
Avropa İttifaqı “Yaşıl Gələcək 2025” müsabiqəsi
31 yanvar 2025-ci il tarixində Gənc Avropa Səfirləri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində Bakıda Aİ “Yaşıl Gələcək” şüarı altında Avropa Gənclər Müsabiqəsinin dördüncü buraxılışını təşkil etdilər. Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Planetimiz naminə” kampaniyası çərçivəsində həyata keçirildi.
Bu müsabiqə Azərbaycanın müxtəlif bölgələrindən olan orta məktəb şagirdlərindən universitet tələbələrinədək bir çox istedadlı gəncləri bir araya gətirdi. Müsabiqə dayanıqlılıq çağırışlarının həlli üçün innovativ biznes ideyalarının təqdim edilməsinə yönəlmiş, eyni zamanda komanda işini təşviq edərək biznes yönümlü düşüncə tərzinin və dayanıqlı fəaliyyətin formalaşmasına töhfə vermişdir.
Aİ-nin Azərbaycandakı səfiri, Zati-aliləri cənab Peter Michalko dedi: “Bərpa olunan enerji və yaşıl siyasət sahəsində qlobal lider olan Avropa İttifaqı Azərbaycan gənclərinin ideyalarını dəstəkləməyə xüsusi önəm verir. Bu gün gənclərdən öyrənmək və onların ətrafımızı əhatə edən real dayanıqlılıq çağırışlarına yönəlmiş dəyərli həll yollarını kəşf etmək bizim üçün böyük həyəcan doğurur. Mənim üçün tam aydındır ki, bu komandaların innovativ yanaşmaları Azərbaycanın və planetimizin gələcəyi üçün böyük ümid yaradır. Çəkdikləri zəhmətə və parlaq ideyalarına görə bütün komandalara təşəkkür edirəm”.
Aİ “Yaşıl Gələcək” müsabiqəsinə Ağdaş, Bakı, Xankəndi, İsmayıllı, Lənkəran və Şəmkirdən olan 512 nəfərin təmsil olunduğu 128 komanda qatılmışdır. Hər biri dörd üzvdən ibarət olan dörd komanda isə final mərhələsinə yüksəlmişdir.
Müsabiqənin münsiflər heyəti finalçıları qiymətləndirdi və qalib komandanı müəyyən etdi. Müsabiqənin sonunda “Times New Roman” komandası birinci, “Green Innovators” komandası ikinci, “Sustainable Synergy” komandası üçüncü, “Voyage” komandası isə dördüncü yerləri tutdular. Final mərhələsinə çatmış bütün iştirakçılar Aİ-nin səfiri tərəfindən sertifikat və hədiyyələrlə təltif edildilər.








