
Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı 2027-ci il üzrə müraciətlərin qəbuluna başlayıb!

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı 2027-ci il üzrə Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı üçün müraciətlərin qəbuluna başlayıb. Proqramda Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan vətəndaş cəmiyyəti fəalları iştirak edə bilərlər. Müraciət edənlərin ən azı 18 yaşı olmalıdır və onlar istənilən yerdən fəaliyyət göstərə bilərlər.
Təqaüdlər Şərq Tərəfdaşlığı regionundakı icmalarda vətəndaş fəallığını təşviq edən və müsbət dəyişikliklər gətirən layihələri dəstəkləyir. Təklif olunan fəaliyyətlər iqtisadi dayanıqlılıq, hüququn aliliyi, ətraf mühitin mühafizəsi, rəqəmsallaşma, sosial ədalət və ya iştirakçı qərarların qəbul edilməsi məsələlərinə həsr oluna bilər.
Müsabiqədən uğurla keçən namizədlər orta hesabla 5000 avro məbləğində maliyyə dəstəyi, həmçinin ekspert dəstəyi və beynəlxalq tədbirlərdə, məzun fəaliyyətlərində iştirak etmək imkanları əldə edəcəklər.
Proqram ümumi təqaüdlər və rəqəmsal təqaüdlər olmaqla iki kateqoriya təklif edir. Namizədlər yalnız bir müraciət təqdim edə biləcəkləri üçün hansı növ müraciətin onların layihəsinə daha yaxşı uyğun gəldiyini diqqətlə nəzərdən keçirməlidirlər.
Namizədlərdən aşağıdakı tələblərə cavab vermələri gözlənilir:
- 18 yaş və ya daha böyük olmaq;
- Şərq Tərəfdaşlığı ölkələrindən birinin (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) vətəndaşı olmaq;
- vətəndaş cəmiyyətinə töhfə verməkdə yüksək motivasiyaya malik olmaq;
- icmanın cəlb olunması və ya vətəndaş texnologiyaları sahəsində əla təqaüd layihəsi ideyasına malik olmaq;
- vətəndaş cəmiyyəti lideri kimi öyrənmək və inkişaf etməkdə iddialı olmaq;
- İngilis dilində sərbəst şəkildə ünsiyyət qurmaq bacarığına malik olmaq.
Müraciət prosesi iki mərhələdən ibarətdir. Müraciət edən şəxslər 11 dekabr 2026-cı il tarixinədək konsepsiya qeydi təqdim etməlidirlər. İlkin mərhələdə seçilmiş şəxslər 2 fevral 2027-ci il tarixinədək tam müraciət ərizəsini təqdim etməyə dəvət olunacaqlar.
2026-cı il noyabrın 10-da müraciət qaydasını izah edən vebinar keçiriləcək.
Təqaüd mükafatlarının 2027-ci ilin mart ayında elan olunacağı və proqramın həmin vaxt başlanacağı gözlənilir.
Daha çox öyrənin
The post Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı 2027-ci il üzrə müraciətlərin qəbuluna başlayıb! appeared first on EU NEIGHBOURS east.