“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təcrübə səfəri təşkil edilib
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəstək məqsədilə icra etdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 25-27 sentyabr 2023-cü il tarixlərində Niderlanda təcrübə səfəri təşkil edilib.
Təcrübə səfəri Keyfiyyət Təminatında Niderland təcrübəsi mövzusunda baş tutub və onun əsas məqsədi təhsilin bütün səviyyələrində akkreditasiya və keyfiyyət təminatı prosesləri, eləcə də Niderlandda xarici kvalifikasiyaların tanınması ilə bağlı ümumi məlumat əldə etmək olub.
3 günlük təcrübə səfəri zamanı iştirakçılar NVAO (Niderland və Flandriya Akkreditasiya Təşkilatı), Nuffic (Niderlandın təhsildə beynəlmiləlləşdirmə təşkilatı) ilə görüşlər keçirib və Haque Tətbiqi Elmlər Universitetinə səfər ediblər. Təcrübə səfəri Niderlandda keyfiyyət təminatı sistemi, xarici kvalifikasiyaların tanınması, NVAO-nun təşkilatçılığı və rolu, maraqlı tərəflərin cəlb edilməsi, o cümlədən idarəetmədə iştirak, proqram və institusional akkreditasiya, daxili keyfiyyət təminatı və onun təkmilləşdirilməsi, dinamika, iş prosesi və rəqəmsallaşma, məlumat idarəetmə sistemləri və NVAO-da tematik təhlilləri əhatə etmişdir. Təcrübə səfərinin iştirakçıları Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin dörd nümayəndəsindən ibarət heyət olub.
Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.