Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Avropada Təhsil” sərgisini elan edir
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi böyük məmnuniyyətlə bildirir ki, “Avropada Təhsil” sərgisi 25-26 oktyabr tarixlərində Bakıda “Hilton” hotelində keçiriləcək. Sərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edəcək və potensial tələbələrə təhsil imkanları barədə məlumat veriləcək. Oktyabrın 25-i saat 12:00-da keçiriləcək açılış mərasimində Aİ-nin Azərbaycandakı səfiri, Aİ-yə üzv dövlətlərin səfirləri, eləcə də Təhsil və elm nazirinin müavini Həsən Həsənov iştirak edəcək.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Marijana Kujundziç bildirib: “Biz sizi Avropa İttifaqının ali təhsil dünyasına daxil olmağa dəvət edirik. Builki təhsil sərgisinin şüarı “Taleyini təhsil yazsın”dır. Bu, Avropa İttifaqının Azərbaycan gənclərini daha parlaq gələcək naminə dəstəkləmək məqsədini əks etdirir”.
“Avropada Təhsil” sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin geniş təhsil kampaniyası çərçivəsində keçirilir. Bu kontekstdə Aİ-Azərbaycan tərəfdaşlığı Aİ tərəfindən maliyyələşdirilən çoxtərəfli kurikulum və inkişaf layihələri vasitəsilə Avropa və Azərbaycan arasında əlaqələr yaratmağa imkan verir.
Tədbirin hər iki günündə təqdimatlar olacaq. Bu ödənişsiz məlumat sessiyalarında Avropa universitetləri təklif etdikləri təhsil proqramları barədə ətraflı məlumat verəcəklər. Həmçinin Gənc Avropa Səfirləri tərəfindən Aİ-nin dəstəklədiyi təhsil imkanları haqqında təqdimatlar olacaq.
“Avropada Təhsil” sərgisi 25–26 oktyabr tarixlərində, şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək “Hilton” otelində (Azadlıq prospekti 1B, Bakı 1000, Azərbaycan) keçiriləcək. Avropada təhsil almaqda maraqlı olan bütün tələbələr və gənc mütəxəssislər aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçməyə və tədbirə qatılmağa dəvət olunur. Education Fair 2025










