Skip to main content

MÜƏLLİMƏNİN BAĞI

14/04/2025

Avropa İttifaqının bir neçə layihəsinin benefisiarı, “Citrus Valley” təsərrüfatının sahibəsi

        Rəftarə Şükürovanın fikrincə, bağ salmaqla müəllimlik bir-birinə çox bənzəyir…

– Mən uzun illər ibtidai sinif müəlliməsi işləmişəm. Balacalara əlifbanı, yazı-pozunu öyrətmək böyük səbir tələb edir. Adi bir hərfi düzgün yazmağı öyrətmək üçün müəllimdən nə qədər hövsələ tələb olunur. Məktəb də bağa bənzəyir, onun ağacları isə şagirdlərdir. Zəhmət çəkəndə ağaclar çiçək açır, bəhrə verir…

Sahibkarlığı seçəndə 32 illik müəllimlik təcrübəm mənə böyük dəstək oldu. Bağda əkilən hər fidan mənə şagirdlərimi xatırladırdı. Bilirdim ki, onların hamısının qayğısını çəkmək, üstündə əsmək lazım gələcək. Yoxsa nə çiçək açacaqlar, nə də bar verəcəklər.

Hər gün səhər el arasında “müəllimənin bağı” kimi tanınan “Citrus Valley”in qapısını açanda ömrümün ən xoş anlarını yaşayıram. Hər açan çiçəyə sevinirəm, bu möhtəşəm bağın təkrarsız gözəlliyindən aldığım zövq onu salmaq üçün çəkdiyimiz zəhmətin əziyyətini unutdurur.

Məktəblə bağı bir-birinə bənzədən bir cəhət də var. Məktəbdə şagirdlər şıltaq, ipə-sapa   yatmayan ola bilərlər. Bağda isə təbiət sürprizlər edir. Bu qış yağan qar o qədər güclü oldu ki, feyxoa ağaclarımızı qırıb tökdü. Təbiətin şıltaqlığına dözmək və səbr etmək lazım gəlir. Mən bunların öhdəsindən necə gəlirəm? Təkcə səbr, zəhmət kifayətdirmi? Məni güclü edən yaradıcı insan olmağımdır. Özümü tanıyandan ya şəkil çəkmişəm, ya da düyüdən portret işləmişəm. Uşaq vaxtı saatlarla dənizin şəklini çəkdiyimi xatırlayıram. Bir də gərək gördüyün işə inanasan. Uğurun rəhni inam, səbr, dözüm və inadkarlıqdır. Sahibkar olan həm də riskə getməyi bacarmalıdır, bunsuz nailliyyət əldə edə bilməzsən. Qorxdunsa, işi uduzacaqsan.

Məni güclü edən cəhətlərdən biri də, məncə, qadın olmağımdır. Qadın olmaq, əslində, asan deyil, çünki hansı işdə işləməyindən asılı olmayaraq, evin qayğısını da çəkməli olursan. Bir bağın sahibkarı olmaq isə daha çətindir. Çünki bu işin həm fiziki, həm də mənəvi yükü var. Fiziki yükü göz qabağındadır, mənəvi yükü isə səninlə işləyən insanlara görə yaşadığın məsuliyyət hissidir. Bu insanların əməyi layiqincə qiymətləndirilməlidir. Bizim təsərrüfatda işləyənlərin 90 faizi qadınlardır. Mövsüm müddətində onların sayı 40-a çatır. Ötən il 100 min butulka, bu il isə 200 min butulka kompot bağlamışıq.

Fermerliyə 16 il əvvəl başlamışam. Onda hələ müəllim işləyirdim, maşınımız yox idi.  Dərsdən sonra ya taksi, ya avtobusla sahəyə gəlirdim. Amma kimsəyə nə işlə məşğul olduğumu bildirmirdim. Fikirləşirdim ki, birdən ətrafdakılar məni düzgün anlamazlar, qadın xeylağıyam, rayonda tanınmış bir ailənin gəliniyəm. O zamanlar “Böyük dayaq” filmindəki sözlər qulaqlarımda tez-tez səslənirdi: “Qadınsan, sənin çöldə nə işin var?” Sonra məktəbdən çıxdım. Bağda işləməyimi yenə də heç kimə bildirmirdim. Hamı elə bilirdi ki, Bakıya köçmüşük. Beləcə ömrümün 10 ilini hamıdan gizlətdim. Yalnız 6 il əvvəl üzə çıxdım. İndi geriyə baxanda, o illərə təəssüflənirəm. Fikirləşirəm ki, daha çox bilik qazana, təlimlərdə iştirak edə, layihələrə qoşula, daha çox insanla tanış ola, ünsiyyət qura bilərdim. Axı mənim adımın mənası elə xoş rəftar, xoş ünsiyyət deməkdir. Düzdür, son illər Avropa İttifaqının “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” layihəsinə qoşulandan sonra ünsiyyətdən boluq. Avropa İttifaqının layihələrində iştirak mənim özümə inamımı artırdı. “Covid 19” pandemiyasından sonra Türkiyəyə layihə çərçivəsində səfəri indi də həyəcanla xatırlayıram. Biz İzmiri qarışbaqarış gəzdik. Gördüklərimiz bizə biznes planlarımızı qurmaqda çox dəstək oldu.

Avropa İttifaqının layihələrinə qoşulmağım, xüsusilə “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsi mənim dünyagörüşümü xeyli genişləndirdi. Bu layihə çərçivəsində iki dəfə xarici ölkədə təlim səfərlərində oldum. İlk səfərimiz İtaliyaya oldu. Bir həftə içində Lənkəran, Astara və Cəlilabaddan olan fermerlərlə Siciliyanı təpədən-dırnağa qədər gəzdik, aqroturizm məkanları ilə tanış olduq. Siciliyadan ən çox heyrət etdiyim müəssisə zərərli həşəratları yeyən böcəklərin yetişdirildiyi biofabrika oldu. Biz də belə bir biofabrika olsaydı, işimizə çox yarayardı. Portağal, zeytun və quşçuluq fabrikinin tullantılarından metan qazının istehsal olunduğu fabrik də çox maraqlı idi. Siciliyada öyrəndiklərimizdən biri də sitrus bitkilərinin hündürdən calaq olunması idi. Biz bir qayda olaraq, sitrus bitkilərini alçaqdan calaq edirik. Avropa İttifaqının layihələri bizə bacarıqlarımızın inkişaf etdirilməsində çox yardımçı olur. Siciliyadan gələndən sonra rayonda fermerlərlə böyük bir görüş təşkil etdik. Təcrübəmizi onlarla bölüşdük.

İkinci səfərimiz isə Xorvatiyaya oldu. Biz Zaqrebdə və Zadarda bir həftə ərzində emal müəssisələrində olduq. Alma, acı bibər, kök emalı və qablaşdırılması ilə tanış olduq. Xeyli təcrübə topladıq.

Avropada məni ən çox heyrətləndirən əməyin mexanikləşdirilməsidir. Elə buna görə də Avropa İttifaqı Lənkəran üçün layihəsinin növbəti addımı olaraq iki məsələyə diqqət vermək qərara alındı. Birincisi əməyin mexanikləşdirilməsi, ikincisi isə emal avadanlıqları. Bizim traktora və qoşqu avadanlıqlarına böyük ehtiyacımız var idi. Elə bu məqsədlə 100 min avroluq büdcə daxilində traktor və müvafiq qoşqu avadanlıqları – dərmansəpən, budaq doğrayan, torpaq yumşaldan və s. alınıb, bu ilin noyabr ayında bizə təqdim ediləcək.

Bu gün “Citrus Valley” Azərbaycanda kifayət qədər tanınır. Avropa İttifaqının dəstəyi ilə inşa etdiyimiz təndirxana və kafe “Citrus Valley”i turistlər üçün çox cəlbedici edib. Ötən il  turistlərimizin sayı 20 min olub. Bu il bu rəqəm daha çoxdur. İnanıram ki, Avropa İttifaqı ilə əməkdaşlığımız bundan sonra da davam edəcək və ən böyük arzum olan “Citrus Valley” brendini dünyaya tanıtmaqda bizə dəstək olacaq.