
Aİ 1951-ci il “Qaçqınların statusuna dair” Konvensiyanın 75 illiyini qeyd edir

İyulun 28-də Avropa İttifaqı (Aİ) 1951-ci il “Qaçqınların statusuna dair” Konvensiyanın 75 illiyi münasibətilə bu sənədə, onun dəyər və prinsiplərinə sadiqliyini növbəti dəfə bəyan edib. Aİ qaçqınların müdafiəsinin həm quruma üzv və tərəfdaş ölkələrin qanunvericiliyində, həm də beynəlxalq hüquqda və səmərəli çoxtərəfli əməkdaşlıqda önəmli yer tutmağa davam edəcəyini vurğulayıb.
Avropa Komissiyası və Aİ-nin Ali nümayəndəsi Kaya Kallasın birgə bəyanatında qeyd olunur ki, Konvensiya ev-eşiyini tərk etməyə məcbur olan şəxslərin hüquqlarını və dövlətlərin onları müdafiə etmək öhdəliklərini müəyyən edərək qaçqınların qorunması üçün əsas hüquqi baza olaraq qalır.
“Silahlı münaqişələr nəticəsində yaranan məcburi köçkünlüyün qarşısını almaq, onu azaltmaq və mülki əhalinin müdafiəsini təmin etmək üçün beynəlxalq humanitar hüquqa əməl olunması kritik əhəmiyyət kəsb edir. Aİ zərərçəkmiş əhaliyə kömək və müdafiə göstərilməsində humanitar prinsiplərə uyğun fəaliyyət göstərən humanitar təşkilatların əvəzsiz rolunu da yüksək qiymətləndirir”.
Bu tarixi sənədin 75 illiyində Avropa İttifaqı “qlobal köçkünlük çağırışlarının həllində mühüm rol oynayan” BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinə (UNHCR) dəstəyini bir daha ifadə edib.
Sənəddə həmçinin bildirilir ki, Aİ-yə üzv dövlətlər qaçqın və köçkünlərin sığınacaqla təmin olunmasında, o cümlədən Rusiyanın təcavüzkar müharibəsi nəticəsində qaçqın düşən 4,4 milyondan çox ukraynalıya müvəqqəti müdafiə statusu verməklə böyük məsuliyyət öz üzərlərinə götürüblər.
Daha çox öyrənin
The post Aİ 1951-ci il “Qaçqınların statusuna dair” Konvensiyanın 75 illiyini qeyd edir appeared first on EU NEIGHBOURS east.