Skip to main content

Şərq Tərəfdaşlığı Yol Təhlükəsizliyi Rəsədxanası regiondakı tərəfdaşları yeni kampaniyaya qoşulmağa dəvət edir

21/08/2026

Şərq Tərəfdaşlığı Yol Təhlükəsizliyi Rəsədxanası (EaP RSO) region ölkələrini əhatə edən 12 aylıq “30 km/saat sürət həyat qurtarır” rəqəmsal media kampaniyasına start verib. 

EaP RSO milli və yerli dövlət qurumlarını, vətəndaş cəmiyyəti təşkilatlarını, özəl sektoru və fərdi şəxsləri kampaniya materiallarını öz resurslarında paylaşaraq bu təşəbbüsə qoşulmağa çağırır.

Kampaniya şəhər daxilində sürət həddinin 30 km/saata endirilməsinin üstünlüklərini təbliğ edir. Təşəbbüs yerli dillərə tərcümə olunmuş sosial media mesajlarını ölkələrə özəl məzmunla birləşdirərək aşağı sürətin nə üçün həyat qurtardığını sakinlərin diqqətinə çatdırır.

“Yol-nəqliyyat qəzaları Şərq Tərəfdaşlığı regionunun bir çox şəhərində əsas ictimai təhlükəsizlik problemi olaraq qalır; region üzrə ölüm göstəriciləri isə Avropa üzrə orta göstəricidən iki dəfədən də yüksəkdir”, — EaP RSO-nin mətbuat üçün açıqlamasında bildirilir. “Şəhərlərdə sürət həddinin 30 km/saatadək azaldılmasının bütün dünyada piyadalar, velosipedçilər və digər yol hərəkəti iştirakçıları üçün təhlükəsizliyi əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı sübut edilmişdir. Dünya Bankının Ermənistan, Gürcüstan və Moldova üzrə hazırladığı Yol təhlükəsizliyi ölkə profillərinə əsasən, tövsiyə olunan təhlükəsiz sürət hədlərinə əməl olunarsa, ölümlə nəticələnən yol qəzalarının sayı 94–97 faizə qədər azala bilər”.

Kampaniya materialları beş tematik istiqamət ətrafında qurulub:

  • Sürət və sağqalma. Nəqliyyat vasitəsinin sürəti qəzanın ağırlıq dərəcəsinə birbaşa təsir edir. Yüksək sürət əyləc məsafəsini artırır, reaksiya müddətini azaldır və ölümcül xəsarət riskini əhəmiyyətli dərəcədə artırır.
  • Uşaq və piyadaların təhlükəsizliyi. Uşaqlar və piyadalar, xüsusilə məktəblərin və yaşayış massivlərinin yaxınlığında yol hərəkətinin ən həssas iştirakçıları sırasındadırlar. Daha aşağı sürət hədləri bu mühitlərdə təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır.
  • Miflər və yanlış təsəvvürlər. Sürətin idarə olunması siyasətinə dair cəmiyyətdəki yanaşmaya çox vaxt yolda keçən müddət, sıxlıq və ya nəzarət tədbirləri ilə bağlı yanlış təsəvvürlər təsir edir.
  • Daha təhlükəsiz və yaşayış üçün daha əlverişli şəhərlər. Sürət həddinin aşağı salınması küyü azaltmağa, piyada və velosiped hərəkətinin təhlükəsizliyini artırmağa, eləcə də daha rahat ictimai məkanlar yaratmaqla daha sağlam şəhər mühitinə töhfə verməyə xidmət edir.
  • Sakinlər üçün faydaları. Təhlükəsiz sürət rejimi daha sakit məhəllələrin formalaşmasına, piyada və velosipedlə hərəkətin artmasına, eləcə də şəhər icmalarında yaşayış keyfiyyətinin yaxşılaşmasına şərait yaradır.

Kampaniyanın bütün resursları — sosial media materialları, başlıqlar və əsas mesajlar ingilis və yerli dillərdə ödənişsiz təqdim olunur.

İlk mövzu olan “Sürət və sağqalma” üzrə materiallar artıq istifadəyə üçün hazırdır və ehtiyaca uyğun tənzimlənə bilər. Qalan dörd mövzu üzrə materiallar isə kampaniya müddətində təqdim ediləcək. 

Şərq Tərəfdaşlığı Yol Təhlükəsizliyi Rəsədxanası beş Şərq Tərəfdaşlığı ölkəsinin – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın birgə təşəbbüsüdür. Qurumun əsas məqsədi 2030-cu ilə qədər yol qəzalarında həlak olanların sayını 50% azaltmaqdır.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post Şərq Tərəfdaşlığı Yol Təhlükəsizliyi Rəsədxanası regiondakı tərəfdaşları yeni kampaniyaya qoşulmağa dəvət edir appeared first on EU NEIGHBOURS east.