Skip to main content

Sosial sahibkarların korporativ satınalmalar sərgisi

11/10/2023

11 oktyabr 2023-cü il tarixində Education HUB Dəstəkçi sosial sahibkarlıq platforması ilə əməkdaşlıq çərçivəsində “Sosial sahibkarların korporativ satınalmalar sərgisi”ni həyata  keçirib.

Sərgi oktyabrın 10-dan 13-dək keçirilən “Azərbaycan dəyər günləri” silsilə tədbiri çərçivəsində baş tutub. “Azərbaycan dəyər günləri” tədbiri Avropa Vençur Filantropik Assosiasiyasının (EVPA) “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.

Sərgi iki istiqamətdə keçirilib. Rəsmi hissədə sərginin açılışı olub və dəvət olunmuş qonaqlar çıxış ediblər.

Açılış nitqi ilə Education HUB-ın Proqram Meneceri Gülnara İsmailova çıxış edib. O, çıxışı zamanı vurğulayıb: “ “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində həyata keçirilən “Azərbaycan dəyər günləri” ölkəmizdə bir ilkdir. Korporativ satınalmalar sərgisi də məhz silsilə tədbirlərdən biridir. Sərginin əsas məqsədi korporativlər və sosial sahibkarlar arasında əlaqələrin qurulmasıdır. “

Dəstəkçi sosial sahibkarlıq platformasının təsisçisi Etibar Xıdırov qeyd edib: “Keçən il ilk dəfə həyata keçirdiyimiz korporativ satınalmalar sərgisini bu il Education HUB ilə tərəfdaşlıqda daha böyük formatda təşkil edə bildik.”

Bakı KOB Evinin icraçı direktoru Yüksəl Mütəllimov çıxışı zamanı qeyd edib: “Bakı KOB Evi olaraq hər zaman sosial sahibkarlıq subyektlərinə dəstək göstərməyə hazırıq. Bu gün korporativ satınalmalar sərgisinin də məhz burada keçirilməsi təsadüf deyil.“

PAŞA Bankın Kommersiya bankçılığı departamentinin direktoru Heydər Süleymanov “PAŞA Bank olaraq korporativ əlaqələrin qurulması bizim üçün çox önəmlidir. Təsadüfi deyil ki, korporativ satınalmalar sərgisi də PAŞA Bankın maliyyə dəstəyi ilə həyata keçirilir.” çıxışı zamanı qeyd edib.

Davamlı İnkişaf Siyasəti üzrə müşavir Şəmsiyyə Mustafayeva ESG mövzusunda təqdimat ilə çıxış edib. O, çıxışı zamanı beynəlxalq təcrübədə təşkilatların, kororativlərin KSM-dən ESG-yə keçid etdiklərini vurğulayıb. Daha sonra iqtisadçı Samir Əliyev korproativ satınalmalar barədə digər ölkələrin təcrübəsini bölüşərək beynəlxalq təcrübədən nümunələr gətirib. Sosial sahibkar Ramtiq Əlizadə Lakeside Garden İsmayıllı aqroturizm subyekti haqqında məlumat verərək öz təcrübəsini bölüşüb.

Sonra forum qeyri-rəsmi hissə ilə davam edib. Bu hissədə sərgi hamı üçün açıq elan edilib, sosial sahibkarlar və aqroturizm müəssisələri korporativlərlə görüşmək imkanı əldə ediblər. Bundan əlavə, sosial sahibkarlar təlimçi Orxan Çobanzadə tərəfindən effektiv satış mövzusunda bacarıqların artırılması təlimində iştirak ediblər.

Ümumilikdə 30-dan çox sosial sahibkarlıq subyektləri və aqro turizm müəssisəsi öz ekoloji təmiz, innovativ və orqanik məhsullarını nümayiş etdirib. Sərgidə 500-ə yaxın ziyarətçi iştirak edib.

Sərgidə göstərdiyi dəstəyə və sıx əməkdaşlığa görə KOBİA və PAŞA Bank-a təşəkkür edirik.