Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlimlər keçirilmişdir

22/05/2023

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəstək məqsədilə icra etdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 15 və 17 may 2023-cü il tarixlərində “Peşə Təhsili Müəssisələrinin Pilot Akkreditasiyası” mövzusunda təlimlər keçirilib.

Hər iki təlim beynəlxalq ekspert Dr. Akim Hopbax tərəfindən keçirilib. Təlimlərin iştirakçıları Peşə Təhsili üzrə Dövlət Agentliyi, peşə təhsili müəssisələrinin nümayəndələri (3 müəssisədən 6 nümayəndə) və akkreditasiya üzrə ekspertlər (peşə təhsili və təlimi sahəsində 9 ekspert) olub. Təlimlərdə peşə təhsili müəssisələrinin akkreditasiyası, akkreditasiyanın meyar və prosedurları, yerində qiymətləndirmə, özünütəhlil və akkreditasiya hesabatının hazırlanması müzakirə olunub.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.