Azərbaycan Qızıl Aypara Cəmiyyəti Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində IFRC-nin 2-ci səviyyə “Nağd pul və çek yardımı (CVA)” təlimindən faydalanıb
22-25 Aprel 2024-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 4 günlük “Nağd Pul və Vauçer Yardımı Üzrə Özünü Dəyərləndirmə (NPVY)” təlimindən yararlanıb.
Təlim proqramında baş ofis əməkdaşları, AzQAC-ın regional mərkəz və bölmələrinin koordinator, sədr və könüllüləri iştirak ediblər.
NPVY Səviyyə 2 təliminin əsas məqsədi humanitar yardım imkanlarını nağd yardım köçürmələri sahəsində gücləndirmək olub. Belə ki, AzQAC-ın baş ofis, regional mərkəz və bölmə əməkdaş və könüllülərinin NPVY proqramının inkişafı və həyata keçirilməsinin əsas aspektləri üzrə ən mühüm bilik və bacarıqlarının artırılması, Qızıl Xaç və Qızıl Aypara Hərəkatının standart yanaşma, alət və mexanizmlərindən istifadə edilməsi aşılanmış, eləcə də, “NPVY-nin texniki və iqtisadi əsasları”, “Bazarın Qiymətləndirilməsi”, “İcmanın İştirakı və Hesabatlılıq”, “Maliyyə Xidməti Təminatçıları ilə Əməkdaşlıq”, “Paylama və Nağdlaşdırma” prosesləri praktiki tapşırıqlarla iştirakçılara təqdim edilib. Təlim modulları və ssenari Azərbaycan konteksinə uyğunlaşdırılaraq, effektivliyi təmin etmək və gələcəkdə yeni kadrların təlim ehtiyaclarına cavab vermək məqsədi ilə tənzimlənib. Təlim zamanı iştirakçılar ssenarilər əsasında hazırlanmış qrup işləri, tapşırıq və müzakirələrdə fəal iştirak ediblər.
“Öyrəndiklərimi real layihədə tətbiq etmək üçün səbirsizlənirəm. Başlanğıcda bu 4 günlük təlimin necə keçəcəyi maraqlı gəldi. Təlimin məzmunu çərçivəsində ölkəmizə uyğunlaşdırılmış fövqaladə vəziyyət ssenarisi, qrup işləri, fasilitator tərəfindən müxtəlif kontekstlərdən real nümunələr və NPVY-nin effektiv layihə dövrü təqdimatı ilə zamanın necə keçdiyinin fəqinə belə varmadan, çox şey öyrəndim.” – Xəyyam Məmmədov, AzQAC Füzuli rayon bölməsinin 15 illik könüllüsü.
Təlimin sonunda iştirakçılar NPVY Səviyyə 2 sertifikatları ilə təltif olunublar.