Skip to main content

Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, AzQAC və IFRC arasında niyyət sazişi imzalanıb

26/07/2023

26 İyul 2023-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovla və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Davron Muhəmədiyevlə görüşüb.

Görüşdə qonaqlara Böyük Qayıdışa dair Dövlət Proqramının icrası üzrə komitənin gördüyü işlər, məcburi köşkünlərin geri dönüşünün təşkili, bu istiqamətdə aparılan təbliğat-izahat və təşviqat işlərinin gedişi, köçürülmənin ilkin nəticələri barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlərin doğma yurdda təhlükəsizliyinin təmin edilməsi və rahat yaşayışı üçün zəruri şərait yaradılır. Diqqətə çatdırılıb ki, Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yeni salınan və bərpa edilən yaşayış məntəqələrinə indiyədək 236 ailə, 1023 nəfər köçürülüb. Məcburi köçkünlər arasında keçirilən sorğular zamanı onların mütləq əksəriyyəti doğma torpaqlara qayıtmaq istyətini ifadə edib.

Dövlət Komitəsinin sədri beynəlxalq təşkilatların, o cümlədən IFRC-nin ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı humanitar problemlərin həllinə dəstəyini yüksək dəyərləndirib, Böyük Qayıdış prosesində də bu dəstəyin davam etdirilməsi niyyətinin dərin razılıq hissi doğurduğunu bildirib, AzQAC-la uzunmüddətli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

AzQAC prezidenti Novruz Aslanov rəhbərlik etdiyi qurumun, ölkəmizin ən böyük qeyri-hökumət təşkilatı kimi,  qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsinə daim dəstək verməsini özünün ən vacib fəaliyyət istiqaməti saydığını, uzun müddət didərginlik mərhumiyyəti yaşayan insanların humanitar ehtiyaclarının qarşılanmasında fəal iştirak etdiyini, indi Böyük Qayıdışın başlandığı bir vaxta da  öz üzərinə düşən vəsifələri layiqincə yerinə yetirməyə çalışdığını diqqətə çatdırıb.

IFRC-nin Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Davron Mühəmədiyev səmimi qəbula görə təşəkkürünü bildirib, ölkəmizdə öz mandantına uyğun olaraq həyata keçirdiyi fəaliyyətin əsas istiqamətləri, işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı görə biləcəyi tədbirlər, həmçinin yeni situasiyada Dövlət Komitəsi ilə əməkdaşlıq imkanları barədə fikirlərini çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dəstək göstərilməsi məqsədilə təşkilatlar, o cümlədən vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlığın təşkilinə dair Niyyət sazişi imzalanıb.