlarda tanıtmağı planlaşdırır.
Məhərrəməli bəy inanır ki, düzgün planlaşdırma, müasir biliklər və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin yaratdığı imkanlar təkcə onun təsərrüfatının deyil, bütövlükdə Lerikdə meyvəçiliyin inkişafına töhfə vermişdir.


