Skip to main content

Peşə təhsili həyat dəyişir: kənddə başladı, indi isə dünyada tanınmaq istəyir

10/10/2023

İbrahim Gülalıyev Kürdəmirdəndir və uzun illər Böyükkəngərli kəndində çoban olaraq çalışıb. İndi isə bazarın tələbinə cavab verən yeni bacarıqlar öyrənməyə böyük həvəsi var. Ən vacib məqam məhz bu deyilmi?! Öyrənməyə həvəs varsa, hər şey #mümkündür!

Bəs İbrahim hazırda nə işlə məşğuldur və nələr öyrənir? İbrahim dual peşə təhsil proqramında iştirak edən tələbələrimizdən biri olaraq Azərbaycan Aşpazlar Gildiyasının dəstəyi ilə sahəsi üzrə təcrübəsini uğurla tamamlayıb. Dual peşə təhsil proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə icra etdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin dəstəyi ilə həyata keçirilir.

İbrahimi yaxından tanımazdan öncə sözügedən Dual Təhsil Proqramının nə olduğunu aydınlaşdıraq.

Dual təhsil proqramı tələbənin tədris ili boyunca peşə təhsil müəssisəsində nəzəri biliklərlə yanaşı, sahəsi üzrə aidiyyatı qabaqcıl şirkətlərdən birində praktiki bacarıqlar əldə etməsini təmin edən təhsil yanaşmasıdır. Proqram müddətində tələbələr təhsilin ilk bir ay müddətində peşə təhsil müəssisəsində təməl biliklər əldə edir. İkinci aydan etibarən isə həftənin 2 günü peşə təhsil müəssisəsində ixtisasları üzrə nəzəri biliklərə, 3 günü ərzində iş yerində praktiki bacarıqlara yiyələnirlər.

Beləliklə, İbrahim aşpaz olmağa qərar verdikdən sonra Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə müraciət edir və dual peşə təhsil proqramına qəbul olur.

İbrahimin peşə təhsil mərkəzində müəllimi olan Səbinə Məhərrəmova (fotoda sağdan birinci) danışır: “İbrahim ilk gündən məqsədyönlüdür. Peşəkar aşpaz olmaq üçün həqiqətən qərarlı idi və hər kəsdən öyrənməyə çalışırdı. Öz işini təkmilləşdirmək üçün daim səy göstərir və məsləhətləşirdi. Bugunkü uğur İbrahim özü başda olmaqla, hər kəsin uğurudur. Əməyimizin belə nəticəsini görmək bizi də çox fərəhləndirir. Qeyd etməliyəm ki, İbrahim peşə ilə bağlı ilk addımlarını bizim mərkəzdə atıb, lakin peşəkar aşpaz İlkin Əkbərzadə ilə tanışlığı və onun dəstəyi ilə daha da püxtələşib”.

İbrahim 9 aya yaxın müddətdə şəhərin tanınmış restoranlarından birində “Bakı Kulinariya Assosiasiyası və Azərbaycan Aşpazlar Gildiyası”nın sədri İlkin Əkbərzadənin yanında aşpazlığın sirlərinə yiyələnmə şansı əldə edir. İbrahimin mentoru olan İlkin bəy “İbrahim yeni bilgi və bacarıqları çox böyük həvəslə və sürətlə öyrənirdi. O, işə məsuliyyəti və peşəkar yanaşması ilə bizim gözləntiləri doğrultu və özünü müsbət tərəfdən tanıda bildi. Nəticədə, İbrahim təcrübə keçdiyi yerdə artıq rəsmi işə qəbul olub” qeyd edir.

“Aşpazlar Gildiyası olaraq biz həmişə gəncləri dəstəkləməyə çalışırıq, müxtəlif peşə təhsil mərkəzləri və layihələrlə işbirliyi edirik. İbrahim də “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi ilə birgə əldə etdiyimiz uğurlu nəticələrdən biridir” deyə o əlavə edir.

İbrahim, aşpaz olmaq arzusunu dual peşə təhsili ilə reallaşdırır və dərsdən kənar vaxtlarda da peşə bacarıqlarını təkmilləşdirməyə çalışır. Gülalıyev iş yerində yeni dostlar qazandığını, həmçinin onlardan da əlavə bilgilər öyrəndiyini qeyd edir. Bu dəyişikliklər onu yeni xəyallar və arzular üçün həvəsləndirir. Belə ki, o, növbəti addımlarını peşəkar şef olaraq müxtəlif ölkələrdə çalışmaqda görür.

Göründüyü kimi ənənəvi peşə təhsilindən fərqli olaraq, dual təhsil proqramında tələbələr əldə etdikləri nəzəri bilikləri sahələrinə uyğun özəl müəssisələrdə, real iş şəraitində praktiki olaraq tətbiq edə və peşəkarlaşa bilirlər. Bu proses təhsil ili boyunca davam edir. İş yerində öyrənmə müddətində tələbələr özlərini işəgötürənlərə tanıtma imkanı əldə edir və bunun nəticəsidir ki, təhsilin sonunda bir çox tələbə iş təklifi alır. Nəticədə, ölkədə peşə təhsilinin müasirləşdirilməsi istiqamətində atılan bu addımlar Azərbaycanın kefiyyətli təhsil (DİM 4), layiqli əmək və iqtisadi artım (DİM, 8) eləcə də bərabərsizliyin azaldılması (DİM 10) kimi bir sıra dayanıqlı inkişaf məqsədlərinə nail olmasına birbaşa töhfə verir.

Dual təhsil yanaşması yalnız tələbələrin iş tapa bilməsi, gələcək məşğulluğu üçün deyil, peşə təhsil mərkəzləri və özəl sektor şirkətləri üçün də yeni fürsətlər yaradır. Belə ki, bu yanaşma müəssisələrə öz gələcək işçilərini daha az xərclə və daha qısa müddətdə yetişdirmək, peşə təhsil mərkəzlərinə isə bazarın tələblərinə uyğun tədrisi təşkil etmək imkanı verir.

Ümumi olaraq, dual təhsil — peşə təhsilində səriştəli kadrların hazırlanmasındakı zaman və resursa qənaət edilməsinə kömək edir, səmərəli məşğulluğun artmasına yardım edir. Dual proqram, prosesə peşə təhsil istiqamətləri üzrə qabaqcıl işəgötürənləri cəlb edərək innovativ əməkdaşlıqların yaranmasına gətirib çıxarır və nəticədə, daha çevik və müasir iş prinsiplərini təşviq edərək iqtisadiyyata dəstək olur.

Hazırda “Gələcək üçün peşə təhsili” layihəsi Bakı, Cəlilabad, Gəncə, Şəki, və Lənkəran şəhərlərində çoxsaylı özəl sektor müəssisələri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bugünə qədər 573 tələbə (40% qadın, 60% kişi) turizm, pərakəndə satış, nəqliyyat, mebel istehsalı və media kimi müxtəlif sahələr üzrə təhsil alıb. Qeyd olunmalıdır ki, 70%-dən çox məzuna iş təklif edilib.

Ümumi statistikaya nəzər yetirsək, layihə çərçivəsində “Dual peşə təhsil proqramı” üzrə son iki tədris ilində toplam 32 şirkətlə əməkdaşlıq qurulub. 8 peşə təhsili müəssisəsindən 41, özəl sektor tərəfdən isə 126 mentor 24 fərqli ixtisas üzrə tələbələrin iş yerində öyrənməsi üçün prosesə cəlb edilib. Ümumilikdə 5 şəhər üzrə aparılan bu proqramda davamlı olaraq gənclərin öyrənmə və məşğulluq imkanlarına dəstək göstərilib.

Proqramın növbəti il üçün də davamı nəzərdə tutulur.

Siz də qısa müddətdə peşə bacarıqlarına yiyələnib iş tapmaq istəyirsinizsə, dual peşə təhsil proqramına müraciət edə bilərsiniz. #PeşəiləMümkündür

Sözügedən dual peşə təhsil proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin icra etdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.