Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təqdimat keçirilib

03/11/2023

2 noyabr 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbərliyi və əməkdaşları üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış Kommunikasiya Strategiyasının təqdimatı keçirilib.

Kommunikasiya strategiyası kommunikasiya üzrə ekspert tərəfindən təqdim edilib və təqdimatda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 4 aidiyyəti əməkdaşı iştirak edib. Təqdimat cari vəziyyət, GZİT təhlili, kommunikasiya strategiyasının məqsədi, hədəf qruplar, maraqlı tərəflər üçün kommunikasiya mesajları və alətlər, fəaliyyət planı, monitorinq və qiymətləndirmə, kommunikasiya şöbəsinin strukturu haqqında məlumatları əhatə edib və tövsiyələrlə yekunlaşıb.  

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.