
Azərbaycanda “Avropa məktəbi” üçün iştirakçıların seçiminə başlanılıb

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi ölkənin regionlarından birində 2026-cı il iyulun 29-dan 31-dək keçiriləcək 9-cu “Avropa məktəbi” (EuroSchool) layihəsində iştirak üçün ərizə qəbulu elan edib.
İştirakçılar interaktiv təlim mühitində Aİ, onun tarixi, fundamental prinsipləri və dəyərləri, Şərq Tərəfdaşlığı təşəbbüsü, Aİ-Azərbaycan münasibətləri, o cümlədən enerji və ətraf mühit məsələləri, dezinformasiya və saxta xəbərlərlə mübarizə və digər mövzular barədə daha ətraflı məlumat əldə etmək imkanı qazanacaqlar.
Azərbaycandan olan “Gənc Avropa səfirlərinin” iştirakı ilə gəncləri maraqlandıran aktual mövzularda, o cümlədən Aİ və onun Avropadakı və Şərq Tərəfdaşlığı ölkələrindəki gənclərin həyatındakı rolu, region gəncləri üçün mövcud imkanlar, o cümlədən təhsil imkanları, habelə milli və regional gənclər təşkilatları barədə müzakirələr təşkil olunacaq.
Bundan əlavə, “EU NEIGHBOURS East” proqramının nümayəndələri iştirakçıları Aİ-yə üzv dövlətlərin və Azərbaycan da daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin gənclərini birləşdirən “Gənc Avropa səfirləri” şəbəkəsi ilə tanış edəcəklər.
Təlimlər İngilis dilində keçiriləcək. Aİ-nin Azərbaycandakı Nümayəndəliyi iştirakçıları Bakıdan tədbirin təşkil ediləcəyi rayona nəqliyyat vasitəsi, qidalanma və gecələmə (ikinəfərlik otaqlar) ilə təmin edəcək.
İştirakçılara sertifikatlar təqdim olunacaq və onlar “Gənc Avropa səfirləri” şəbəkəsinə üzv olmağa dəvət ediləcəklər.
Seçim meyarları:
- 18-25 yaş arası Azərbaycan vətəndaşları;
- Universitet tələbələri və ya məzunları;
- İngilis dilində sərbəst danışıq bacarığı;
- Beynəlxalq münasibətlər, Avropa İttifaqı, siyasi elmlər, beynəlxalq ticarət və ya enerji məsələlərində maraqlı olan şəxslər;
- Avropa məktəbində tam iştirak etmək imkanı olan şəxslər.
Maraqlananlar “Avropa məktəbi” layihəsinin müraciət formasını 28 iyun 2026-cı il, saat 23:59-dək (GMT+4) doldurmalıdırlar. Süni intellekt vasitəsilə doldurulmuş ərizə formaları diskvalifikasiya ediləcək.
Daha çox öyrənin
The post Azərbaycanda “Avropa məktəbi” üçün iştirakçıların seçiminə başlanılıb appeared first on EU NEIGHBOURS east.