Avropa Komissiyası Aİ-nin sanksiyalar üzrə ofisini yaradıb və sanksiyalar üzrə elçi təyin edib

Noyabrın 18-də Avropa Komissiyası siyasətin işlənib hazırlanmasından tutmuş icra, tətbiq və sanksiyalardan yayınmanın qarşısının alınmasına, o cümlədən üçüncü ölkələrlə əlaqələrin qurulması və əməkdaşlığa qədər bütün sanksiya dövrü üzrə Komissiyanın təcrübəsini bir araya gətirmək məqsədilə Aİ-nin Sanksiyalar üzrə Ofisini təsis edib. Bu yanaşma Aİ-nin üzv dövlətlər və üçüncü ölkələrlə münasibətdə sanksiyaların əlaqələndirilməsi rolunu təmin edəcək və bütün sanksiya rejimlərinə, xüsusilə Rusiya və Belarusa, həmçinin İran, Şimali Koreya, Suriya, eləcə də hibrid təhdidlərə və mütəşəkkil cinayətkarlığa qarşı tətbiq olunan rejimlərə şamil ediləcək.
Aİ-nin Sanksiyalar üzrə Ofisi sanksiyaların əlaqələndirilmiş icrasını və tətbiqini təmin etmək üçün üzv dövlətlərə daha operativ uyğunluq təlimatları, məlumat mübadiləsi, eləcə də iqtisadi və texniki təhlillərlə dəstək göstərəcək.
Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlayandan bəri Aİ 21 sanksiya paketi qəbul etmişdir. Komissiyanın mətbuat üçün açıqlamasında deyilir: “Sanksiyaların işlənib hazırlanması və icrası ilə bağlı tələblər artdıqca Komissiyanın imkanlarının və strukturlarının gücləndirilməsi zəruridir”.
“Aİ-nin sanksiyaları Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə cavab tədbirlərimizin əsas hissəsidir. Hər yeni paketlə biz Rusiyanın müharibə iqtisadiyyatının əsaslarını sarsıdırıq”, – Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib. “Lakin sanksiyaların səmərəli olması üçün onlar tam şəkildə icra edilməli, ciddi nəzarətlə tətbiq olunmalı və yayınma hallarından qorunmalıdır. Məhz buna görə də biz imkanlarımızı gücləndirmək və bütün sanksiya rejimlərimizin təsirini təmin etmək məqsədilə Aİ-nin Sanksiyalar üzrə Ofisini yaradırıq”.
Aİ-nin Sanksiyalar üzrə Ofisi Baş Katibliyin tərkibində təsis ediləcək və Komissar Mariya Luiş Albukerkin siyasi məsuliyyəti altında fəaliyyət göstərəcək.
Yeni ofisin fəaliyyətinin əsas istiqamətlərindən biri sanksiyalardan yayınmanın qarşısının alınması və tərəfdaş ölkələrlə əməkdaşlıq sahəsində Aİ-nin səylərində həlledici rol oynayacaq Aİ-nin sanksiyalar üzrə elçisinə dəstək vermək olacaq. Sözügedən elçi Aİ-nin sanksiyalarından xüsusilə alternativ ticarət marşrutları, maliyyə kanalları və ya satınalma şəbəkələri vasitəsilə yayınma riskini azaltmaq məqsədilə üçüncü ölkələrlə əməkdaşlıq edir.
Komissiya Lars Danielsonu Aİ-nin Sanksiyalarının İcrası üzrə Beynəlxalq Xüsusi Elçi təyin edib. Danielson hazırkı elçi Devid Osallivanın səlahiyyət müddəti başa çatdıqdan sonra, 2027-ci il fevralın 6-da vəzifəsinin icrasına başlayacaq.
Geniş diplomatik və Aİ təcrübəsinə malik peşəkar İsveç diplomatı olan Danielson İsveç Baş Nazirinin Ofisində yüksək vəzifələrdə, o cümlədən Beynəlxalq və Aİ Məsələləri üzrə Dövlət Katibi vəzifəsində çalışmış, son olaraq isə 2016–2023-cü illərdə İsveçin Aİ yanında səfiri və daimi nümayəndəsi olmuşdur.
Sanksiyalar üzrə Ofisin yaradılması çərçivəsində adı çəkilən elçi Baş Katibə təhkim olunacaq və birbaşa Komissar Mariya Luiş Albukerkə hesabat verəcək.
Bu dəyişikliklər 2027-ci il yanvarın 16-da qüvvəyə minəcək.
Daha çox öyrənin
The post Avropa Komissiyası Aİ-nin sanksiyalar üzrə ofisini yaradıb və sanksiyalar üzrə elçi təyin edib appeared first on EU NEIGHBOURS east.