
“Park Cinema” kinoteatrında Latviya istehsalı olan “Mariyanın səssizliyi” filmi nümayiş olundu
Kinosevərlər 11 aprel cümə günü “Park Cinema” (Alov Qüllələri) kinoteatrında Latviya istehsalı olan “Mariyanın səssizliyi” bədii filmini izləmək imkanı əldə etdilər.
Tədbir Latviyanın Azərbaycandakı Səfirliyi tərəfindən Avropa İttifaqının Nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuşdur və 2025-ci il Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Güclü qadın, güclü cəmiyyət” kampaniyası çərçivəsində təşkil edilmiş sonuncu tədbir idi. Kampaniya çərçivəsində bir sıra tədbirlər təşkil olunmuş və sosial media üzərindən gender bərabərliyinin təşviqi və gender stereotipləri ilə bağlı məlumatlılığın artırılması məqsədilə fəaliyyətlər həyata keçirilmişdir. Yekun tədbir üçün seçilən “Mariyanın səssizliyi” filmi məşhur latviyalı aktrisa Mariya Leykonun real həyat hekayəsinə əsaslanır. Filmdə Stalin rejiminin yalanları ilə nəvəsinə olan dərin sevgisi arasında qalan Mariyanın daxili mübarizəsi təsvir olunur. Mariya sənətə və insan ləyaqətinə olan inamına sadiq qalmağa çalışır. Bu güclü dramatik film hakimiyyətlə üzləşməməyin həm şəxsi, həm də yaradıcılıq səviyyəsində doğurduğu dərin və ağrılı nəticələri əks etdirir. Latviyanın Azərbaycandakı səfirliyinin Missiya rəhbərinin müavini xanım İlze Landisanın açılış nitqindən sonra Avropa İttifaqı ölkələrinin səfirləri, media nümayəndələri və tələbələr də daxil olmaqla 100-dən çox iştirakçı filmi birgə izlədilər.




