7 Vətəndaş Cəmiyyəti Təşkilatı Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində IFRC tərəfindən “Psixi Sağlamlıq və Psixososial Dəstək” təlimi aldı
23-24 Aprel 2024-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) 7 Vətəndaş Cəmiyyəti Təşkilatı (VCT) nümayəndəsi üçün “Psixi Sağlamlıq və Psixososial Dəstək (PSPSD)” təlimini təşkil edib.
Təlimin əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara (QXQA) Hərəkatının PSPSD yanaşmasına fokuslanaraq Vətəndaş Cəmiyyəti Təşkilatlarını humanitar kontekstdə bu sahə ilə tanış etmək olub.
Təlimin ilk günü PSPSD konseptinin ümumi izahı, QXQA Hərəkatının PSPSD piramidası, ilkin psixoloji yardıma (İPY) giriş, fokuslanmış psixososial dəstəyin özəllikləri, icma əsaslı müdaxilələr və travmaya məlumatlı yanaşma mövzularına həsr olunub.
Təlimin ikinci günündə daha çox psixoloji müdaxilələr müzakirə olunub. İkinci gün ərzində iştirakçılar psixososial və psixoloji müdaxilələr arası fərqi daha yaxşı başa düşüb axırıncıların kim tərəfindən və nə vaxt icra edilməsi haqda öyrəniblər. Əlavə olaraq, zərərçəkənlərə psixoloji dəstək zamanı istifadə edilə biləcək bir sıra elmi-sübutlu texnikalar nümayiş olunub.
Nəzəri məlumatlarla yanaşı, əldə edilən bilikləri yadda saxlamaq və bacarıqları tətbiq etmək üçün təlim zamanı praktik məşğələlər və qrup işləri icra edilib. Təlimin sonuna iştirakçılar sertifikatla təltif olunublar.